Ölkədə hazırda alça, gilas və albalının qiyməti mövsümünə görə bahadır. Paytaxtda bəzi mağazlarda gilasın kilosu 6-10, alçanın kiloqramı 6-8 manat arasında dəyişir. Elə yerlər var ki, təxminən eyni keyfiyyətdə olan alça və gilas alıcılara daha ucuz qiymətə təklif olunur.
Paytaxtın bəzi metro stansiyalarının çıxışında səyyar şəkildə satışı təşkil edilən gilasın kiloqramı 1 manat 50 qəpiyə təqdim olunur. Bəzi metro stansiyaların çıxışında isə ikiqat, üçqat baha satılır.
Ekspertlər mövsümü meyvələrin baha olmasını yaz aylarında bölgələrdə havanın qeyri-sabit keçməsi ilə əlaqələndirirlər. Yəni arasıkəsilməz yağışlar meyvələrin çiçəklərini çürüdüb, dolu meyvələri zədələdiyi üçün qıtlıq yaranıb. Bu məhsulun baha qiymətinə haqq versə də amma eyni şəhərdə müxtəlif ərazilərdə qiymətlər arasındakı bu fərq insanları narazı salır.
Bəs buna səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, qiyməti bazar tənzimləməlidir.
O, bunun müxtəlif səbəblərdən qaynaqlandığını deyib:
“Gilas qıtlığı var. Gilasa qiymət qoymaq, maya dəyərini hesablamaq bir qədər çətin məsələdir. Yaz aylarında davamlı əsən külək, dolu gilasın məhsuldarlığına ciddi təsir göstərdi. Yağış və dolu onları zədələyib, zədəli olanları bir az ucuz qiymətə satırlar, zədəli olmayanları baha verirlər. Bəziləri vaxtından tez, yəni kal vaxtı yığıb gətirib bir az ucuz satır. Yəni bu keyfiyyət dəyişiklikləri qiymətə təsir edir.
Qiymətə təsir edən digər amil isə məkandır.
Çox təəssüf ki, Azərbaycanda qiymətə ən çox təsir edən məkan məsələsidir. Satıcının hansı məkanda qarşısına gilas qoyub satdığı, oranı neçəyə icarəyə götürməsi, orada satışla məşğul olmaq üçün çıxan xərcləri əsas faktordur”.
İqtisadçı paytaxtda fermerlərin öz məhsullarını açıq şəkildə satması üçün yerlərin müəyyən olunmasını təklif edib:
“Çox təəssüflər olsun ki, Bakı şəhərində elə ərazilər yaratmayıblar ki, fermerlər gəlib, özləri öz məhsullarını satsınlar. Təklif edərdim ki, metro stansiyaların çıxışlarında rəflər düzəltsinlər, həmin rəflərdən istifadə etməklə fermerlər öz məhsullarını satsınlar. Belə olsa, bəlkə də qiymətlər indikindən iki dəfə ucuz olar.
1990-cı illərdə belə şeylər mümkün idi. Məsələn, soğan mövsümündə soğan, qarpız, nar mövsümündə mövsümü meyvələri gətirib satırdılar. Bakıda meyvə-tərəvəzlə dolu maşın daxil olursa, onun hardasa dayanıb satması qeyri-mümkündür.
Fermerlərin yetişdirdikləri məhsulları gətirib şəhər əhalisinə təqdim etməsi üçün şərait yaradılmalıdır. Amma burada bir qrup adam fermerlərdən ucuz, 50 qəpiyə alır, burada gətirib 5 manata satır. Hökumət bunu həll eləməlidir, fermerlərin bazarlara əli çatmalı, malını satmaq üçün ona şərait yaradılmalıdır. Hamı üçün müxtəlif ərazilərdə açıq bir yer yaradılsa, bu məsələ asanlıqla həll olunar”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:00 / 27.06.2024
Alça, gilas və albalı mövsümünə görə niyə BAHADIR? – SƏBƏBLƏR
Hazırda oxunan: Alça, gilas və albalı mövsümünə görə niyə BAHADIR? – SƏBƏBLƏR
Hazırda oxunan: Alça, gilas və albalı mövsümünə görə niyə BAHADIR? – SƏBƏBLƏR
199328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.