“Koronovirus pandemiyası dünya miqyasında bəşəriyyətin həyat tərzini əsaslı şəkildə dəyişdirdi və bu proses davam etməkdədir. Bu istər insanların həyat tərzinə, istər fəaliyyət, iş rejminə təsirsiz ötüşmədi. Artıq leksikona onlayn iş rejmi, distant ünsiyyət, distant işgüzar əlaqələr, hibrid iş rejmi (oflayn,onlayn) kimi anlayışlar daxil olaraq ümumişlək məna kəsb etməyə başlayıb”.
Bu fikirləri onlayn iş rejimi barədə Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev deyib.
“Bu gün artıq dünyanın bir çox ölkələri onlayn və ya hibrid iş rejmlərinə keçid prosesini yaşayırlar. Belə keçid obyektiv zərurətdən, praqmatik məqsədlərdən qaynaqlanır. Məsələn, Azərbaycanda da Nazirlər Kabineti COP29 tədbirinin iştirakçı tutumunu nəzərə alaraq, bəlli bir dövr üçün onlayn və hibrid iş rejminə keçidi nəzərdə tutan qərar verib. Hansı ki, sözügedən qərar dövlət orqanlarında çalışan əməkdaşların 70%-nin onlayn, distant iş rejmində çalışmasını nəzərdə tutur.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda iş saatları AZALDILIR? – VİDEO
Analoji proses digər ölkələrdə də gedir. İKT və rəqəmsal cəmiyyətin verdiyi imkanlardan istifadə edərək öz məsrəflərini nəzərə alan şirkətlər, dövlət müəssisələri onlayn, hibrid və oflayn rejmlər arasında seçim edirlər”.
Müsahibimiz onlayn iş rejiminin üstünlüklərinin və çatışmazlıqlarının olduğunu qeyd edib:
“Onlayn rejimə keçidin hüquqi tənzimlənmə mexanizmi işlənməli, beynəlxalq hüquqi əsasları yaradılmalıdır. Məsələn, bir ölkədə yaşayıb digər ölkədə onlayn işləyən şəxsin hansı ölkənin qaydaları ilə vergi ödəməsi məsələsi həllini tapmalıdır və s. Eyni zamanda, belə iş rejmlərində menecerlər liderlik və işçilərin gözləntiləri ilə bağlı məsələlərdə çətinlik qarşısında qalırlar.
Onlayn iş normalarının tam mənzərəsinin aydın olmaması və iş mühiti ilə bağlı suallar da yeni rejimlərə keçidi çətinləşdirən faktorlardandır. Onlayn iş rejmində iclas sayının çoxluğu, yoruculuğu məsələsi bu prosesi ləngidən amillərdəndir.
Amma proses geridönməzdir.
Çünki bu qlobal dünyanın çağrışıdır və kəpənək effekti ilə bütün dünyaya yayılacaq. Odur ki, hər bir ölkə kordinasiyalı şəkildə bu qlobal setə qoşulmaq üçün resurslar hazırlamalı və səfərbər olunmalıdır. Artıq iş elanlarında onlayn və hibrid iş elanlarda ciddi artım özünü göstərir. Deməli, bu yeni iş rejmlərindən faydalananlar var və əksəriyyəti Z nəslinin nümayəndələridir. Onlayn iş rejiminin üstünlükləri də var. İşçi vaxt və əlavə itkilərdən sığortalanır. Şirkət isə ofis, internet, kommunal və digər xərclərdən azad olur”.
Surxay Atakişiyev, Bizim.Media