“Sumqayıtda 67 yaşlı şəxs spirtli içkidən zəhərlənərək komaya düşüb və ölüb. Ümumiyyətlə, müxtəlif zamanlarda bu kimi hadisələr baş verir. Kliniki Tibbi Mərkəzin məlumatına görə yanvar ayında 5 nəfər spirtli içkidən zəhərlənib.
Ölkə bazarında şüşəsi 2 manata olan spirtli içkilər satılır. Bazarlarda satılan bu cür spirtli içkilərin əksəriyyətinin üzərində heç saxlanma müddəti də qeyd olunmur. Belə saxta araqlar isə bir çox hallarda zirzəmilərdə, bəzən də yaşayış evlərində “kustar” üsulla hazırlanır. Tibbi müayinədən keçməyən, sanitar-gigiyenik normalara cavab verməyən içkilərdən istifadə edənlərdə ölüm olmasa belə, zəhərlənmə, mədədə narahatlıq, başgicəllənmənin olması qaçılmazdır.
MÖVZU İLƏ BAĞLI:
“İçki və siqaretin bahalaşması keyfiyyətsiz məhsullardan istifadəni artıracaq” – AÇIQLAMA
Bəs, spirtli içkidən zəhərlənmə halları nə vaxt baş verir? Hansı növ içkilər ağırlaşmalara səbəb olur?
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, zəhərlənməyə əsasən saxta içkilər səbəb olur:
“Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 4 il bundan əvvəl, bazarın içki seqmentindəki vəziyyəti araşdırdı və məlum oldu ki, ən prestij və bahalı restoranlarda brend içkilərin şüşələrində saxta içkilər təqdim olunur.
Ölkədə normal spirtli içki istehsal edən zavodlar da var. Onlar da öz bazarlarını təmizləmək üçün təəssüf ki, heç bir iş aparmır. Eləcə də, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu istiqamətdə iş görür”.
E. Hüseynov qeyd edib ki, belə olan halda, istehlakçılar əziyyət çəkir, zəhərlənmənin qurbanı olurlar:
“İstehsalçılar cəmiyyətdə səhv fikir formalaşdırıblar ki, spirtli içki müddətsizdir, nə qədər yaşı çox olsa, o qədər yaxşıdır. Bu, kökündən səhv fikirdir. Şərabların saxlanma müddəti satışda 6 aydan, araqda 1 ildən, konyaklar 3 ildən çox deyil. Lakin ən çox zəhərlənmə halı saxta içki və ya evdə hazırlanan “samaqon”lar səbəbilə olur”.
Nuranə Daxilqızı, Bizim.Media