Kommunal qurum əməkdaşlarına İNAMSIZLIQ – Ev sahibləri onları hansı halda evə BURAXMALIDIRLAR?

Kommunal qurum əməkdaşlarına İNAMSIZLIQ – Ev sahibləri onları hansı halda evə BURAXMALIDIRLAR?

Hazırda oxunan: Kommunal qurum əməkdaşlarına İNAMSIZLIQ – Ev sahibləri onları hansı halda evə BURAXMALIDIRLAR?

178500

Hər il ölkəmizdə dəm qazından bir neçə insan həyatını itirir. Dəm qazının yaranmasının bir çox səbəbi var, bəziləri vətəndaşları, bəziləri isə cavabdeh qurumları məsuliyyətsizlikdə günahlandırırlar. Hər dəfə dəm qazından zəhərlənmə və ya ölüm halı olduqda bu mövzu yenidən aktuallaşır və istehlakçıların qazla bağlı qaydalara riayət etməməsi, həmçinin cavabdeh qurumların mənzillərdə qaz sobalarına, tüstü bacalarına nəzarət etməməsi ön plana çəkilir.

Məlumdur ki, 2022-ci ildə “Qaz təchizatı haqqında” Qanuna edilən dəyişiklərə əsasən, bu ilin yanvarından “Azəriqaz” istehsalat birliyinə texniki müayinələrin aparılması səlahiyyəti verilib.

Yəni qurum işçiləri abonentlərin mənzillərinə baxış keçirir və texniki şərtdən kənaraçıxma halları varsa, tüstü bacaları təmizlənib-təmizlənməyibsə, bu barədə akt tərtib edir. 

Qurumun məlumatına görə, artıq prosesə başlanılıb. Lakin bəzi vətəndaşlar “Azəriqaz” əməkdaşlarını mənzilə buraxmaq istəmirlər, sosial şəbəkədə qurum əməkdaşlarının onların mənzillərinə gələrək texniki müayinə aparmasını istəmədiklərini yazırlar. 

Bu həftə “Azəriqaz” İB-nin yaydığı məlumata görə, paytaxtın Nəsimi rayonunda ev sahibi Zahidxan Məmmədovun icazəsi ilə mənzilə daxil olan qurum əməkdaşı texniki baxış keçirən zaman ev sahibinin oğlu tərəfindən fiziki şiddətə məruz qalıb. Nəticədə əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bu, qurum əməkdaşları ilə vətəndaşlar arasında yaranan ilk neqativ hal deyil. Maraqlıdır, vətəndaşın qurum əməkdaşına inamsızlığı nədən qaynaqlanır? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov deyib ki, “Azəriqaz” əməkdaşlarını içəri buraxmamaq səhv hərəkətdir:

“Qaz işçilərini içəri buraxmamaq səhv fikirdir. “Azəriqaz” işçiləri gəlməli, hamısının boynunda vəsiqələri olmalıdır. Ağlı başında olan adam qaz işçisini özü çağırmalıdır ki, “gəl, mənim sistemimi yoxla”. O qədər qeyri-qanuni işlərə yol verirlər ki, işçilərin bunu aşkarlayacağından, tənbeh və cərimə edəcəklərindən qorxurlar. 

Amma bunun acı nəticəsini görürlər. Onu da deyim ki, “Azəriqaz”ın bəzi işçiləri də özlərini sığortalamaq üçün hər cür yalanı danışıblar. Onlar dünyanın qabaqcıl ölkələrində istehsal olunan, satılan cihazlara etinasız yanaşırlar. Günahı su qızdırıcı çənlərin üstünə yıxmaq istəyirlər”.

O bildirib ki, dəm qazının yaranmasına tüstü bacaları səbəb olur:

“Bir otağa əgər 4,5 faiz metan qazı yığılarsa, artıq o, partlayış üçün hazırdır. Yəni yanma, partlama, dəm qazından zəhərlənmə və metan qazından boğulma hadisəsi törədə bilir. Ona görə də bu daim nəzarətdə olmalıdır. Bütün günahı tüstü bacalarında və qazın keyfiyyətində görmək lazımdır. Qaz zəhərli maddələrdən təmizlənməli, ondan sonra mənzillərə verilməlidir. Qaz kəmərləri heç olmasa ildə iki dəfə yoxlanmalıdır. 

2016-cı ildən 2024-cü ilə qədər bunlara nəzarət olunmayıb. Əhali də boşluqdan istifadə edib. Bunu yaradan səbəb tüstü bacalarıdır. Bəzi ölkələrdə həftədə, ayda bir dəfə yoxlayırlar. Tam məsuliyyətlə deyirəm ki, tüstü bacaları düzgün quraşdırılmır və 40 ildir təmizlənmir. Sovet dönəmində JEKlər bu işə baxırdı, indi heç kim yiyə durmur. Tüstü bacaları da müxtəlif səbəblərdən tutulur. Məsuliyyətdən qaçmaq üçün hamı bir-birini günahkar hesab edir. 

Bütün qurumlar deyir mənlik deyil, bəs, kimlikdir?! Dəm qazından zəhərlənmə isə cihazlardan asılı deyil. Yalnız əldəqayırma cihazlardan ola bilər.

Divar peçi, ceyran peçi deyilən qurğu, əldə düzəldilən peçlər, su qızdırıcılarına qaz qoşmaq olmaz. Onların ekonomik qazan qurğuları yoxdur. Hər dəqiqə insanı zəhərləyə bilər, həm də qaz israfına yol verilir. 

Bu gün istifadədə 100 mindən çox belə cihaz var. Amma heç kimin mənzillərə gedib insanlara deməyə ixtiyarı yoxdur ki, bu su qızdırıcılarını çıxar, at çölə. Kimin hesabına olacaq bu? Bu, 1000-1500 manat pul eləyəcək. İndiki zamanda kim onu edə bilər?!”

Ekspert dəm qazından əlavə digər təhlükəli durumun yaranmaması üçün əhalini də ehtiyatlı olmağa səsləyib:

“Qazı yanılı qoyub yatmaq olmaz, tüstü bacaları damdan yarım metr hündür olmalıdır, bəzisi pəncərədən çıxarır, bəzisi divarı deşib çıxarır. Küləkli havanın yaratdığı təzyiq qazın yanmasından çıxan tüstünün təzyiqindən dəfələrlə çoxdur. 

Baca düzgün qurulmayanda, damdan yuxarı olmayanda külək vurur, dəm qazını evə doldurur. Dəm qazı bəzi maddələrin natamam yanmasından əmələ gələn zərərli qazdır. Əgər bir otağa 0,1 faiz dəm qazı yığılırsa, insan 7 dəqiqə ərzində həmin mühitdə nəfəs alırsa, zəhərlənir. Evə gələndə zəngi basmaq, işığı yandırmaq olmaz, əvvəlcə bütün pəncərə və qapıları açıb otağın havasını dəyişmək lazımdır. Bütün təhlükəsizlik qaydalarına əməl etmək lazımdır”.

Günay Şahmar, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO