Naxçıvan səfərimizdə nəinki bu gözəl məkanda, bütün Azərbaycanda, hətta Zaqafqaziya ölkələri arasında məşhur olan "Əshabi-Kəhf" ziyarətgahına ayaqyalın qalxmağımla yanaşı, çox insanın etiqad etdiyi bu ziyarətgahın unikallığı yaddaşımda silinməz iz qoydu.
Ziyarətgah haqqında çox yazılıb, danışılıb deyə, yeni bir şey deyə bilməyəcəyəm. Amma ziyarətgahın ətəyində yerləşən yerdən isti qazan kimi qaynayan mineral bulaq diqqətimi çəkdi.
Ətrafı dəmir çəpərlə əhatələnən kiçik bulağı yerli sakinlər mineral bulaq adlandırır. Məlumata görə, mineral suyun tərkibi radon, karbon, xlor, natrium, kalsium və digər mineral maddələrdən ibarətdir. Qarışıq suyun müalicəvi olduğu deyilir.
Yerdən qaynayan bulağın təzyiqinin qalxmasını 30 dəqiqədən çox gözlədik. Nəhayət, qarışıq mineral su köpüklənərək qalxmağa başladı.
Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, mineral bulağın suyu revmatizmdən əziyyət çəkən insanlar üçün məlhəm sayılır. Bundan əlavə, 10-15 dəqiqə suda qalandan sonra bədəni günəş şüaları ilə qurutmağın lazım olduğu deyilir.
Qeyd edək ki, Naxçıvanın məşhur "Əshabi-Kəhf"ziyarətgahı və ətəyindəki möcüzəli bulaq Culfa rayonu ərazisində yerləşir.
Aytəkin Alxaslı, Nicat Niftəliyev, Bizim.Media