Qürbətdə dəfn olunan SƏNƏTÇİLƏRİMİZ – ARAŞDIRMA 

Qürbətdə dəfn olunan SƏNƏTÇİLƏRİMİZ – ARAŞDIRMA 

Hazırda oxunan: Qürbətdə dəfn olunan SƏNƏTÇİLƏRİMİZ – ARAŞDIRMA 

185817

Azərbaycanın bir çox mədəniyyət və incəsənət adamları müxtəlif səbəblərə görə, xaricə köçərək ömrünün sonuna qədər qürbətdə yaşamağı seçiblər. “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” deyib atalarımız. Vətəndən xaricə köçən bir sıra sənət adamlarımız var ki, bəzilərinin nəşi Azərbaycana gətirilsə də, bəzilərininki elə qürbətdə dəfn olunub. 

Bizim.Media xaricdə dəfn olunan azərbaycanlı məşhurların siyahısını təqdim edir:

Cəfər Behbudov


Estrada müğənnisi olan Cəfər Behbudov 17 avvqust 1951-ci ildə karifey sənətkar Rəşid Behbudovun bacısı Nəcibə Behbudovanın ailəsində anadan olub. O, Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. Cəfər Behbudov 1970-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olub. 

Müğənni 90-cı illərin əvvələrində Ukraynaya köçüb və 2019-cu ildə orada vəfat edib. Behbudovun cənazəsi Ukraynanın paytaxtı Kiyevdə yerləşən məzarlıqlardan birində torpağa tapşırılıb. 

Sevil Hacıyeva


Müğənni Sevil Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan Karvan ilə bağlıdır. 1993-cü ildə Karvan qrupunu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünməyib. Daha sonra müğənni tanış olduğu ABŞ vətəndaşının köməkliyi ilə Los-Ancelesə köçür, 8 Sentyabr 1996-cı ildə həmin şəxsə ailə həyatı qurub. 

O, öz pulunu qazanmaq üçün isə gecələr şəhərin prestijli klublarının birində səhnəyə çıxıb. 12 sentyabr 2000-ci ildə bir dostu ilə səhnəyə çıxdığı klubdan evə qayıdan Sevil Hacıyevanın yolunu soyğunçu kəsib. Ciblərindəki pulları tələb edən oğruya tabe olmadığı üçün soyğunçu əvvəlcə Sevilin dostunu güllələyib. Kömək çağırmaq üçün kluba doğru qaçan Sevil Hacıyeva isə belindən vurularaq öldürülüb. Müğənni "Hollywood Hills" məzarlığında torpağa tapşırılıb.

Toğrul Nərimanbəyov


Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. 1980-ci illərdən sonra Toğrul Nərimanbəyov bir sıra ölkələrdə yaşayıb. İlk əvvəl Bakıdan Moskvaya səyahət edən rəssam bir müddət burada yaşadıqdan sonra 1989-cu ildə ABŞ-ın Massaçuset ştatının Boston şəhərinə dəvət edilib və burada fərdi sərgilər açıb. O, 1992-ci ildə Lüksemburq şəhərinə köçüb, 1992-1993-cü illərdə sənət həyatını burada davam etdirib. 

Toğrul Nərimanbəyov 1993-cü ildə Lüksemburqdan Paris şəhərinə köçüb. Qısa bir müddət içində buradakı həyatına uyğunlaşan rəssam üçün Fransanı xüsusi edən səbəb anası İrma xanımın əslən fransız olması olub. Parisdə yaşadığı illər rəssamın yaradıcılığının ən məhsuldar dövrlərindən biri hesab edilir.

82 yaşlı rəssam 2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat edib. Xalq rəssamı Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.

Firəngiz Rəhimbəyova


Müğənni Firəngiz Rəhimbəyova 5 avqust 1958-ci ildə Bakının Lökbatan qəsəbəsində dünyaya gəlib. 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib. 1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülüb. 

Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s. mahnılar ifa edib. 

Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə "Bəxt üzüyü" filmindəki Sevda rolu gətirib.

Müğənni ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. Firəngiz Rəhimbəyova 6 sentyabr 2022-ci ildə Kaliforniyanın "Valley Oaks Memorial Park" məzarlığında dəfn edilib. 

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO