Hansı psixi xəstəliklərdən əziyyət çəkənlər cinayət məsuliyyətinə CƏLB OLUNMUR? – HÜQUQİ İZAH 

Hansı psixi xəstəliklərdən əziyyət çəkənlər cinayət məsuliyyətinə CƏLB OLUNMUR? – HÜQUQİ İZAH 

Hazırda oxunan: Hansı psixi xəstəliklərdən əziyyət çəkənlər cinayət məsuliyyətinə CƏLB OLUNMUR? – HÜQUQİ İZAH 

178100

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, oğul Əhməd Əhmədov ata, ana, qardaş, bacı və bacısı qızını amansızcasına qətlə yetirib. İlkin araşdırmalar qətli törədənin psixoloji problemlərinin olduğunu göstərir.

Sosial şəbəkələrdə gedən müzakirələrə əsasən, törədilən hadisə ilə bağlı, psixoloji problemi olduğuna görə, Əhməd Əhmədovun həbs olunmayacağı ilə bağlı şübhələr var. 
 

MÖVZU İLƏ BAĞLI:

Ailə üzvlərini öldürən Əhməd 10 il əvvəl də cinayət TÖRƏDİB? - Baş Prokurorluqdan AÇIQLAMA


Ümumiyyətlə, psixoloji problemin hansı formaları şəxsin cinayət məsuliyyətinə cəlb ediməsinə əngəl ola bilər?

Hüquqşünas-vəkil Turan Abdullazadə Bizim.Media-ya bildirib ki, Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni 1) xroniki psixi xəstəlik, 2) psixi fəaliyyətin müvəqqəti pozulması, 3) əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir:

“Qanunun mənasından göründüyü kimi, anlaqsızlı iki meyarla xarakterizə olunur: Tibbi və hüquqi meyar. Tibbi meyar psixi xəstəliyin olması deməkdir. Məsələn, xroniki psixi xəstəliklər anlaqsızlıq üçün əsas təşkil edir. Şizofreniya, epilepsiya, proqressiv iflic, beyin siflisi və s. bunun kimi müalicəsi olmayan və ya çətin müalicə olunan xəstəliklər müəyyən olunduğu zaman şəxsin anlaqsız vəziyyətdə cinayət törətməsi güman edilir. 

Psixi fəaliyyətin müvəqqəti pozulmasına pataloji affekti və manikal depressiv psixozu misal çəkə bilərik. 

Kəmağıllılıq (oliqofreniya) isə anadangəlmə və ya uşaqlıq dövründə yaranan əqli zəiflik vəziyyətidir ki, onun da 3 dərəcəsi var: 1)idiotizm 2)inbesillik 3)debillik və s... psixi xəstəliyə isə abstinensiya, qarabasma vəziyyətini nümunə gətirə bilərik. 

Anlaqsızlıq vəziyyəti istintaq və məhkəmə tərəfindən məhkəmə-psixiatriya ekspertizasının rəyinə əsasən müəyyən edilir”. 

Vəkil qeyd edib ki, hüquqi meyar cinayət törədən şəxsin əməlinin kriminal xarakterini dərk etməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmamasıdır:

“Məhz hüquqi meyarın müəyyən edilməsindən sonra şəxsin anlaqsızlığı barədə qəti rəyə varmaq olar. Beləliklə şəxsin anlaqsız hesab edilməsi üçün hər iki meyar- tibbi və hüquqi meyar eyni anda mövcud olmalıdır. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər”.

T.Abdullazadə onu da bildirib ki, Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır:

“Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən, bu Məcəllənin 93.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxsə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edə bilər.

Cinayət Məcəlləsinin 95-ci maddəsinə əsasən, anlaqsız şəxsə aşağıdakı tibbi xarakterli məcburi tədbirlər təyin edə bilər:

1)    Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi;

2)    Ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə;

3)    İxtisaslaşdırılmış  psixiatriya stasionarlarında məcburi müalicə;

4)    İxtisaslaşdırılmış  psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə”  – deyə, Turan Abdullazadə bildirib.

Nuranə Daxilqızı, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO