Deyə bilmədiklərini əsərlərində ifadə edən SƏNƏTKAR – REPORTAJ/FOTO 

Deyə bilmədiklərini əsərlərində ifadə edən SƏNƏTKAR – REPORTAJ/FOTO 

Hazırda oxunan: Deyə bilmədiklərini əsərlərində ifadə edən SƏNƏTKAR – REPORTAJ/FOTO 

172445

Rəhman Kamiloğlunun əl işləri dəfələrlə respublika və beynəlxalq səviyyəli sərgilərdə nümayiş etdirilib, diplomlara layiq görülüb. O, 2021-ci ilin dekabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə keçirilmiş Əlilliyi olan şəxslərin XI Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində bədii tikmə nominasiyası üzrə 1-ci yerə layiq görülüb, diplomla mükafatlandırılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hazırda Rəhman Kamiloğlu sevdiyi sənətdən bir an belə olsa ayrılmır, yaradıcılığını inkişaf etdirmək üçün daim çalışır, axtarır, yeniliklərə can atır.

Rəhman Kamiloğlu Şəkidə eləcə də ölkəmizdə xovlu tikmə sənəti ilə məşğul olan yeganə kişi sənətkar kimi tanınır. Taleyinə anadangəlmə əlillik payı düşən ikinci qrup əlil olan Rəhman artıq 20 ildən çoxdur ki, bədii tikmə sənətinin bu növü ilə məşğul olur.  

Onun balaca emalatxanası həm də əsərlərinin nümayiş etdirildiyi sərgi salonudur. 


Bura həm də Rəhmanının iç dünyasını əks etdirdiyi böyük bir məkandır. Ona görə böyük deyirik ki, zərgər dədiqliyi ilə ərsəyə gətirdiyi hər bir əsərində böyük məna, çalar var.

Xovlu tikmə ustasının əsərləri ilə tanış olduğumuz bu dəqiqələrdə iş yoldaşları əlində tort otağa daxil olur. Gözlənilməz gəliş otaqda bir anlıq sükut yaratsa da sonradan hər kəsin sevincinə səbəb olur. Demə bu günlərdə Rəhmanın doğum günü olub və dostlar da həmin günü Rəhmana beləcə sürpriz ediblər.

Xovlu tikmə sənətini yaşadan və sehirli əlləri ilə gözəl sənət əsərləri yaradan Rəhman əsərlərində rəng çalarlarını, rəng seçimini, rənglərin bir-birinə keçidini çox gözəl həll edir. Bu xüsusi bir ustalıq tələb edir. Rəhmanın hər bir əsəri ölçüsündən aslı olaraq 4-8 aya və ya bir ilə ərsəyə gəlir. 


Sənətkarlar evinin direktoru Xəyalə Əliyeva həm də onun şagirdi sayılır. Artıq beş ilə yaxındır vaxt olduqca Xəyalə xanım Rəhmandan bu sənətin sirlərini öyrənməyə çalışır.

Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərindəki şanlı Qələbəsindən ruhlanan Rəhman doğma Qarabağın təbiət gözəlliklərini, möhtəşəm tarixi abidələrini müxtəlif saplarla kətan üzərində toxumaqla maraqlı kompozisiyalar yaradıb. Onun pandemiyadan bəhs edən əsəri isə qlobal problemin bütün çalarları ilə əks olunub. 

Onun iləmələrlə toxuyub ərsəyə gətirdiyi tarixi məkanlar, təbiət mənzərələri, küçələr, eyvanlar, biri-digərindən maraqlı, göz oxşayan tablolar sanki zərgər dəqiqliyi ilə ölçülüb-biçilib.

Əsərləri izlədikdə anlayırsan ki, sənətkar hər birinə göz nuru töküb, üzərində aylarla vaxt sərf edib.


Doğulduğu diyarın təbiət mənzərələri, qədim yaşayış məhəllələri, tarixi binalar, daş döşənmiş küçələr, qırmızı kirəmitli evlər, eyvanlar, həmçinin Şəki xanlarının sarayı, Yuxarı və Aşağı karvansaraylar, məscidlər, minarələr, körpülər və digər qədim tarixi abidələr Rəhmanın əsərlərinin əsas mövzusunu təşkil edir. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO