Maraqlı FOLKLORUMUZ  - Novruz adətlərindən hansılar sıradan ÇIXIB?

Maraqlı FOLKLORUMUZ  - Novruz adətlərindən hansılar sıradan ÇIXIB?

Hazırda oxunan: Maraqlı FOLKLORUMUZ  - Novruz adətlərindən hansılar sıradan ÇIXIB?

183172

Ta qədimdən insanlar uzun, sərt qışın çıxmasını, baharın gəlişini bayram edirlər. Ona görə yazın yaxında olduğunu hiss etdirən təbiət hadisələrinə su, od, yel, torpaq çərşənbəsi adı verərək hələ bayramdan dörd həftə əvvəl qeyd etməyə başlayırlar. Yəni su çərşənbəsi qarın əriyərək suya çevrilməsinə, od çərşənbəsi günəşin torpağı qızdırmağa başlamasına, yel çərşənbəsi ağacların tozlanmasına, torpaq çərşənbəsi isə suyun suvardığı, günəşin isitdiyi, küləyin oyatdığı torpağın əkinə hazır olmasına təsadüf edir.

Novruz bayramı kimi çərşənbələrin də özünün adət-ənənəsi var. Su çərşənbəsində insanlar çayın mənbəyinə, bulağa gedər əl-üzlərini axar suda yuyarlarmış.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün İlaxır çərşənbədir


Bu inancla köhnə ilin xəstəliklərini suyun yuyub aparmasına inanar, yeni ildə daha sağlam olmalarını diləyərlər.

Od çərşənbəsində tonqal üzərindən atlayar, ağırlıqlarını odda yandırarlar. Yel və torpaq çərşənbələrində də buna oxşar, yeni ildə xoşbəxt, sağlam olmaları üçün müəyyən rituallar yerinə yetiriblər. Təbii ki, bu adətlərin ən çoxu bəzi bölgələrimizdə bayram günü kimi təntənə ilə qeyd edilən axırıncı, sonuncu çərşənbəyə aiddir. Bunlar yumurta boyayaraq döyüşdürmək, üzük falına çıxmaq, qapı pusmaq, papaq atmaq və digərlərindən ibarətdir. 

Bu adətlərin bəzisi, həmçinin, Novruz günü icra olunur. Bayrama qədər ev-eşik, həyət-baca təmizlənir, bərəkət rəmzi olan səməni göyərdilir. Bayramda çörək təknəsinin dolu olması şərtdəndir. Həmçinin, süfrədə xeyli sayda xüsusi zövqlə bişirilmiş şirniyyatlar olmalıdır, bunların sırasına qoğal, paxlava, şəkərbura, badambura və digərləri aiddir. Plovsuz Novruz süfrəsi də bayram süfrəsi hesab edilməz.

Bayramın özəlliklərindən, barışdırıcı mövqelərindən bir də küsülülərin bir araya gəlməsi, qucaqlaşması, söz-söhbəti köhnə ildə qoymalarıdır.

Bundan başqa, yaxınlarını itirənlər bayram günü ölülərin məzarlarını ziyarət edər, onlara əziz olan gündə dünyadan köçənləri unutmadıqlarını nümayiş etdirərlər. Bayramda kiçiklər böyükləri təbrik edər, onlara bayram sovqatı aparar, bayramlaşarlar. 

Bayramda heç geyilməmiş, təzə paltar geyinmək də adətdəndir. Bu, fiziki və mənəvi yenilənməyin təzahürüdür.

Gənc qızların ər evinə getmək arzusunun reallaşması da bu bayram adətlərində bəlli olar. İnanca görə, üzük falına baxan qızlar həmin gecə hansı ildə nişanlanacağını bilərlər. Duzlu kökə yemək adəti də bu qəbildəndir. Qulaq falının isə məramı başqadır. Pusduğun qapının arxasından eşidilən mənfi və ya müsbət ifadə ürəyində tutduğun arzunun gələcək taleyindən xəbər verir.

Papaq atmaq isə bayram sovqatını kimliyini bilmədiyin adamlarla bölüşmək mənasına gəlir. Adətin qayəsində paylaşmaq durur. “Şal sallamaq”, “qurşaqatdı” da “papqatdı” ilə məzmunca eynidir. 
Novruz bayramının canlı atributları isə keçəl və kosadır. Bu personajlar bir-biri ilə yola getməyən, bayram günlərində öz tamaşaları, məzhəkələri ilə insanların əyləncəsini təmin edirlər. Bundan başqa, kəndirbazlıq da bu qəbildəndir.

Bir sözlə, özündə yardımlaşmağı, yaranışı, bərəkətli, sağlam, xoşbəxt olmağa ümidi əks etdirən bayramın indi daha az ənənəsi davam etdirilir.

Kosa-keçəl personajı yalnız məktəb və dövlət tədbirlərində yaşayır. Artıq məhəllələrdə, tonqal ətrafında gözə dəymirlər. Müasir dünyada xoş məqsədlə belə birinin qapısını pusmaq, papaq ataraq süfrədəki təamlardan istəmək yaxşı qəbul olunmur. Fala ümid edənlərin də sayı azalıb.

Bəzi adətlər müxtəlif bölgələrdə qalmaqdadır. Böyüyən şəhərlərdə çərşənbələrin gəlişi də hiss olunmur. Yaza, yaya məxsus nemətlərin satıldığı şəhərlərdə fəsil fərqi ancaq təbiətin öz gücünə qalmaqdadır. Beləcə elm və texnikanın inkişafı qədimdən gələn bir çox adət və ənənələri sıradan çıxarıb. Lakin Novruz adətlərinin hər birinin  insanların mənəvi dünyasına xidmət edən fəlsəfəsi var.

Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilib. Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO