Taksi sayının azalması tıxaclara SON QOYACAQ?

Taksi sayının azalması tıxaclara SON QOYACAQ?

Hazırda oxunan: Taksi sayının azalması tıxaclara SON QOYACAQ?

197764

İyulun 1-də taksilərlə yeni qaydalar qüvvəyə minəcək. Lakin bir neçə gündür ki, taksi fəaliyyətində dəyişikliklər müşahidə olunur.  Ən birincisi, daşımaların qiyməti kəskin artıb. Əvvəllər 2-3 manata gedilən yol üçün indi 5-6 manata, pik saatlarda isə daha baha qiymətə gedilir. Qiymət artımı azmış kimi ciddi taksi qıtlığı yaranıb. Adi saatlarda sifarişlər 10-15 dəqiqəyə, pik saatlarında isə hətta 30 dəqiqəyədək sifariş icra olunur. 

Digər tərəfdən, taksilərin çoxluğunun tıxaclara səbəb olması ilə bağlı fikirlər də kifayət qədər çox idi. Lakin son günlərdə taksilərin sayının kəskin azalması müşahidə olunsa da, tıxaclar olduğu kimi qalmaqdadır. 

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, paytaxtda taksi parkının yenilənməsinə ehtiyac var:

“Amma bunun həllinə birtərəfli və inzibati qaydada nail olmaq mümkün deyil. Bu məsələ həm də sosial məsələdir. Fikir verin, taksi fəaliyyəti ilə kimlər məşğul olur? Daha çox müvəqqəti işsiz adamlar. Ona görə də bu məsələyə bu aspektdən yanaşmaq lazımdır ki, taksi fəaliyyəti kimlərinsə müvəqqəti dolanışıq yeridir. Deyirlər ki, Bakıda 70 min taksi var və bu, tıxaclara səbəb olur. Amma zəruri tələbat 20 mindir. Maraqlıdır bu statistika haradan götürülüb? 

Əminliklə deyə bilərəm ki, paytaxtda taksi fəaliyyəti ilə məşğul olanların sayı 100 mindən artıqdır. Amma bir məsələ var ki, həmin şəxslərin ən azı 50 faizi davamlı taksi fəaliyyəti ilə məşğul olmur. Sirr deyil ki, paytaxtda və şəhərətrafında ictimai nəqliyyat əlçatan olmadığı üçün əksəriyyət “manatlıq taksi”lərdən istifadə edir”. 

Bəs, “manatlıq” taksilər?

Müsahibimiz qeyd edib ki, “manatlıq taksi”lərin sürücüləri əsasən şəhərətrafında və yaxud yaxın ərazilərdə yaşayıb, Bakıda işləyən şəxslərdir: 

“Onlar səhər işə, axşam evə gedəndə yolüstü 1 manata sərnişin götürür. Bununla da gündəlik yanacaq pulunu çıxardır. Amma paytaxtda davamlı taksi xidməti göstərənlər deyildiyindən çox azdır. Məsələn, ötən həftə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata görə, hələki taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 3 mindən bir qədər artıqdır. Bu minvalla iyulun 1-ə ən yaxşı halda 10 min sürücü AYNA-dan icazə kağızı alacaq. Bəs, onda rəsmilərin dediyi 20 min taksi ehtiyacı necə ödəniləcək?”

Akif Nəsirlinin sözlərinə görə, taksi parkının yenilənməsi dünya praktikasında var: 

“Şirkətlərə və vətəndaşlara nisbətən yeni avtomobillər almaq üçün imkanlar yaradılır. Amma bizdə bunların heç biri olmadı. Və hamı oturub iyulun 1-ni gözləyir. Bu tarixdən AYNA başlayacaq reydlərə, qanunsuz taksi fəaliyyəti ilə məşğul olanların ovuna çıxacaq. Üstəlik, bu tarixədək gedişhaqqı xeyli bahalaşacaq”.

Ekspert ictimai nəqliyyatdakı problemlərə də diqqət çəkib: 

“Taksi probleminin həlli ictimai nəqliyyatın əlçatanlığından keçir. Təəssüf ki, paytaxtda bu sahədə də problemlər var. Marşruta nəzərdə tutulduğundan az avtobus çıxarılır, avtobuslarınsa çoxu müasir tələblərə cavab vermir. Hazırda, nəinki şəhərətrafı, elə şəhərin mərkəzində işləyən avtobusların çoxunda isitmə-soyutma sistemi yoxdur. 

İctimai nəqliyyatdakı problemləri həll etmədən taksilərin üstünə getmək doğru deyil. Heç kim pulundan bezməyib. Taksidən rahatlıqdan daha çox mənzil başına daha tez çatmaq üçün istifadə edilir. Ona görə də ictimai nəqliyyatda problemlər aradan qaldırılmalıdır. Belə olan təqdirdə, çoxları taksidən könüllü imtina edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO