İş həyatında uğurlu olmaq üçün ÜÇ QIZIL QAYDA

İş həyatında uğurlu olmaq üçün ÜÇ QIZIL QAYDA

Hazırda oxunan: İş həyatında uğurlu olmaq üçün ÜÇ QIZIL QAYDA

177969

“Heç zaman iş həyatınızda bu 3 “qızıl qayda”nı pozmayın. Əks təqdirdə təkcə iş yox, həm də şəxsi həyatınızda çox ağır itkilərlə üzləşə bilərsiniz”.

Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib. 

O bildirib ki, 3 “qızıl qayda”nın birincisi həmkarları dost hesab etməməkdir:

“İş yoldaşlarınız sizin rəqiblərinizdir. Unutmayın ki, onlar ilk fürsətdəcə sizi atacaq. Çünki insan ömür yolunda ən azı 5-6 kollektivdə çalışır və həmin kollektivlərdə yüzlərlə insanlarla ünsiyyətdə, təmasda olur. Ona görə də insanlar həmkarlarına əbədi iş yoldaşı kimi baxmır. 

Əbədi olmayan şeydən çox asanlıqla imtina edirlər. Ona görə də iş yoldaşlarınızla məsafədə dayanın. Sabah sizə problem ola biləcək sözləri, fikirləri onların yanında ictimailəşdirməyin”.

İkinci “qızıl qayda” odur ki, həmkarlarınızla heç zaman şəxsi məsələlərinizi müzakirə etməyin. 

“Həmkarlarınızla şəxsi planlarınızı və uğurlarınızı bölüşməyin. Sənin planların sənin fəth edəcəyin qalanın açarlarıdır. Əgər sən planlarını kimlərləsə bölüşürsənsə, bu o deməkdir ki, sən qalanın açarını həmin adama verirsən. Bəzi iş yerində rəhbərlik işçilərə qadağa qoyur ki, əmək haqqı barədə iş yoldaşlarına məlumat verməsin. Əslində bu doğru qadağadır. 

İstənilən adam qazancından müəyyən miqdarda vəsait yığır və o vəsait üzərində müəyyən planlar qurur. Plan qurmaqsa hədəfə gedən yolda bir strategiyadır. Əgər sən öz strategiyanı iş yoldaşına desən, ən azından planlarını ifşa etmiş olursan. Daha sonra qarşı tərəf hər vasitə ilə səni o planlardan çəkindirməyə çalışacaq. 

Ən pis halda isə sənin planlarını ictimailəşdirəcək. Bu da səni həmin plandan əl çəkməyə sövq edəcək. Ona görə də gələcək planlarınızı heç kimlə, o cümlədən iş yolda.larınızla qətiyyən müzakirə etməyin”. 

Üçüncü “qızıl qayda” budur ki, həmkarlarınızla heç zaman rəhbərliyi müzakirə etməyin.

Gülnar Orucova bunu ilk növbədə bu etik baxımdan düzgün hesab etmir:

“Əgər siz müdiriyyətinizi sevmirsinizsə, hörmət etmirsinizsə, yaxşı olar ki, iş yerinizi dəyişəsiniz. Bəzən belə bir fikir hasil olur ki, mən bu rəhbərliklə yola gedirəmsə, bu mənim şəxsi fərasətimdir. Bu doğru deyil. Pis adamla yol gedirsənsə, eyni qabdan çörək “yeyirsənsə”, deməli sən də onun tayısan. 

Rəhbərlik pisdirsə, heç nəyə baxmadan qapını çırpıb, get. Gedə bilmirsənsə, onda rəhbəlik haqqında pis heç nə danışmamalısan. Çünki iş yoldaşlarınız sizin dostlarınız yox, rəqiblərinizdir. Ona görə də sizin fikirləriniz 100 faiz rəhbərliyə çatdırılacaq.

Ən pisi də odur ki, fikirləriniz təhrif olunmuş və kontekstdən çıxarılmış şəkildə təqdim ediləcək. Bu vəziyyət isə sizə yaxşı heç nə vəd etmir. Yaxşı olar ki, iradlarınızı şəxsi görüşlərinizdə müdiriyyətə özünüz çatdırasınız”. 

Həmsöhbətimiz sonda onu da bildirib ki, ümumiyyətlə, gəliriniz, ehtiyat büdcəniz, gələcək planlarınız, ailə sirləriniz, sizi xoşbəxt və bədbəxt edən səbəblər barədə və hətta uşaqlıq travmanız barədə heç vaxt, heç kimə danışmayın:

“Bu sirlərinizin açığa çıxması təkcə vəzifə karyeranızınızın yox, hətta həyatınızın sonunu gətirə bilər”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO