Tanınmış avtomobil şirkəti olan “Range Rover”in və 107.7 - AVTO FM radio kanalının Azərbaycan qanunlarını pozması ilə bağlı xəbər dərc etmişdik.
Yazıda şirkətin öz rəsmi saytında, 107.7 dalğasında, eləcə də digər kütləvi informasiya vasitələrində "Range Rover” avtomobilinin satışını, reklamını və ödəniş sistemini qanunvericiliklə məsuliyyət yaradan dollarla həyata keçirdiyini tutarlı faktlar əsasında bildirmişdik.
Belə ki, 107.7 – AVTO FM Novruz bayramı ərəfəsində “Range Rover”in satışını və reklamını dollarla təqdim edib. 79 min dollardan başlayaraq təklif olunan avtomobilin 107.7 - AVTO FM-də açıq reklamı bir neçə gün davam edib.
Halbuki Mülki Məcəllənin tələbinə görə, malların qiymətləri istər satış zamanı, istərsə də reklam olunarkən manatla göstərilməlidir.
Media qurumunun və tanınmış şirkətin qanun pozuntusu KİV-də reklam fəaliyyətinin tənzimlənməsi, “Reklam haqqında” qanun, Azərbaycan Konstitusiyası, İnzibati Xətalar Məcəlləsi, eləcə də Dövlət Vergi Xidmətinin tələbləri ilə məsuliyyət yaradıb və aidiyyəti qurumları hərəkətə gətirib.
Ötən sayımızdakı yazıda qeyd olunan məsələ ilə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) araşdırma aparacağını və nəticəsi barədə məlumat verəcəyini bildirmişdi.
Məlum qanun pozuntusu ilə bağlı MTRŞ araşdırmanın nəticəsini Bizim.Media-ya təqdim edib.
MÖVZU İLƏ BAĞLI:
Dollarla satılan avtomobil reklamına aydınlıq gəldi – İTV günahkar deyil - SƏSYAZISI
Tanınmış avtomobil şirkəti qanunu pozur – Cəzalanan olacaqmı? - FOTO
Qurumun aparat rəhbəri Fazil Novruzov saytımıza açıqlamasında Monitorinq Qrupunun 107.7 – AVTO FM radiosunda yol verdikləri qanun pozuntusunu aşkarladığını təsdiqləyib:
“Məsələni Monitorinq Qrupumuz araşdırıb. Həqiqətən də martın 22-si və 23-ü “Range Rover” in dollarla reklamı yayınlanıb. Orada qanun pozuntusu var. Amma bu pozuntuya Milli Televiziya və Radio Şurası nəzarət edə bilmir. İqtisadiyyat Nazirliyinin səlahiyyətində olan bir məsələdir. Amma biz AVTO FM radio kanalına müraciət etdik və öz tərəfimizdən bildirdik ki, qanun pozulması halı baş verir.
Reklamın verilməsində manat işlədilməlidir. Görünür, sosial şəbəkələrdəki narazılıq və müzakirələrin də təsiri olub. Çünki radiodan bizə bildirildi ki, artıq martın 24-dən etibarən həmin reklamın yayınını dayandırıblar və məsələyə son verilib. Eyni zamanda reklam verən şirkətə də bu barədə bildirilib”.
Fazil Novruzov əlavə edib ki, sözügedən qanun pozuntusuna görə İqtisadiyyat Nazirliyi sanksiya tətbiq edə bilər:
“İnzibati Xətalar Məcəlləsində 445-ci maddə var. Bu məcəlləyə görə cəza vermək hüququ İqtisadiyyat Nazirliyinə aiddir. Bizim belə bir səlahiyyətimiz yoxdur. Nazirlik isə hansı cəzanı tətbiq edəcək və ya etməyəcək onu özləri məlumat versin. Bizim səlahiyyətimiz isə burada dayanır”.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən cavab ala bilmədik.
Qeyd edək ki, Azərbaycanda Konstitusiyaya əsasən ödəniş vasitəsi kimi yalnız milli pul vahidi olan manatdan istifadə olunur. Konstitusiyanın 19-cu Maddəsində yazılır:
1. Azərbaycan Respublikasının pul vahidi manatdır.
2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.
3. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
2015-ci il mayın 15-də qüvvəyə minmiş “Reklam haqqında” qanunun 4-cü maddəsinin (Reklama dair tələblər) 4.9 bəndinə əsasən reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir.
“Reklam haqqında” qanunda yazılıb ki, bütün məhsulların qiymətləri milli valyutada göstərilməlidir.
Bundan əlavə Azərbaycanda “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanun da fəaliyyət göstərir.
Bu qanunun istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququnu ifadə edən 13-cü maddəsində göstərilib ki, satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir.
Mövzunu davam etdirəcəyik...
Alçina Amilqızı, Bizim.Media