Bakıda kənd təsərrüfatı necə inkişaf ETDİRİLƏCƏK? – ARAŞDIRMA 

Bakıda kənd təsərrüfatı necə inkişaf ETDİRİLƏCƏK? – ARAŞDIRMA 

Hazırda oxunan: Bakıda kənd təsərrüfatı necə inkişaf ETDİRİLƏCƏK? – ARAŞDIRMA 

174901

Məlum məsələdir ki, müstəqilliyin ilk illərindən etibarən kütləvi hal alan daxili urbanizasiya həm Bakı şəhərinin, həm də ətraf rayon, qəsəbə və kəndlərinin sıxlaşmasına, mərhələli şəkildə boş və istifadəsiz qalmış torpaqların zəbt olunmasına, qanunsuz və sənədsiz evlərin tikilməsinə səbəb oldu. 

Sonradan aydın oldu ki, həmin torpaqların böyük hissəsi kənd təsərrüfatlı, kiçik bir hissəsi isə dövlət əhəmiyyətli sahələrdir. Artıq evlər tikildiyi və yeni yaşayış sahələri salındığı üçün hökumət heç bir addım ata bilmədi. 
 

MÖVZU İLƏ BAĞLI:

Komitə sədri: “Bir sahəyə 3 il ardıcıl taxıl əksən, növbəti il məhsul verməyəcək”


Buna görə qismən salamat qalmış torpaqları əlində saxlamağa və səmərəli istifadə etmək üçün layihələr hazırlanmağa başlanılıb.

Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilə qədərki Baş Planında kənd təsərrüfatı əhəmiyyətli sahələrlə bağlı mühüm layihələr öz əksini tapıb. Belə ki, gələcək torpaq tələbatını ödəmək üçün sənəd çərçivəsində aqrar zona daxilində aşağıdakı iki alt kateqoriya müəyyən edilib. 

Təsərrüfat əraziləri

Bunlardan biri, təsərrüfat əraziləridir. Belə ki, əkin sahələri əsasən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunan sahələrdir. Son dövrlərdə yaşayış və ya bağ evlərinin qeyri-qanuni tikintisi nəticəsində kənd təsərrüfat təyinatlı ərazilərin böyük hissəsi zəbt edilib. 

Təəssüf ki, Baş Plan çərçivəsində bu cür tikinti nəticəsində itirilmiş kənd təsərrüfatı torpaqlarının yenidən öz təyinatı üzrə istifadəsinin təmin edilməsi mümkün deyil.

Lakin, Baş Planda mövcud və böyük dəyərə malik kənd təsərrüfatı torpaqlarının qorunması nəzərdə tutulur. İqtisadçı mütəxəssislər ənənəvi əkinçiliklə yanaşı, ərazidə kənd təsərrüfatının şaquli əkinçilik kimi yeni formalarının inkişafı üçün potensialının olduğu qənaətindədir. 
Bu, sahənin inkişafı üçün istismardan çıxarılmış karxana əraziləri və ya tikinti olmayan ərazilər uyğun görünür. Yeni texnologiyalar qida istehsalının münbit torpaqlardan (hansı ki, yarımsəhra iqlimin üstünlük təşkil etdiyi layihə ərazisində azlıq təşkil edir) asılılığını aradan qaldırmağa imkan verəcək və paytaxtın qida təminatı təhlükəsizliyini təmin edəcək. 

Aqrar-sənaye müəssisələrinin yaradılması

İkinci layihə isə aqrar-sənaye, yəni qida istehsalı və emal sahələrinin yaradılması ilə bağlıdır. 

Sənəddə göstərilir ki, aqrar-sənaye müəssisələrinin əraziləri geniş miqyasda kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən müasir avadanlıq və metodlardan istifadə edərək qida məhsullarının emalı və qablaşdırılması ilə məşğul olan sahələrin istifadəsi üçün nəzərdə tutulan ərazilərdir.

Göstəricilər çox aşağıdır…

Qeyd edək ki, Baş Planda 2020-2040-cı illər üzrə kənd təsərrüfatı sahələrinin göstəriciləri də yer tutub. 2020-ci ildə belə torpaqların ümumi sahəsi 70 159,8 hektat təşkil edirdisə, 2027-ci ildə bunun 67 897,4 hektara, 2040-cı ildə isə bunun 65 947,1 hektara düşəcəyi proqnozlaşdırılır. 

Aqrar-sənaye müəssisələri əksər hallarda ərzaq məhsulları üçün nəzərdə tutulan anbarlar və topdansatış bazaları ilə əlaqələndirilir.

“2040-ci ilədək 2800 hektar ərazi inkişaf etdiriləcək”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Aydın Hüseynov, Baş Planda torpaqdan istifadə tələbatının qiymətləndirilməsi prosesində altı əsas daşınmaz əmlak kateqoriyası müəyyən edildiyini diqqətə çatdırıb:

“Bunlar əsasən, ofislər, o cümlədən, elmi-tədqiqat mərkəzləri və təhsil müəssisələri, sənaye parkları və anbar təsərrüfatları, pərakəndə satış obyektləri, qonaqlama obyektləri, təsərrüfat sahələri və icarəyə verilən torpaqlar və bərpa olunan enerji stansiyaları üçün nəzərdə tutulmuş sahələrdir. Baş Plan çərçivəsində hazırlanmış kvant modelinin tətbiqi ilə hər iqtisadi sektor və daşınmaz əmlak seqmenti üçün ərazi tələbatına dair qiymətləndirmələrin nəticələri əks olunub. 

Şəhərin düzgün inkişafını dəstəkləmək, bazar və təkamül tələbatına cavab vermək, yeni şəhər iqtisadiyyatının ərazi tələbatını ödəmək üçün, ümumilikdə, təxminən 2800 ha ərazinin inkişaf etdirilməsi və ya təyinatının dəyişdirilməsi tələb olunur”. 

Müsahibimiz qeyd edib ki, Bakı şəhərinin ətraf əraziləri və Abşeron yarımadası kənd təsərrüfatı məqsədləri üçün əlverişli torpaq ehtiyatlarına malikdir:

“Sənəddə, mövcud və böyük dəyərə malik kənd təsərrüfatı torpaqlarının qorunması nəzərdə tutulur. Burada ənənəvi əkinçiliklə yanaşı, ərazidə kənd təsərrüfatının şaquli əkinçilik kimi yeni formalarının inkişafı üçün potensialın qiymətləndirilməsi ilə yanaşı monitorinqi aparılacaq və buna uyğun qərar veriləcək. Hazırda aqrar-sənaye müəssisələrinin qurulması prioritet məsələlərdəndir. Ümumilikdə, 2040-cı ilə qədər paytaxtda kənd təsərrüfatı təyinatlı torpaqların ümumi sahəsinin 65,9 min hektarda saxlanılması nəzərdə tutulur”.

Rövşən Ziya, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO