Son günlər Xəzər dənizinin səviyyəsinin il keçdikcə aşağı düşməsi ilə bağlı fotolar, infoqrafikalar yayılmaqdadır. Bu isə insanlarda müəyyən panikalara səbəb olub. Dünyanın ən qədim su hövzələrindən olan və vaxtilə Qız qalasına qədər uzanan Xəzərin səviyyəsinin tərəddüdləri son illərdə alimlər tərəfindən ən çox müzakirə edilən məsələlərdəndir.
Maraqlıdır, Xəzər dənizinin tamamilə quruması baş verə bilərmi?
MÖVZU İLƏ BAĞLI:
Xəzərin səviyyəsində KƏSKİN AZALMA – Hansı ekoloji təhlükələr GÖZLƏNİLİR?
AMEA-nın Coğrafiya İnstitunun Xəzərin hidrometerologiyası şöbəsinin müdiri Səid Səfərov Bizim.Media-ya bildirib ki, əgər istiləşmə belə davam etsə, çaylardan daha çox su götürülsə, əsrin sonuna qədər Xəzər tam qurumasa da, səviyyəsi 9-18 metr aşağı düşə bilər:
“Xəzərin səviyyəsi həmişə dəyişkəndir, çünki dünya okeanları ilə əlaqəsi yoxdur. Ona görə də ona tökülən çayların və buxarlanmanın miqdarından asılı olaraq, Xəzərin səviyyəsi dəyişir. Hətta Xəzərin səviyyəsinin dəyişməsi il daxilində də baş verir, yayda çoxalır, qışda azalır. Müxtəlif dövrlərdə onun səviyyəsi maksimuma qalxıb, minimuma enə bilib.
Məsələn, 1930-cu ildən 1977-ci ilə qədər Xəzərin səviyyəsi 3 metr aşağı düşüb. 1930-cu ildə o, dəniz səviyyəsindən 26 metr aşağıda idi, 1977-ci ildə isə 29 metr olub. 1975-dən 1995-ci ilə qədər isə o, yenidən 2 metr qalxmağa başlayıb. 1995-ci ildən indiki vaxta qədər isə Xəzərin səviyyəsi düşə-düşə gedir. İndi onun həddi 29,8 metrdir”.
Şöbə müdiri bildirib ki, buna səbəb iqlim dəyişməsi ilə yanaşı, həm də antropogen amilidir:
“Məsələn, Xəzərə ən çox su gətirən Volqa çayının üzərində bəndlər tikilib. Hər il həmin bəndlərdən 25-30 kub metr su götürülür ki, bu da Xəzərin səviyyəsinin ildə 8-9 santimetr aşağı düşməsinə bərabərdir. Bundan başqa, Xəzərə tökülən digər çayların, Kürün, Terekin, Ural çaylarının da səviyyəsi düşüb. Lakin Xəzərin hidrometereologiya şöbəsinin apardığı tədqiqatlar göstərir ki, 2042-ci ilə qədər səviyyə aşağı düşsə də, sonra arta bilər”.
Nuranə Daxilqızı, Bizim.Media