“Mart gəldi, dərd gəldi” deyiminin maraqlı TARİXÇƏSİ

“Mart gəldi, dərd gəldi” deyiminin maraqlı TARİXÇƏSİ

Hazırda oxunan: “Mart gəldi, dərd gəldi” deyiminin maraqlı TARİXÇƏSİ

180657

El arasında illərdir işlədilən deyimlər var. Bunlardan biri də mart ayı gələr-gəlməz eşitdiyimiz “mart gəldi, dərd gəldi” ifadəsidir. Əslində isə mart ayı bayramlar ayıdır.

Uzun qışdan sonra, azuqələrin tükəndiyi vaxt insanlara yazın gəlişi bayramdır. Elə Novruz bayramına qədər baharın gəlişini müjdələyən çərşənbələrin qeyd olunması da buna sübutdur.

Bəlkə də hələ təqvimin mövcud olmadığı vaxtlarda insanlar baharın gəlişini sürətləndirmək məqsədilə ayı çərşənbə adı ilə hissələrə bölüb, şadyanalıq ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Bu ay 16 gün iş OLMAYACAQ 


Yəni həvəslə gözlənilən, çiçəklərin açdığı, ağacların tumurcuqlandığı martın “dərd” ayı olması məntiqə sığmır. Bir tərəfdən isə Azərbaycanın bəzi bölgələrində mart ayına “dəli mart” da deyirlər. Bunu da martda havanın tez-tez dəyişkənliyi, gün ərzində həm qar, yağış, həm də günəşin çıxmasının mümkünlüyü ilə izah edirlər.

Maraqlıdır, bəs “Mart gəldi, dərd gəldi, mart çıxdı, dərd çıxdı” deyimi necə yaranıb və nədən qaynaqlanır?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşən folklorşünas alim, filologiya elmləri doktoru Seyfəddin Rzasoy deyib ki, bu, insanların qışa tədürükünün azalması, bitməsi ilə bağlıdır:

“Bu deyim söz bazası etibarı ilə müasir, mənasına görə çox qədimdir. Mart miladi təqvimi ilə bağlı sözdür, biz miladi təqviminə keçmədən öncə dilimizdə mart sözü olmayıb. Mart ayı dedikdə bizim xalq təqvimimizdəki boz ay nəzərdə tutulur. Məsələnin mahiyyəti sonradan xalqımızın mart dediyi, əslində, yaza yaxın və qışın sonuncu ayının nəyə görə insanlar üçün çətin bir dövr və ay hesab olunduğudur ki, insanlar onun çıxmasını bayram ediblər. 

Müasir dövrdə maddi nemətlərin istehsalı, məsələn, taxıl istehsalı, əkin-biçin, mal-heyvanın yemini və s. əldə etmək çox asandır. Amma keçmişdə bunlar çox çətinliklə əmələ gəlirdi. Qış uzandıqca insanların tədarükü azalır, heyvanların yem ehtiyatı tükənirdi. Adamlar ona görə də yazı, indiki təqvimlə aprelin gəlişini səbirsizlə gözləyirdilər ki, torpaqdan ot cücərər. 

Çünki martda heyvanları tövlədə saxlayırdılar, gündə üç dəfə onları yemləyirdilər və artıq yem çatdıra bilmirdilər. Ona görə də mart ayı bitdikdən sonra çəmənlər göyərirdi, insanlar da heyvanları çölə buraxırdılar. Bu, sonradan “mart çıxdı, dərd çıxdı” kimi yadda qalıb”.

O hesab edir ki, mart ümumilikdə insanlara sevinc bəxş edən aydır:

“Mart ayı ümumilikdə qəm-kədər ayı deyil. Bu ayda Novruz bayramı olur, insanlar köhnə ili yola salır, köhnə il də onlar üçün xəstəlik, çətinliyin arxada qalması deməkdir. Ona da el dilində, xalq dilində çillə deyirdilər. 

Bu səbəbdən martın çıxması insanların və heyvanların bayramı idi. Heyvanlar göy ot yeməyə gedirdilər, insanlar da heyvanları tövlələrdə bəsləməkdən azad olurdular, digər tərəfdən yaz əkin işlərinə başlayırdılar. Mart həm də özü ilə xeyir-bərəkət gətirir”.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO