Azərbaycanda insanların əksəriyyəti ərzağa daha çox pul xərclədiklərini iddia edirlər. Ərzağa pul xərcləməkdən sosial məşğuliyyətlərə, istirahətə pul qalmadığını deyənlər də çoxluq təşkil edir. Kimisi düşünür ki, ərzaq əsas ehtiyac olduğu üçün ona çox pul xərcləmək normaldır, kimisi də bunun səbəbini ərzaqların bahalığında görür.
Statistik göstəricilər
İqtisadçı-ekspert Eyyub Kərimli Bizim.Media-ya açıqlamasında Azərbaycanda insanların gəlirlərinin çoxunun ərzağa xərclədiyini təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
Əhali ötən ay geyimə nə qədər pul xərcləyib?
“Cari ilin 6 ayında Azərbaycanda insanların gəlirlərinin 50,6 faizi ərzağa xərclənib. Gəlirlərinin digər hissəsinin 12-13 faizi geyimə, 5 faizi avtomobil xidmətlərinə, 2 faizi isə dərman vasitələrinə xərclənib. Bu baxımdan əlbəttə ki, bizdə istehlak zənbilinin dəyəri daha çoxdur. insanların qazancının yarısı ərzağa gedir və insanlar digər xərclərinə daha az vəsait xərcləməli olurlar.
İstirahət xərcləri, digər mənəvi-mədəni xərclər, təhsil xərcləri də var. Bu baxımdan sözsüz ki, bəzən insanlar digər istiqamətlərə yetərincə xərclər ayıra bilmirlər. Çünki ən ümdə istehlak xərcləri yeməklə bağlıdır”.
“Əməkhaqqı artırılmalıdır...”
Eyyub Kərimli bildirir ki, insanların gəlirləri çoxaldıqca xərcləri də çoxalır. Ona görə də, bu vəziyyət balanslaşdırılmalıdır:
“Amma hər halda minimum əməkhaqqının artırılması tərəfdarıyam. Beynəlxalq təcrübəyə baxanda insanların gəlirlərinin 20-30 faizi ərzağa xərclənir. Azərbaycanda isə insanların qazancının yarısı ərzaq vasitələrinə xərclənir. Bu da onu deməyə əsas verir ki, bizdə insanların gəlirləri daha da artmalıdır”.
Nuray, Bizim.Media