Nigar Arpadarai: Milli Məclisə seçkilərin yeganə

Nigar Arpadarai: Milli Məclisə seçkilərin yeganə "yaşıl" namizədi - FOTO

Hazırda oxunan: Nigar Arpadarai: Milli Məclisə seçkilərin yeganə "yaşıl" namizədi - FOTO

202739

Son onilliklərdə beynəlxalq ictimaiyyət yaşıl dünyaya doğru transformasiya mərhələsini yaşamaqdadır. İndi bütün dünyada ekoloji çağırışların aktuallığı heç vaxt olmadığı qədər artıb. Çünki dünya qlobal istiləşmə bəlası ilə üz-üzədir və vaxtında zəruri tədbirlər görülməsə, beynəlxalq ictimaiyyət daha ağır nəticələrə qatlanmalı olacaq. Buna görə də yaşıl dünyaya keçid aktuallığını artırır və bütün ölkələr bu məqsədə çatmaq üçün öz imkanlarını səfərbər ediblər. 

Bizim.Media sfera.az-a istinadən xəbər verir ki, yaşıl düşüncə sadəcə ekoloji, yaxud iqtisadi məsələlərdə önə çıxmır, o, həm də siyasi məsələlərdə, siyasi proseslərdə əsas istinadlardan birinə çevrilib. Bununla bağlıdır ki, müasir dünyada yaşıl baxış siyasətçilərin də əsas prioritetlərindəndir. Siyasətdə bu prinsiplərə daha tez-tez və daha çox istinadlar olur. Yaşıllar hərəkatı, yaşıllar ittifaqı son dövrlərdə siyasi təşkilatların, siyasət adamlarının qabartdığı başlıca mövzulardandır.   


Oxşar proseslər Azərbaycanda da tədricən güclənir. Həm Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikdən irəli gələrək, həm də qlobal səviyyədə baş verən dəyişikliklərə uyğun olaraq yaşıl baxış ön plana çıxır. 

Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Hökumətin bu istiqamətdə atdığı addımlar göz önündədir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaqdır. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.


İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.


Bu tədbirlərin davamı kimi Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Ölkəmizdə görülən bu tədbirlərə beynəlxalq ictimaiyyətin də münasibəti yüksəkdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.


Qlobal çağırışa, eləcə də Azərbaycan dövlətinin bu məsələlərə yanaşma prinsipinə uyğun olaraq, yaşıl baxış sadəcə ekologiya, sənaye, enerji, tikinti sektorunda deyil, həmçinin siyasətdə də ön plana çıxmalıdır, görünməlidir. Yaşıl siyasəti dəstəkləyən ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri siyasi proseslərdə aktiv olmalıdırlar. Amma təəssüflər olsun ki, biz bunu Azərbaycanda hələ görə bilmirik. Qarşıdan gələn parlament seçkilərində də oxşar vəziyyət var. Belə bir mərhələdə gözləmək olardı ki, parlament seçkilərində namizədlər arasında yaşıl bloku, yaşıllar hərəkatını təmsil edən, yaşıl siyasi xətti müdafiə edən şəxslərə də rast gəlinəcək. Ən azı 10 belə namizədin olacağına ümid etmək olardı. Amma bu baş vermədi.

 
Parlamentə keçirilən seçkilərə qatılacaq namizədlər arasında yaşıl hərəkatı yalnız Nigar Arpadari təmsil edəcək. Arpadari  7 saylı Səbail seçki dairəsindən namizəd olacağını açıqlayıb. 

N.Arpadari COP29-un iqlim üzrə yüksək səviyyəli çempionudur və o, yaşıl hərəkatın aktiv iştirakçılarından biridir. 


Belə çıxır ki, N.Arpadari də namizəd olmasaydı, bu “kitabı” tamamən bağlamaq olardı. Yaxşı ki, o, namizəd oldu və bizim dünyaya göstərməyə bir eko namizədimiz var.

N.Arpadari də namizəd olmasaydı, nə edəcəkdik?

Beynəlxalq ictimaiyyətə kimləri göstərəcəkdik? Haradadır eko fəal namizədlər? Hanı dünyada tanınan eko təşkilatlarımızın liderləri? Niyə bu yaşıllar hərəkatı siyasi proseslərdə yalnız bir namizədlə təmsil olunmalıdır? 

Yaşıllar hərəkatını təmsil edən şəxslərin passivliyi təəssüfləndirici haldır. Xüsusən də önəmli bir keçid mərhələsini yaşadığımız indiki dövrdə... Azərbaycan 2024-cü ildə COP-29 tədbirinə ev sahibliyi edəcək, yaşıl dünya ilə həmrəylik nümayiş etdirəcək. Dövlətimizin 2030-cu ilə qədər müəyyənləşdirdiyi əsas hədəflərdən biri məhz Yaşıl Azərbaycana keçid olacaq. 


Belə bir vəziyyətdə Azərbaycanda seçkilərdə yaşıllar hərəkatının nümayəndələrini, ekoloqları daha fəal görmək arzulanırdı. Lakin reallıq budur ki, bu baş vermədi və yaşıllar hərəkatının yeganə namizədi COP çempionu N.Arpadarai oldu. N.Arpadaraiyə əvvəlki seçkidə olduğu kimi, bu seçkidə də uğur qazanmasını arzulayırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO