Tibbi Ərazi Bölmələrinin İdarəetmə Bilriyinin (TƏBİB) səlahiyyətləri artırılandan sonra səhiyyə sistemində aparılan bəzi islahatlar ictimaiyyətdə birmənalı qarşılanmır. Bəziləri bunu təqdirəlayiq addım kimi qiymətləndirir, bəziləri isə xəstəxana rəhbərləri ilə bağlı yerdəyişmənin səhiyyə sistemində hansısa müsbət nəticə verməyəcəyini düşünür. Son bir həftədə 4 xəstəxana rəhbərliyində kadr dəyişikliyi baş verib.
İki xəstəxana rəhbəri rüşvət və korrupsiya faktına görə həbs edilib. İnsanların sağlamlığının etibarlı təminatı sayılan tibb müəssisələrinin çoxunda neqativ halların olduğuna dair qeyri-rəsmi məlumatlar kifayət qədərdir. İctimaiyyətdə səhiyyə sistemimiz ən axsaq yerimiz olaraq adlandırılır. Hələ də bu sahədə köklü islahatların aparılmasına və tibb sisteminin dünya standartlarına çatdırılmasına ehtiyac var.
MÖVZU İLƏ BAĞLI:
Ölüm düşərgəsinin VİP xəstələri, havada uçuşan PULLAR - FOTOFAKT
Məlumat üçün bildirək ki, ötən gün 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru İlham Qafarov işdən çıxarılıb və həmin klinikanın direktor muavini vəzifəsinə keçirilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb. TƏBİB-dən bildirilib ki, onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub. Hansı ki, 4 gün əvvəl Könül Ələkbərov Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.
Mingəçevir Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məzahir Yusifov da daxili əmrlə tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə hələlik təyinat olmayıb.
Əhalinin daha çox şikayət etdiyi xəstəxanalar
Qeyd edək ki, sosial şəbəkələrdə rüşvət, şikayət və neqativ halların çox olduğu daha bir neçə xəstəxananın adı hallanır. Rayon mərkəzi xəstəxanaları da daxil, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və 3 saylı Şəhər Klinik Xəstəxanası adı hallananlar arasındadır (Sabunçu). İstifadəçilər doğum evlərindəki doğuş qiymətlərindən, sığorta sisteminə keçidin olmasına baxmayaraq cərrahi əməliyyatların “stavka”larından paylaşım edirlər.
Bu xəstəxanalarda rüşvətxorluğun, amansızlığın baş alıb getdiyi, xəstələrin səhv müalicə olunduğu və nəzarətsiz buraxıldığı iddia olunur. Daha çox ölüm hallarının da məhz bu xəstəxanalarda yaşandığı bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev həbs olunub. Onların hər ikisi koronavirusa yoluxmuş şəxslərin yaxınlarından rüşvət almaqda ittiham olunur. Hər iki direktor barədə istintaq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır, lakin ayrı-ayrı cinayət işləri üzrə təqsirləndirilirlər. Pərviz Abbasovla bağlı cinayət işinin materiallarında iddia olunur ki, onun rəhbərlik etdiyi klinikada hər bir koronaviruslu xəstənin yerləşdirilməsi üçün onların yaxınlarından 3000-5000 manat rüşvət alınıb.
“Yeni Klinika”da baş verənlərə görə Pərviz Abbasovla yanaşı, Əvəz Hüseynov, Samir Mirzəyev, Vüsalə Əliyeva da cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, xəstələrin yaxınlarından bu şəxslərin vasitəsilə rüşvət alınıb. Sonradan məbləğlər onların arasında bölüşdürülüb.
Baş həkimlərin yığdığı pul hara gedirdi?
Rüşvətlə həbs edilən baş həkimlərlə və bir neçə xəstəxanada aparılan kadr dəyişikliyi ilə bağlı Bizim.Media-ya münasibət bildirən Tibb elmləri doktoru, professor Adil Qeybulla bu məsələdə birbaşa olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) məsuliyyət daşıdığını deyib:
“O xəstəxanalara kim rəhbərlik edir? Həmin əməlləri görən xəstəxana baş həkimlərini kimlər təyin edib? Korrupsiya halının harda olmasından asılı olmayaraq, biz onu pisləyirik. İnsanların çarəsiz durumundan istifadə edilməsi ciddi məsuliyyət daşımalıdır. Həçənd ki, biz - Azərbaycan Həkimləri İctimai Birliyi olaraq bu məsələ ilə bağlı bəyanat yaymışdıq. Bu gün əsl problem və şikayətlər səhiyyə sisteminin özündədir, xəstəxanada deyil... İcbari Tibbi Sığorta lazımi vaxtda tətbiq olunmadı, səhiyyə islahatları sona çatdırılmadı. Bu struktur tamamilə başqa formada qurulmalı idi ki, xoşagəlməz vəziyyət yaranmasın”.
Professorun sözlərinə görə Azərbaycan səhiyyəsində islahatlar Qərb standartlarına çatdırılmayınca, bu sahədə qayda-qanun yaratmaq mümkün olmayacaq:
“Yəni bu, bir nəfərin iradəsinə bağlı olan məsələ deyil. Xəstəxananın müdirini tutmaqla problem həll olunmayacaq, köklü islahatlara ehtiyac var.
Rüşvət üstündə həbs olunan iki xəstəxana rəhbərinin topladığı vəsaitlər hara gedirdi? Bunu sual verən var? O vəsaitləri həmin adamlar tək deyil, şəbəkə şəklində mənimsəməyiblər. Ona kim göstəriş verib, vəsaitlər hara gedib? Bütün bunlar sual altındadır. Həbs edilən iki baş həkimin gənc olması da xeyli təssüf doğrurur. İnsanların karyerası sual altına düşdü. Elə bir səhiyyə sistemi qurulmalıdır ki, belə əməllərə imkan verilməsin”.
Alçina Amilqızı, Bizim.Media