Bir neçə gün əvvəl universitetlərə qəbul imtahanının cavabları açıqlanıb. İmtahan zamanı az bal toplayan bəzi abituriyentlər valideynlərinin reaksiyasından qorxurlar. Bu qorxu abituriyentləri ailələrinə yalan danışmağa, evdən qaçmağa, hətta bəzən intihara qədər apara bilir.
Bəs görəsən valideynlər bu mövzuda özladlarına hansı həssaslıqla yanaşmalıdırlar ?
Mövzu ilə bağlı psixoloq Fidan Nizamova Bizim.Media-ya açıqlamasında bildirib ki, uşağa imtahandan kəsilməyi fəlakət kimi təqdim etmək qəti şəkildə olmaz:
“Valideynlər anlamalıdırlar ki, uşaqlar nə qədər stresli, həyəcanlı olsalar, o qədər pis nəticə göstərəcəklər. Əgər uşağın kifayət qədər biliyi və mənəvi hazırlığı varsa, onda onsuz da yaxşı nəticə göstərəcək. Ona aşırı təzyiq göstərərək, məsuliyyət yükləyərək, qorxudaraq yaxşı nəticə gözləmək olmaz. Bu əks effekt verir.
Bəzən valideynlər uşağın şəxsən özünə heç nə demirlər, amma onu qohumların, tanışların yanında müzakirə edirlər. “Bütün ümidlərimiz onadır. Biz filan qədər pul xərclədik. Bu qədər zaman ayırdıq. İnşallah yaxşı nəticə göstərər” və s. kimi manipulyativ cümlələri özünə deməsələr belə, bir növ övladlarına eşitdirirlər. Bunu bəzən bilərəkdən, bəzən bilməyərəkdən edirlər.
Amma bu çox yanlış bir hərəkətdir.
Uşağın məsuliyyət hiss eləməsi gözəl bir şeydir. Lakin həddən artıq yüklənmək və övladında “Mən imtahanı keçməsəm, valideynlərim məni öldürər” fikri formalaşdırmaq çox pis hadisələrlə nəticələnə bilər. Valideynlər universitetə qəbul ola bilməyən övladları ilə normal şəkildə doğru istiqamətdə söhbət etməli, lazım olduqda mütəxəssisə müraciət etməlidirlər ki, abituriyentlər gələn il üçün də qəbul imtahanlarında rahat şəkildə iştirak edə bilsinlər. Əgər abituriyent bu il universitetə qəbul ola bilməyibsə, bəlkə də belə məsləhətidir. Məsələyə bir də bu tərəfdən baxmaq lazımdır”.
“Valideynlər bilməlidirlər ki...”
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, bu kimi hadisələrin əsas səbəblərindən biri orta təhsil müəssisələrində tədrisin zəif təşkilidir:
"Təbii ki bu kimi hadisələrin bir neçə səbəbi var. İntiharlar ali təhsil müəssisələrində keçirilən qəbul imtahanların nəticələri ilə bilavasitə bağlıdır. Amma burda ən mühüm amil tədrisdir. Çox təəssüf ki, orta təhsil müəssisələrində tədrisin təşkilindəki zəiflik, eyni zamanda orta məktəbdəki şagirdlərlə individual qaydada psixoloji işin aparılmaması yekun nəticədə bu problemlərə gətirib çıxarır.
Burada valideynlərlə də bağlı xüsusi danışmaq lazımdır. Təəssüflər olsun ki, valideynlər arasında maarifləndirmə işlərinin aşağı səviyyədə aparılması da yekunda valideynlərin məhz uşaqlara fiziki və psixoloji basqısı ilə nəticələnir və bu yekunda uşaqların intihar etməsinə gətirib çıxarır. Bu mövzularda valideyn və şagirdlərlə mütəmadi görüşlər təşkil olunmalı və maarifləndirici söhbətlər edilməlidir. Biz valideynlərə izah etməliyik ki, ali təhsil müəssisələrinə qəbulla proses bitmir.
Valideynlərin bilməli olduğu bir şey də var ki, əgər övladları qəbul imtahanında yetərli bal toplamayıbsa, onlar on birinci sinif nəticələrinə görə kolleclərə, daha sonra isə yeni qaydalara əsasən kollec məzunları olaraq birbaşa ali məktəblərə qəbul ola bilərlər. Əgər orta ixtisaslı təhsil müəssisələrinə qəbul olmasalar, peşə təhsili müəssisələrinə qəbul ola bilərlər. Yaxud da xarici ölkələrə qəbul olub, təhsil almaq mümkündür”.
Çiçək Sadatova, Bizim.Media