Xəzərin səviyyəsi yenidən YÜKSƏLƏCƏK – BU TARİXDƏN 

Xəzərin səviyyəsi yenidən YÜKSƏLƏCƏK – BU TARİXDƏN 

Hazırda oxunan: Xəzərin səviyyəsi yenidən YÜKSƏLƏCƏK – BU TARİXDƏN 

195683

“Xəzər dənizinin səviyyəsi bir qayda olaraq yüksəlir və düşür. Nəzərə alaq ki, son 100 ildə dənizdə 3 dəfə qalxma və enmə baş verib. 1930-1977-ci illərdə Xəzərin səviyyəsi 3 metr aşağı düşüb. 1977-1995-ci illərdə isə Xəzərdə suyun səviyyəsi 2,5 metr yüksəlib. 1996-cı ildən başlayaraq bu günə qədər Xəzərin səviyyəsi 2 metrə yaxın aşağı düşüb. Bu Xəzərin öz xüsusiyyətidir. Buna biz dövri hadisə deyirik”. 

Bunu Bizim.Media-ya Xəzər dənizində suyun azalması il bağlı danışan Elm və Təhsil Nazirliyi yanında Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər şöbəsinin müdiri, professor Əmir Əliyev deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xəzər dənizi iki metrdən çox dayazlaşıb - 30 il ərzində


O bildirib ki, Xəzərdə 200-250 illik dövrilik var:

“Bu müddətdə də Xəzərin qalxması və enməsi müşahidə olunur. Məsələn, 1805-ci ildə Xəzərdə suyun səviyyəsi ən yüksək həddə olub. Ötən 220 ildə dənizin səviyyəsi tədricən düşüb. Bu enmə prosesinin 2050-ci ilə qədər davam edəcəyi proqnozlaşdırılır. Bu tarixdən sonra Xəzərdə suyun səviyyəsi yenidən yüksələcək. 

Bu prosessə təxminən 200-250 il davam edəcək. Bu da iqlim dəyişikliyi ilə bağlı məsələdir. Təsadüfi deyil ki, Xəzəri Avropa iqliminin indiqatoru adlandırırlar. Yəni Avropanın iqlimində hansı dəyişikliklər baş verirsə, bu ilk növbədə Xəzərin simasında özünü göstərir”.

Professor Xəzərin səviyyəsini müəyyən edən amillərdən biri kimi ona gələn su balansını göstərib:

“Məlumdur ki, Xəzərə gələn suyun 80 faizini çay suları təşkil edir. Çay sularının da 80-85 faizi Volqa çayının payına düşür. Digər çayların-Ural, Terek, Kür və o birilərinin payı çox azdır. Nəzərə alaq ki, son illər Volqa çayında sululuq 30 faiz aşağı düşüb. Volqada suyun azalması səbəbilə də Xəzərdə səviyyə aşağı düşüb. 

Ümumilkdə isə bu proseslər atmosferdəki sirkulyasiyalarla bağlıdır. Yəni siklonlar və antisiklonlar. Əgər siklonlar Qərbdən gəlirsə, onda Volqaboyu ərazilərdə sululuq kəskin artır. Əgər antisiklonlar Şərq istiqamətindən gəlirsə, onda quru hava gəlir. Bu da quraqlığa səbəb olur. Elm aləminin son 4 min il üzrə apardığı müşahidələrdən aydın olur ki, Xəzər dənizində bu cür dövri proseslər baş verir”.

Əmir Əliyev qeyd edib ki, Xəzər geri çəkildikcə dənizin dibindəki torpaq sahələri üzə çıxır:

“Bu ərazilərdən istifadə etmək mümkündür. Amma həmin ərazilərdə fundamental layihələr, tikinti işləri aparmaq olmaz. Məsələn, Sumqayıtda dənizin səviyyəsinin düşdüyü ərazilərdə böyük yaşayış massivi salınır. Bundan əlavə, dəniz boyu qurumuş sahillərdə otel və istirahət kompleksləri tikirlər. Bu doğru deyil. Yaxın gələcəkdə Xəzərdə suyun səviyyəsi qalxanda həmin ərazilər su altında qalacaq. 
Yada salaq ki, ötən əsrin ortalarında Lənkəranda dəniz sahilində salınmış bir neçə massiv 80-ci illərdə Xəzərin səviyyəsinin qalxması nəticəsində su altında qaldı. Bu yenə təkrarlanacaq. Ona görə də suyun azalması səbəbilə quru sahillərdə fundamental tikinti aparmaq qətiyyən olmaz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO