“Camal çox vətənpərvər şəxs idi. Ona orduya getmə deyəndə, demişdi ki, bu cür yaşaya bilmərəm. Gedib düşməndən qisasımızı almalıyıq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri bu gün Laçında dəfn olunan şəhid Camal Quliyevin yaxın sirdaşı olmuş Pənah Quliyev jurnalistlərə açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Birinci Qarabağ müharibəsi şəhidi Laçında torpağa tapşırıldı – FOTO
O, şəhidin anasının yaşadığı ağrılı günlərdən də söz açıb:
"Camal mənim bibim oğludur. Həm də atalarımız əmioğludur. Camal çox vətənpərvər şəxs idi. Biraz da inadkarlığı var idi. Öz dediyindən dönən deyildi. Nənələrimiz ona orduya getmə deyəndə, demişdi ki, bu cür yaşaya bilmərəm. Gedib düşməndən qisasımızı almalıyıq. Ölüm xəbərini aldıqdan sonra, həm də məlum oldu ki, döyüş yoldaşları onu Xudafərin qəbirstanlığında dəfn edib.
Qısa müddət sonra Xudafərin də düşmən işğalına məruz qalmışdı. Anası ayaqyalın həmin Xudafərinə yaxın ərazilərdə balasının fəryadını edirdi. Bayatılarla övlad dərdini dilə gətirirdi.
Dövlətimiz var olsun, Prezidentimiz sağ olsun, 44 günlük müharibədən sonra torpaqlar alındı. Biz onu bura, Vətənə gətirdik. Bu işdə əziyyəti olan hər kəsə öz minnətdarlığımızı bildiririk. Şəhidinə bu qədər önəm verən dövlət heç vaxt darda qalmayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin!"
Qeyd edək ki, şəhid Camal Quliyev ailə üzvlərinin xahiş ilə Laçında dəfn olunub. Şəhidin yaxın qohumları onlara göstərilən xüsusi diqqət və qayğıya görə, ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Bizim.Media, Qarabağ bürosu