"Bakı Metropoliteni" QSC-nin tikinti departamentində çalışan işçilər aylarıdır ki, işsiz qalıb.
Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, metroda tikinti işlərinin başa çatması ilə əlaqədar departamentdə çalışan 50-dən çox əməkdaş aylardır öz hesablarına məzuniyyətə göndərilib.
Həmin işçilər aylardır əmək haqqından məhrum edilib və bu da onların ailələrində ciddi sosial problemlər yaradıb. Metropoliten əməkdaşlarına nə vaxt işə çıxacaqları ilə bağlı heç bir məlumat verilmir.
Məsələ ilə bağlı "Bakı Metropoliteni"ndən sorğumuza cavab olaraq bildirilib ki, hazırda metropolitendə əsaslı tikinti seqmentinə dövlət büdcəsindən təyinatlı vəsait qoyuluşu üzrə maliyyələşmədə mövcud olan durum nəticəsində tikinti işlərinin həcminin kəskin azalması, tikinti sahəsində çalışan işçilərin istismar sahələrində olan vakansiyalar nəzərə alınmaqla istismar xidmətlərindəki işlərə müvəqqəti təhkim edilməsi və ya bu sahədə işlə təmin edilməsi istiqamətində işlər həyata keçirilir.
Bu zaman işçinin peşəsi, çalışdığı sahənin xüsusiyyətləri, vakansiya üzrə uyğunluğu, həmçinin işçinin razılığı və aidiyyəti üzrə digər zəruri məsələlər nəzərə alınır:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamına əsasən Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu yaradılmış "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti özündə həm sərnişindaşıma fəaliyyətini, həm də metro tikintisi seqmentini ehtiva edən dövlətin strateji əhəmiyyət kəsb edən təsərrüfat subyektidir.
Azərbaycan Respublikası Prezidentinin sözügedən sərəncamından sonra hər iki qurumun hüquq varisliyini daşıyan "Bakı Metropoliteni” QSC-də sərnişindaşıma və metro tikintisi sahələri üzrə müxtəlif maliyyə mənbələrindən maliyyələşən fərqli əmək haqqı sistemi tətbiq edilir.
Məlumat üçün bildiririk ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti zərərlə işləyən və zərərin qarşılanması üçün dövlət büdcəsindən subsidiya şəklində maliyyə yardımı alan və səhmləri 100% dövlətə məxsus olan qapalı səhmdar cəmiyyətdir.
Mürəkkəb, eyni zamanda çoxprofilli metro infrastrukturu şəbəkəsi kompleksinin müasir tələblər çərçivəsində yenidən qurulması, müasir tələblərə və beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun qurmaqla, səhmləri 100% dövlətə məxsus olan hüquqi şəxs olaraq təsərrüfat fəaliyyətində maliyyə, əmək və əməkhaqqı sistemi üzrə xidmət intizamının gücləndirilməsinə, dövlət büdcəsindən ayrılan təyinatlı maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadəyə xüsusi önəm verir.
Bu əsasda, ilk növbədə, qeyd olunmalıdır ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin kadr siyasətinin ana xəttini təhlükəsiz, etibarlı və iqtisadi cəhətdən effektiv fəaliyyət üçün məhdud maliyyə daxilolmaları çərçivəsində optimal sayda personalın formalaşdırılması təşkil edir.
"Bakı Metropoliteni” QSC-nin əsaslı tikinti sahəsində çalışan işçilərinin əməkhaqları yerinə yetirilən işin nəticələri ilə birbaşa bağlı olduğundan, həmin sektorda çalışan işçilərin işə cəlb edilməsi və əmək haqlarının ödənilməsində iş həcmlərinin yerinə yetirilməsi əsas götürülür.
İşçilərin işə cəlb edilməsi və əmək haqlarının ödənilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbləri, İşəgötürənlə Metropoliten İşçiləri Həmkarlar İttifaqı arasında bağlanmış Kollektiv müqavilənin müddəaları nəzərə alınmaqla təmin edilir".
Qeyd edək ki, müvafiq departamentin rəisi Məzahir Nəbiyevdir. Onun rəhbərliyi altında işçilər 4 istiqamətdə fəaliyyət göstərirlər. Bunlar Tunel və Ümumi Tikinti işləri üzrə Dəstə, Xüsusi və Ümumi Tikinti işləri üzrə Dəstə, Xüsusi Tamamlama İşləri Dəstəsi və Dəmir Yolunun və Əsaslı Təmir İşləri üzə Dəstəsidir.
Bizim.Media