“İslama görə yas evində yemək bişməz” - İlahiyyatçıdan israfçılığa ETİRAZ

“İslama görə yas evində yemək bişməz” - İlahiyyatçıdan israfçılığa ETİRAZ

Hazırda oxunan: “İslama görə yas evində yemək bişməz” - İlahiyyatçıdan israfçılığa ETİRAZ

206934

Azərbaycanda yaslar da toylar qədər dəbdədbəli təşkil olunur. Ölən şəxsin yaxınları, ailə üzvləri ağrı-acılarını unutmaq əvəzinə yeni problemlərin, yas çadırının qurulması, ehsanın hazırlanması və bu kimi işlərin həlli ilə məşğul olurlar. 

Həmçinin, ölkədə müsəlman adətlərinə görə, yas məclisləri bir neçə dəfə keçirilir. Yəni dəfnin təşkilindən sonra üç, yeddi, qırx mərasimin keçirilməsi, həmçinin cümə axşamlarının verilməsi də bura daxildir. Hər dəfə də süfrəyə təkcə çay, limon, halva yox, hər cür meyvə və yeməklər düzülür.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə toyda kütləvi ZƏHƏRLƏNMƏ: 40 nəfər…


Təbii ki, bu həm yenicə yasa batmış, bəlkə də ailənin yeganə gəlir gətirən şəxsini itirmiş ailənin büdcəsinə zərbədir, həm də israfçılığa yol açır. 

Azərbaycanda bir neçə il öncə yasların təmtəraqlı keçirilməsi məhdudlaşdırılmışdı. Yalnız çay süfrəsinə icazə verilirdi. Lakin bu qaydaya az riayət edildi. Hazırda yenə də yaslar yuxarıda sadalanan bütün günlər daxil olmaqla ya yas çadırlarında, ya mərasim evlərində, yaxud da evlərdə təşkil olunur. 

İsrafçılığın aradan qaldırılması və ehsanın yığışdırılması üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, yas zamanı ehsan vacib deyil:

“Bunun adı ehsan olsa da əslində ehsan deyil. Çünki ehsan pulsuz olur. Lakin bizdə camaat gəlib bozbaşdan, halvadan yeyib üstündən də bir siqaret yandırır, çıxanda da yediyinin pulunu dəftərə yazdırıb gedir.

Bu, kafedə nahar etmək kimi bir şeydir. Lakin əslində İslam dininə görə yas evində yemək bişməz, ora camaat yemək, ərzaq aparmalıdır. İndi varlılar edir, kasıblar da onlardan geri qalmamaq üçün borc və ya sələmə pul götürüb dana kəsirlər, məşəqqətə düşürlər. Bu nə dinə, nə də ənənəmizə uyğundur. Yas yerində camaat oturub yemək gözləyir, hələ yemək az olanda da gileylənirlər. İlk növbədə bunu yası idarə edən din xadimləri deməlidir.

Onlar da ona görə demirlər ki, özləri qarnını bərkidirlər. Əgər din xadimi onların əksinə təbliğat aparsa, hədəfə tuş gələ bilər. Bizdə yas-ehsan mafiyası fəaliyyət göstərir. Ölü maşınları, yas üçün avadanlıq, ölünün yuyulması üçün pul yığımı, nəzir, hər masanın xüsusi məbləğdə qiyməti olan mərasim evləri və s. var. Bunları himayə edən, gəlir götürən dairələr var. Əgər onlar bunu yığışdırmasa fərdi təbliğatla heç nə hasil olmaz”.

İlahiyyatçı hesab edir ki, bunun ləğvi bəzi şəxslərə sərf eləmir:

“İslam dinində 7, 40, 52, il, cümə axşamı deyilən yas məclisi yoxdur. Bunu istismarçı ruhani təbəqəsi qazanc mənbəyi olaraq din adına sırıyıb. İndi də əsasən din pərdəsi altında o məclisləri xurafatçılıq təbliğatı üçün istifadə edirlər. Peyğəmbər vəfat edəndə bəyəm ona 7, 40 veriblər? Bəyəm halva bişirib dəftər qoyublar? Gülünclükdür bunlar... Bu adətlər ermənilərdən, farslardan keçib. Bu cür pis adətlərin, ehsan adı ilə qonaqlıq verməyin ləğv edilməsi üçün ehsan mafiyasının manapoliyası nəzarətə götürülməlidir. Əvvəlcə gərək ölkənin dindarlarını təmsil edənlər özləri buna əməl etsinlər”. 

İlahiyyatçı əlavə edib ki, hər kəndin, qəsəbənin icra nümayəndəsi, bələdiyyəsi maarifləndirmə aparmalıdır:

“Din xadimləri hər kənddə, hər qəsəbədə elan etməlidir, təbliğat aparmalıdır ki, əgər israfçılıq etsəniz gəlib yasınızı idarə etməyəcəyik, çünki bu ölü üçün də, diri üçün də günahdır. Yoxsa ayda bir dəfə məni kimi ilahiyyatçıların müsahibə verməsi ilə bu işə əncam olmaz. Bu, iynə ilə gor qazmaq kimi bir şeydir. İndiki yaslarda bircə içki çatmır, yəqin bir azdan o da olacaq. Dünyanın heç bir ölkəsində belə görməmişlik, belə acgözlük yoxdur. Sanki yığışıb ölünün ətini yeyirlər”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO