Qərb mərkəzlərinin COP29 və Milli Məclis seçkiləri ərəfəsində təxribat kampaniyaları keçirməyə hazırlaşdıqları barədə məlumat vermişdik.
Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycanda qeyri-sabitlik yaratmaq, COP29 və Milli Məclis seçkilərini pozmaq üçün bütün imkanlarını səfərbər ediblər. Düzdür, Azərbaycan üzrə bənzər kampaniyalar sistemli şəkildə həmişə keçirilib. Son 30 ildə ölkəmiz üçün əlamətdar olan hər bir proses Qərbə bağlı “QHT-KİV şəbəkələri”, “siyasi birliklər” tərəfindən hədəfə alınıb, ədalətsiz kampaniyalara məruz qalıb. Amma indi hazırlanan kampaniyanın məqsədləri bir qədər fərqlidir, hədəfləri daha genişdir.
“Şəbəkə” indi yalnız Bakıda keçiriləcək COP29 tədbirini və Milli Məclis seçkilərini gözdən salmaqla kifayətlənmək istəmir. Əsas hədəf Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş və yeni status-kvo yaratmış Azərbaycanın güclənməsinin qarşısını almaqdır. Bunun davamı olaraq, Cənubi Qafqazı istisnasız olaraq Qərbin siyasətinə alət etmək, qüvvələr balansını öz xeyirlərinə dəyişmək, yekunda regionu Rusiya ilə Qərb arasında qarşıdurmanın meydanına çevirmək istəyirlər.
Bu planın içində Azərbaycanın maraqları ilə uzlaşmayan məqamlar mövcuddur. Qərbin “Cənubi Qafqazı fəth etmək” planı Ermənistanın yenidən dirçəldilməsi konsepsiyasının üzərində qurulub. Azərbaycanı zəiflətmək, Ermənistana qarşı təsir imkanlarını azaltmaq, beləliklə, ermənilərin Qarabağa qayıtmasına və həmin ərazilərdə Ermənistanın nəzarətinə imkan verən mexanizmlər qurmaq niyyətləri var. Bu niyyətlərini gerçəkləşdirməklə, Azərbaycanı Zəngəzur dəhlizi, Qərbi Azərbaycan konsepsiyasından imtinaya məcbur etmək istəyirlər. Planın davamında Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində Bakının mövqeyini “neytrallaşdırmaq” gözləntiləri də var.
“Təxribat şəbəkəsi”nin indiki hədəfləri
Azərbaycan Qərbin bu planını ilkin mərhələdə poza bilib. Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Qərbin də dəstək verdiyi 200 illik plan, yəni Cənubi Qafqazda “ikinci erməni dövləti yaratmaq” konsepsiyası darmadağın edilib. 44 günlük müharibədən sonra nəinki Azərbaycanda, ümumilikdə Cənubi Qafqaz regionunda tamamilə yeni reallıqlar yaranıb. Azərbaycan bütün güc mərkəzləri ilə münasibətlər quraraq Cənubi Qafqazda əsas söz sahibinə çevrilib, regionun Rusiya ilə Qərb arasında növbəti savaş meydanına çevrilməsinə imkan verməyib. Azərbaycan regionun yeni münaqişəyə cəlb olunmasının qarşısını alır, kənar qüvvələrin bölgədə möhkəmlənmək üçün hazırladığı planları pozur.
Amma Qərb bu reallıqları həzm edə bilmir. Azərbaycana qarşı təzyiqləri artırmaqla, reallığı dəyişməyə çalışır. Qərbdə Azərbaycana qarşı hazırlanan indiki təxribat kampaniyası bütün bu elemetləri özündə əks etdirir.
Təəssüf ki, daxildəki ənənəvi “müxalifət və vətəndaş cəmiyyəti” nümayəndələri də Qərbdən yönələn bu təzyiqlərdə alətə çevrilirlər.
Koordinator funksiyası həvalə edilən Elman Fəttah kimdir?
Dünən Azərbaycan KİV-ləri məlumat yaydılar ki, Qərb mərkəzləri Azərbaycanda təxribatlar törətmək üçün hazırladıqları şəbəkənin dislokasiya ünvanını və maliyyə kanallarını yeniləyirlər. Uzun illər ərzində Gürcüstan üzərindən koordinasiya edilmiş “təxribat infrastrukturu” dağılmaq ərəfəsində olduğu üçün, Qərb öz şəbəkələrinin ünvanını dəyişir. İndi koordinasiya işi Çexiyada qurulub. Dağıdıcı aksiyalara hazırlıq yönündə təlim və treninqlər isə Balkanlarda - Bosniya və Herseqovina ərazisində təşkil edilir.
Hazırda Balkan ölkələrində azərbaycanlı gənclərdən ibarət xüsusi təxribat qruplarının hazırlandığı barədə məlumatlar gəlir. Onlara təlimlər keçirilir və müəyyən dövrdən sonra Azərbaycana transfer edilmələri istiqamətində iş aparılır. İlk aksiyaların COP29 tədbirləri dönəminə təsadüf edəcəyi gözlənilir (//qafqazinfo.az/news/detail/cexiya-bosniya-ve-herseqovina-qerbin-azerbaycandaki-sebekesinin-yeni-unvani-444581).
Məlumatda o da vurğulanır ki, gənclərdən ibarət olan qrupların formalaşdırılması və şəbəkənin maliyyə təminatı üçün koordinasiyadici şəxslər müəyyənləşdirilib. Bu şəxslərdən biri də Elman Fəttahdır. O, III Respublika Platformasının yaradıcılarındandır. Yəqin ki, əksəriyyət III Respublika Platformasının mahiyyəti barədə məlumatlıdırlar.
Platforma 2023-cü ilin noyabr ayında, yəni, növbədənkənar Prezident seçkisinin elan edilməsindən dərhal sonra yaradılmışdı. ABŞ-dən, konkret olaraq, USAİD rəhbəri Samanta Pouerdən gələn sifariş əsasında qurulmuş platformanın məqsədi 7 fevrala təyin edilmiş seçki ərəfəsində təxribat aksiyaları törətmək idi. “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanovun koordinatorluğu ilə yaradılmış bu platforma müəyyən təxribatlar törətsə də, Azərbaycan hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində tezliklə zərərsizləşdirilə bildi. Bu barədə Azərbaycan KİV-lərinin dərc etdikləri “7 fevral gününün təxribat xronologiyası” adlı məqalədə təfsilatlı bilgilər verilib (//apa.az/sosial/abs-ni-meyus-eden-secki-texnoloqlari-819541). Sadəcə onu vurğulayaq ki, həmin təxribatların araşdırılması nəticəsində “III Respublika Platforması” ətrafında “Abzas Media”, “Toplum TV” və digərlərindən ibarət geniş şəbəkə formalaşdırıldığı, seçki təxribatlarına ciddi hazırlıq görüldüyü müəyyən olunmuşdu. Elman Fəttah da bu qrupda təmsil olunub. III Respublika Platformasının 7 nəfərlik qurucu heyət üzvlərindən biri idi.
“Radikal müxalifət”lə Ruben Vardanyan arasında koordinasiya yaradılır
Amma burada başqa bir nüans da mövcuddur. Məsələ ondadır ki, Elman Fəttah həm də Arif Hacılı dönəmində Müsavat Partiyasının başqan yardımçısı olub. Ehtimallar yaranır ki, o, həm də Müsavat Partiyası ilə III Respublika Platforması arasında əlaqələndirici şəxs funksiyasını yerinə yetirib. Platforma ilə “radikal müxalifət” partiyalarının işini əlaqələndirib daha böyük həcmli işlər görmək niyyəti daşıyıb. Amma şəbəkə ətrafında başladılan araşdırmalar planı pozub.
Son günlərdə bu ehtimalları qüvvətləndirən yeni məlumatlar üzə çıxıb. Azərbaycan KİV-ləri ötən həftə bu yöndə yeni bir xəbər yayıblar. Məlum olub ki, Avropa İttifaqının Bakıdakı ofisi “radikal müxalifət” partiyalarının təmsilçiləri ilə görüşərək, onların yenidən aktivləşdirilməsi, yarımçıq qalmış işlərini davam etdirmələri yollarını müzakirə edib. Azərbaycanda yeni təxribatlar törədilməsi üçün planlar qurulub (//qafqazinfo.az/news/detail/ai-nin-ofisinde-muxalifetle-gorus-ne-danisiblar-444326).
Həmin görüşə qatılmış AXCP və Müsavat üzvləri tərəfindən faktı təkzib edəcək ciddi arqumentlərin səsləndirilməməsi şübhələri artırır. Bu azmış kimi, Aİ-nin Bakıdakı ofisində müxalifəti təmsil edən şəxslərlə görüşlərin davam etdirildiyi barədə xəbərlər gəlməkdədir. Paralel olaraq, AXCP, Müsavat nümayəndələrinin xaricdə də emissarlarla görüşlər keçirməsi haqda məlumatlar yayılır.
Yayılan məlumatlar arasında o da vurğulanır ki, indi hazırlanan təxribat planı geniş əhatəli olduğu kimi, həm də daha hiyləgərdir. Bu prosesə daxildəki ənənəvi “müxalifətçilər və vətəndaş cəmiyyəti” nümayəndələri, xaricdən isə Ruben Vardanyanın ailəsi və oğlu tərəfindən qurulan şəbəkə cəlb edilib. Bəzi mərhələlərdə bu iki qrupun fəaliyyətinin koordinasiya olunduğu qeyd edilir. Nəzərə alaq ki, USAİD rəhbəri Samanta Pouer ermənilərin və şəxsən Ruben Vardanyanın yaxın dostudur. Vardanyanın həbs edilib Bakıya gətirildiyi ilk gündən etibarən Pouer işə qarışıb, onun azadlığa buraxılması üçün rəsmi Bakıya qarşı təzyiqləri artırmağa çalışıb. İstədiyini əldə etmədikdə, yeni variantlar düşünüb.
Qeyd etmək zəruridir ki, USAİD həm də müxalif cəbhəyə daxil olan “KİV və QHT”-lərin əsas donoru, qrant verənidir. Məlumata əsasən, “COP 29 tədbirləri ərəfəsində Azərbaycandakı erməni əsirlərin azad olunması” kampaniyasına start verilməsi üçün “qrant layihələri” ayrılıb. Bu kampaniya Azərbaycan içində ələ alınmış dəstələr tərəfindən də dəstəklənəcək.
Təxribat planının yeni bir istiqaməti
Amma Qərb mərkəzlərinin təxribat planlarını icra edəcək kontingentin siyahısı təkcə müxalifət partiyaları, QHT və KİV-lərlə bitmir. Bu xətt başqa bir istiqamətdə də davam etdirilir. Keçmiş diplomatlardan ibarət qiyamçı qrup formalaşdırılır. Qərb ölkələrində PKK və FETO ilə əməkdaşlıq etdiyi təsdiqlənən keçmiş azərbaycanlı diplomat Emin İbrahimov bu yaxınlarda həbs edildi. Diplomatın istintaq işi müəyyən xətlərə aydınlıq gətirir. Onun çevrəsi, şübhəli əlaqələri üzə çıxır. Artıq müəyyən olunub ki, XİN-də müxtəlif əlaqələri davam etdirilib.
Aydın görünür ki, Azərbaycan üzrə hazırlanmış yeni təxribat planı çoxşaxəlidir. Müxtəlif komponentləri əhatə edir və daha geniş hədəflərə köklənir.
Bizim.Media