Evdən pul oğurlandı, oğulun meyiti tapıldı, gəlindən xəbər yoxdur – Astaradakı faciənin TƏFƏRRÜATI – FOTO 

Evdən pul oğurlandı, oğulun meyiti tapıldı, gəlindən xəbər yoxdur – Astaradakı faciənin TƏFƏRRÜATI – FOTO 

Hazırda oxunan: Evdən pul oğurlandı, oğulun meyiti tapıldı, gəlindən xəbər yoxdur – Astaradakı faciənin TƏFƏRRÜATI – FOTO 

194643

4 il əvvəl sürücü kimi xarici ölkələrə yük daşınması ilə məşğul olan Orxan Babayev Lənkəran rayon sakini 18 yaşlı Sevər Babayeva ilə tanış olur. Orxan Astara pedaqoji kollecində təhsil alan Sevərlə Bakıya şəhərinə köçür. Valideynlər oğullarının onlardan xəbərsiz ailə qurmasına baxmayaraq, bir il sonra cütlüyün Astaraya, onların yanına köçməsinə razılıq verirlər.  

Bu evdə yeni qurulan ailənin iki övladı dünyaya gəlir. Orxanın valideynlərinə məxsus evdə yaşayan Sevərdən qayınana və qayınatanın da elə bir narazılığı olmur. Orxan xarici ölkələrə sürücü kimi yük daşınması işindən heç də pis qazanmır. 

Xoşbəxt günlər uzun sürmür...

Qız nəvəsinin toyunda iştirak etmək Rusiyaya gedən Taclı Babayeva 2023-cü ilin fevralında geri qayıtdıqdan sonra evdəki, divarın içində gizlədilmiş seyfin qapısını açır və gördüklərinə inanmır. Qızıllar yerində olsa da, 11 min 300 dollar pul “yoxa çıxmışdı”. 


Gəlinindən soruşduqda o da xəbərinin olmadığını söyləyir. Taclı xanım dərhal polisə şikayət edir. Hadisə yerinə gələn polis əməkdaşları ilk növbədə evə hər hansı kənar müdaxilənin omadığını müəyyənləşdirirlər. 
Hadisəni tədqiq edən müstəntiqlər humanizm prinsiplərini əsas götürərək ailənin böyüklərinə seyfin məhz ailə üzvü tərəfindən açıldığını bildirirlər. Bundan sonra Taclı xanım rəsmi şikayətini geri götürür. Hadisələr isə bu faktdan sonra daha da sürətlənir. Evdən isə tez-tez 20, 30, 50 manat yoxa çıxmağa başlayır. 50 illik ailə həyatlarında bir-birlərinin qəpiyinə belə dəyməyən yaşlı ər-arvad elə bir vəziyyət düşürlər ki, hətta özlərindən şübhələnirlər.

Yenə seyf, yenə oğurluq: Saxta dollarlar haradan peyda olub?

2024-cü ilin yenə fevral ayında Taclı xanım seyfə baxış keçirir. 5 min manatın, eləcə də 5 min dolların yerinə saxta pullar qoyulduğunu görürür:

"Həmin an məni dəhşət bürüdü. Birdən bunu ayırd edə bilməyib, saxta pulla dükana getsəydim, nə baş verərdi? Mən polisə necə sübut edəcəkdim ki, bu saxta pullar mənim deyil?"


Bundan sonra Taclı xanım yenidən polisə üz tutmaq istəyir. Bu zaman gəlini günahını etiraf edir. Gəlin pulları həyat yoldaşı Orxanın göstərişi ilə  götürdüyünü və ərinə göndərdiyini deyir. O, ərinin qumar oynadığını da bildirir. Sevər seyfi açmaq üçün əvvəlcədən açarın sürətini çıxardığını da etiraf edir. O, oğurlanan həqiqi pulları isə saxtası ilə əvəz etməklə izi itirməyə çalışıb. 

Gəlinin anasını tanıyanda isə...

Taclı xanım deyir ki, o, gəlininin anasını əvvəldən tanımayıb. Sən demə, gəlinin anası narkotik ittihamı ilə 6 illik həbs cəzasına məhkum olunubmuş. Məhz gəlinin anasının onların evinə gəlişindən sonra oğurluq hadisələri baş verməyə başlayıb. 

Taclı xanım bildirir ki, oğlu bütün günü uzun yol getdiyindən qumar oynamaq üçün hər hansı imkanı da olmayıb. Bundan sonra həbsdən bir il əvvəl çıxmış gəlinin anası dövriyyəyə girir. O, da iddia edir ki, qızı pulları məhz ərinə göndərir. 


Taclı xanım isə qudasına cavab olaraq deyir ki, məsələni oğlu xaricdən gələndən sonra onunla danışacaq. Orxanın gəlişi isə ad gününə təsadüf edəcəkmiş. 

Müəmmalı ad günü yoxsa pul məsələsinin məntiqi sonluğu? 

Türkiyədən gələn Orxan Ələt limanında yükü boşaltdıqdan bir neçə gün sonra təcili olaraq yüklə yenidən Qazaxıstana gedəcəkmiş. Bu ərəfədə fevralın 28-də onun ad günü olduğundan Orxan Sevər və iş yoldaşları ilə ad gününü qeyd edir. 2 gün sonra isə Orxanın cəsədi tapılır. 

Taclı xanım deyir ki, Orxanın maşından cansız meyitinin tapıldığı günə qədər nə baş verdiyindən xəbərsiz olublar:


"Martın 4-də bizə zəng edib dedilər ki, Orxanın liman ərazisində meyiti tapılıb. Maşının qapısı da bağlı olub. Bir neçə gün imiş ölübmüş. Rəsmi ölüm kağızında Orxanın ölüm anında qanında  narkotik olduğundan tutmuş, çox şey yazılıb. Amma şübhəli məqam o qədər çoxdur ki...

Bizə Respublika Prokurorluğunda söz veriblər, məsələ yenidən, ətraflı araşdırılacaq. 

Üstəlik gəlinin evimizdən apardığı pulun dəyəri 42 min manatdır. Hamısını dəftərimə elə o vaxtdan yazıb, tarixi ilə qeyd etmişəm. Gəlinimin o ərəfələrdə gizli və qanunsuz  qızıl alveri etməyi də polisə məlumdur, indi araşdırırlar".

Taclı xanım baş verənlərdə gəlininin anasını günahlandırır. Oğlunun ölümündə şübhəli məqamların çox olduğunu deyən ana Orxanı tez-tez yuxuda gördüyünü, oğlunun ruhunun narahat olduğunu bildirir. 

Məsələ ilə Baş Prokurorluğa sorğu ünvanlanıb.

Yazıda adları çəkilən digər şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 










Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO