Azərbaycandakı bugünkü ümumxalq birliyinə və həmrəyliyinə dünyanın istənilən xalqı və dövləti qibtə edir. Təsadüfi deyil ki, bu faktı fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimindəki çıxışında qeyd edib:
“Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır”.
Azərbaycan Prezidenti onu da bəyan edib ki, mövcud milli birlik daimi olmalıdır:
“Çünki Azərbaycanın dünyada və regionda önəmi artır”.
Təbii ki, milli birliyin iqtisadi və siyasi əsasları var. Bu əsası doğuran səbəbsə milli dəyərlərdir. Əgər bu gün bir xalq kimi hansısa uğura nail oluruqsa, bunun təməlində dəyərlərimiz dayanır.
Məsələn, əsrlər boyu Şuşanı mədəniyyət beşiyimiz, qeyrət qalamız hesab etmişik. Lakin 1992-ci ildə xarici və daxili düşmənlərimiz sayəsində bu qürurumuz zədələndi. Ötən 28 ildə Azərbaycandan kənara çıxanda da, elə öz aramızda da böyük dəyərlərdən ötkəm və cəsarətlə danışa bilmirdik. Çünki milli qürurumuz, milli dəyərimiz zədələnmişdi. O illərdə o qədər soydaşımız deyirdi ki:
“Ac-susuz qalaq, amma Şuşasız qalmayaq”.
Şuşanın bizlər üçün anlam kəsb etdiyini bədnam ermənilər də bilirdi. Ona görə də zaman-zaman Şuşadan foto-video materiallar paylaşır, heysiyyatımızla oynayırdılar. Hətta Nikol Paşinyan Qarabağa səfəri zamanı Cıdır düzündə yallı getdi və həyasızcasına bildirdi ki, “Qarabağ Ermənistandır”.
Düşmənin bu həyasızlığı və milli qürurumuzla oynaması təbii ki, cavabsız qala bilməzdi.
Qlobal güclərin bütün təhdidlərini və bəhanələrini heçə sayan xalqımız Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə təkcə Şuşanı yox, Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Maraqlıdır ki, məhz Şuşanın geri qazanılması müharibədə ermənilərin sınma nöqtəsi oldu və Ermənistan cəmi bir gün sonra kapitulyasiyaya imza atdı.
Çünki ermənilər və onların xarici havadarları bilirdi ki, Şuşanı geri alan Azərbaycan igidlərinin qarşısında heç bir güc dayana bilməz. Təsadüfi deyil ki, 44 günlük müharibədəki qələbənin təntənəsi kimi Zəfər Günü də məhz Şuşanın azad edildiyi gün elan olundu.
Beləcə, biz 8 noyabrda təkcə Qarabağ və ətraf əraziləri işğaldan azad etmədik, həm də zədələnmiş qürurumuza məlhəm olduq. Məhz 8 noyabrdan sonra səsimiz bir xalq və bir dövlət kimi daha gur gəldi.
Bu gün isə qarşımızda yeni hədəflər dayanır.
Artıq xalqımız Azərbaycanı regional güc kimi yox, beynəlxalq oyunçu kimi görmək istəyir. Ona görə də heç kim 44 günlük müharibə zamanı yaranmış monolit birliyi pozmaq barədə düşünmür. Çünki ucalıq və böyüklük hər zaman xalqımızın adına yaraşıb. Bundan sonra da belə olmalıdır.
Etiraf edək ki, xalq-iqtidar birliyi xarici qüvvələri çox ciddi narahat edir.
Bu birliyi zədələmək üçün müxtəlif təxribatçı və şirnikləndirici addımlar atılır. Amma xalqımız heç bir təxribata və şirnikləndirici vədlərə aldanmadı, 7 fevralda birliyini bir daha ortaya qoydu.
Bu birliksə Qərbin Azərbaycanla bağlı bütün bədnam planlarını pozdu. Bir vaxtlar hər seçkidən sonra aylarla müzakirələr açan, qərəzli hesabatlar paylaşan Qərb bu gün çox susqun görünür. Bu isə təkcə xalq-iqtidar birliyinin nəticəsi deyil, bu dəyərlərimizə sahib çıxmağın ən gözəl təntənəsidir.
Bu gün hər kəsə aydın olur ki, azərbaycanlılar “təki Vətən yaşasın” ifadəsini elə belə işlətmirlər. Bunu həyatları və əməlləri ilə sübut edirlər.
Amma əldə etdiklərimiz nə qədər möhtəşəm görünsə də, bu son hədəf deyil. Qarşıda bizi daha çətin sınaqlar gözləyir. Bu sınaqlardan üzüağ çıxmaq üçünsə ilk növbədə dəyərlərimizi qorumalı, dəyərlərimizə qayıtmalıyıq. Məşhur aforizmdə deyildiyi kimi:
“Türk özünə qayıdanda daha böyük olur”
Bu gün özümüzə qayıtmışıq. Amma bunu pozmaq istəyənlər pusquda durublar. Məqam gözləyirlər ki, milli dəyərlərimizi, xüsusən də ailə dəyərlərimizi məhv eləsinlər. Bu gün Qərbdən gələn trendlərin hədəfi ailə institutudur. Bədnam qüvvələr narahatdır ki, 44 günlük müharibədə niyə bir nəfər də olsun fərari olmadı?! Azərbaycan xalqı niyə Vətənin çağırışına bu qədər sədaqət nümayiş etdirdi?!
Qərbi narahat edən digər məqam gənclərin milli dəyərlərə sadiqliyidir. Bu gün ölkəmizdə LGBT və feminist cərəyanlarının bəzi daşıyıcılarına rast gəlirik. Amma Qərb istəyir ki, gənclərimiz bu cərəyanın kütləvi daşıyıcısı olsunlar. Çünki trans “kişi”dən, feminist “qadın”dan heç zaman “Vətən daşı” olmaz. Onlar üçün dəyərlər başqadır. Onlar üçün nisbi azadlıqlar, bəşəri hisslərdən daha üstündür. Belələri ilə nə qüdrətli dövlət qurmaq olar, nə də ki, dövləti qorumaq.
İlham Əliyev andiçmə mərasimində haqlı olaraq bildirdi ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar:
“Onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir”.
Azərbaycanın lideri bəyan etdi ki, milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir:
“Bunu bundan sonra da sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur”.
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi - bəndinə uyğun olaraq hazırlanıb.
Surxay Atakişiyev, Bizim.Media