Xəbər verildiyi kimi, Bərdə rayon sakini, 2020-ci il təvəllüdlü Əli Bayramov valideynləri tərəfindən evdə vurulan iynədən sonra ölüb. Azyaşlının ailəsi hadisəyə səbəb kimi həkim səhlənkarlığını göstərib. Lakin rəsmi qurumlar bu məsələdə valideynləri günahkar çıxarıblar.
Ümumilikdə, ölkəmizdə bu cür hallara tez-tez rast gəlinir. Yəni, həkim səhlənkarlığı ucbatından həyatını itirən xəstələrin sayı heç də az deyil. Ancaq hansısa həkimin səhlənkarlığa görə cəzalandırılması halı barmaqla sayılacaq qədər azdır.
MÖVZU İLƏ BAĞLI:
531 körpə ÖLÜMÜ - Uşaqlar hansı səbəblərə görə ölü doğulur?
Bəs niyə həkimlər hər zaman məsuliyyətdən qurtulmağı bacarırlar?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, həkim səhlənkarlığına görə insanların həyatını və yaxud sağlamlığını itirməsinin çox şahidi olmuşuq:
“Belə hallarla rastlaşan insanlar təbii ki, bir çox hallarda məhkəməyə müraciət edirlər. Lakin onların müraciətləri əsasən nəticəsiz qalır. Çünki məhkəmənin obyektiv qərar çıxartması üçün mütəxəssis rəyi lazımdır. Məhz bu rəydə göstərilməlidir ki, hadisə həkim səhlənkarlığı ucbatından baş verib.
Doğrudur, müəyyən ekspertizalar keçirilir. Lakin belə ekspertizaları Səhiyyə Nazirliyinə tabe olan müəssisə keçirir. Doğrudur, bizdə özəl ekspertiza müəssisələri yaradılıb. Ancaq səhiyyə üzrə ixtisaslaşmış özəl ekspertiza müəssisəsi yoxdur. Bu da onunla bağlıdır ki, ekspertiza müəssisəsi çox vəsait tələb edən bir qurumdur. Ona görə də sahibkarlar bu məsələyə investisiya yatırmırlar”.
“Özəl ekspertizaların rəyini məhkəmələr qəbul etmir”
Müsahibimiz bu sahəyə marağın az olmasının əsas səbəbini özəl ekspertiza müəssisələrin rəyinin məhkəmələr və hətta bəzi dövlət orqanları tərəfindən qəbul edilməməsində görür:
“Bildiyimiz kimi, məhkəmələr daha çox Səhiyyə Nazirliyinin ekspertiza idarəsinin rəyinə inanırlar. Bundan əlavə, özəl ekspertiza müəssisəsi yaratmaq üçün Səhiyyə Nazirliyindən lisenziya almaq lazım gəlir. Belə olan təqdirdə də özəl ekspertiza idarələri dolayısı ilə Səhiyyə Nazirliyindən asılı qalırlar. Belə vəziyyətdə isə özəl ekspertiza idarəsi Səhiyyə Nazirliyinin hansısa müəssisəsi tərəfindən verilmiş ilkin rəyi təkzib edən rəy verməkdən çəkinir. Ona görə də bu və digər səbəbdən də insanların alternativ ekspertiza xidmətindən istifadə imkanları yoxdur.
Səhiyyə Nazirliyinin tabeçiliyində olan ekspertiza idarəsi də Nazirliyin digər qurumun verdiyi rəyi təkzib etmir, əksinə təsdiqləyir. Ona görə də məhkəmələr də Nazirliyin müvafiq qurumlarının verdiyi rəyi əsas hesab edirlər. Bu rəylərsə bir qayda olaraq xəstənin yox, həkimin və xəstəxananın maraqlarına xidmət edir”.
“Özəl ekspertiza mərkəzləri yaradılarsa...”
Müsahibimiz bu məsələnin yaxın zamanda həll olunacağına ümidin az olduğunu da qeyd edib:
“Ən pisi də odur ki, yaxın gələcəkdə də özəl və müstəqil ekspertiza müəssisəsinin olması ehtimalı yoxdur. Nə qədər ki, müstəqil ekspertiza müəssisəsi yoxdur, bir o qədər də həkim səhlənkarlığından ölənlər, ziyan görənlər olacaq. Nəticədə, hər zaman həkimlər haqlı çıxacaq. Çünki ekspertiza edən də, şikayət olunan da eyni quruma tabedir. Belə vəziyyətdə isə ekspertiza idarəsi heç zaman xəstənin və yaxud məhrumun yaxınlarının hüquqlarını müdafiə etməyəcək.
Nə Səhiyyə Nazirliyi, nə də ki, TƏBİB maraqlı deyil ki, onun tabeliyində olan müəssisə və yaxud həkim ifşa olunsun. Ən pisi də odur ki, nə qədər ki, müstəqil ekspertiza idarəsi yoxdur, bir o qədər də vəziyyət belə davam edəcək. Yaxşı olardı ki, müstəqil ekspertiza idarəsinin yaranmasına və təşəkkül tapmasına hökumət yardım etsin, məhkəmələr də özəl müəssisələrin verdiyi rəyi qəbul eləsin.
Buna qədərsə elə etmək olar ki, iddiaçı tərəf sübut üçün xarici ölkələrdə ekspertiza etdirə bilsin. Məhkəmə də həmin rəyi qəbul etsin. Sonda isə iddia qəbul ediləcəyi təqdirdə ekspertiza üçün çəkilən xərc xəstəxanadan və yaxud həkimdən məhkəmə qaydasında alınsın, iddiaçıya ödənilsin”.
Surxay Atakişiyev, Bizim.Media