"Davam etmək istəyirsənsə, ülgüclə ayağına "bəli” sözünü çizərək yaz və şəklini bizə at”, "Səhər erkən qalx, binanın damına çıx, bir müddət ən ucada dayan. Bunu etdiyini isə bizə sübuta yetir” kimi fikirlər, “Mavi balina”, “Ya qaç, ya öldür”, ”Ölümünü qeyd et”, “Məryəm” kimi oyunlarda uşaqlarımıza verilən tapşırıqlardır. Belə oyunlar yüzlərlə 14-17 yaş aralığında olan uşaqları intihara aparan yol olub.
“Mavi balina” oyununun məzmunu isə çox dəhşətlidir. 50 mərhələdən ibarət internet oyununu tərk etməməsi üçün uşaqları ailəsi ilə təhdid edirlər.
Belə ki, hər mərhələdə uşağa daha çətin təlimatlar verilir. Çox vaxt isə özünə zərər verəcək təlimatlar da olur. Növbəti etaplarda tələblər daha da şiddətlənir.
Təkcə qonşu ölkələrə baxsaq, Türkiyə, Gürcüstan, Rusiyada sözügedən oyunları diqqətdə saxlayırlar. Və onların istifadəsinə qadağa qoyulması üçün tədbirlər görürlər. Və bu səbəbdən intihar edən uşaqların statistikasını aparırlar.
Rusiyada hər il 100-dən çox, Türkiyədə 10-15, Gürcüstanda 5-10 uşaq bu oyunun təsirinə düşərək intihar edib. Ölkəmizdə də övladlarımızı ölümə aparan oyunlara maraq çoxalıb.
Mövzu ilə bağlı Leyla Quliyeva (şərti ad) Bizim.Media-ya açıqlamasında bildirdi ki, oğlu “Mavi balina” oyununun təsirinə düşüb, psixioloji pozuntuları yaranıb, hətta sonradan hərbi xidmətə də yararlı olmayıb.
Yeri gəlmişkən, “Bu oyunlara görə ölkəmizdə baş verən intihar halları nə qədərdir?” sualı ilə Dövlət Statistika Komitəsinə müraciət etdik. Təəssüflər olsun ki, qurumdan uşaq intiharları ilə bağlı konkret rəqəmlər ala bilmədik.
“Ölüm, ölümdür, sorğu göndərin, cavab verərik”.
Bildirildi ki, 2020-ci ildə dünyasını dəyişən uşaqların statistikası, yalnız may ayının 15-dən sonra məlum olacaq: “2019-cu ilin göstəricilərindən istifadə edə bilərsiniz”.
Statistika Komitəsi mediaya informasiya verməkdə maraqlı olmasa da, biz öz araşdırmamızı təqdim edirik.
2017-ci il oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asıb. Gəncin “Mavi balina” oynadıqdan sonra intihar etdiyi iddia olunur.
Həmin il dekabrın 4-də Ağdaş rayonu Nehrəxəlilli kənd sakini, 7-ci sinif şagirdi İsmayıl Adıgözəlov yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib. İntiharın adıçəkilən oyun səbəbindən baş verdiyi bildirilib.
2018-ci il iyunun 25-də Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun da cansız bədəni yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Atası övladının “Mavi balina” oynadığını və bu səbəbdən intihar etdiyini deyib.
2019-cu il fevralın 9-da Kürdəxanı qəsəbəsində 16 yaşlı Əli Quluzadə də özünü asaraq intihar edib. Yeniyetmənin valideynləri onun internetdə “Mavi balina” adlı oyun oynadığını qeyd ediblər.
Mövzunu psixoloq İlkin Kazımlı davam etdirdik.
O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, indi uşaqlar qrup halında məzmununda şiddət, aqressiya, ölüm olan oyunlar oynayırlar:
“Belə oyunlar uşaqlarda qopa bilməyəcək asılılıq yaradır. Çox təəssüf ki, son zamanlar cəmiyyətimizdə uşaqlar arasında da intihar halları müşahidə olunur.
Bu intihar hallarının yaranmasının səbəblərindən biri də uşaqların oynadığı oyunlardır. Uşaqlar 4 yaşından etibarən hər şeyi təqlid etdiyinə görə oynadığı oyunlarda baş verən prosesləri analiz etmədən olduğu kimi dəyərləndirirlər. Əgər oyunda aqressiya varsa və hansısa personaj özünü öldürürsə, uşaq da həmin davranışı təkrar edə bilər.
Bu halların artmaması üçün valideynlər uşaqları bu tipli oyunlardan qorumağı bacarmalıdır. Əgər uşağa diqqət ayırmayıb öz işinizə çox vaxt ayırsanız, o zaman uşaq istədiyi formada inkişaf edəcəkdir. Mümkün qədər uşağa hansısa müsbət işləri sevdirmək lazımdır”.
Uşaqların intihar etməsi hadisələrindən narahat olan ekspert Elşən Qafarov isə Bizim.Media-ya dedi ki, ”Mavi balina”, Məryəm” kimi oyunların təbliğ edilməsinin tərəfdarı deyil, çünki uşaqlarda maraq yaradacaq ki, o nə oyundur, gedim mən də oynayım:
“Çıxış yolu kimi təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəzi servislərə qadağa qoymalıdır.
Lakin uşaqlar öz yaşlarını daha böyük göstərməklə sosial şəbəkələrdən qeydiyyatdan keçirlər. Ona görə də birbaşa nəzərət valideynlərin üzərinə düşür. Bu oyunları hakerlər yaradır. Girişi nazirlik bağlamalıdır. Bu, onların işidir”.
Nazirlikdən isə bildirdilər ki, ölkədə şiddəti, aqressiya və əxlaqsızlığı təbliğ edən oyunların qarşısını almaq üçün filtr proqramlarından istifadə olunur. Bu proqramlar Bakıtelekom və Aztelekomda da var.
"Aztelekom" MMC-nin öz internet istifadəçiləri üçün təqdim olunan "informasiyanın filtrlənməsi" rolunu oynayan xidmət sayəsində insanların, eyni zamanda azyaşlı uşaqların psixologiyasına neqativ təsir göstərən veb səhifələr istifadəçilər tərəfindən filtrasiya edilir. Övladınız həmin proqramlara daxil olduğu zaman sizin mobil telefonunuza bildiriş gəlir.
Beləliklə, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına giriş nəzarətə götürülür, arzuolunmaz saytların girişinə qadağa qoyulur, uşaqların bu saytlara girişi məhdudlaşdırılır.
Gülşanə Mustafayeva, Bizim.Media