Bizə ən dəyərli hədiyyəni Prezidentimiz verdi - Sahil Tahirli YAZIR

Bizə ən dəyərli hədiyyəni Prezidentimiz verdi - Sahil Tahirli YAZIR

Hazırda oxunan: Bizə ən dəyərli hədiyyəni Prezidentimiz verdi - Sahil Tahirli YAZIR

171445

Naxçıvanda əsası qoyulan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə ən böyük hədiyyə nə ola bilərdi?! Mübaliğəsiz deyə bilərik ki, bu böyük hədiyyəni cənab prezidentimiz  bu gün bizə verdi: Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamaqla.

Bizim.Media Sahil Tahirlinin mövzu ilə bağlı geniş yazısını təqdim edir:

Naxçıvanın muxtariyyətini böyük tarixi nailiyyət adlandıran ulu öndər Heydər Əliyev də onun qorunub saxlanılması, yubileylərinin keçirilməsi ilə bağlı mühüm tarixi xidmətlər göstərib.

Və tarix sübut edib ki, Naxçıvan bütün sınaqlardan üzüağ çıxmaqla ən gözəl təltif, ad və yubileylərə layiq olduğunu təsdiqləyib. Sərəncamda deyildiyi kimi: “Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir”.

...Bu bir həqiqətdir ki, Naxçıvan elə-belə Naxçıvan olmayıb; Naxçıvan olmağın taleyini yaşayıb, onun haqqını canı-qanı ilə verib, bu haqqı qazanıb! Dəfələrlə dağıdılıb, yerlə yeksan edilib, amma kərpic-kərpic, pillə-pillə yenidən ucalıb. Nəfəs alıb, yaşayıb, var olub. Bu, heç kimə asan gəlməsin; Tarix boyu üç böyük imperiyanın ortasında yaşamaqdan, var olmaqdan, duruş gətirməkdən söhbət gedir: “2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar”.

Naxçıvanın adı gələndə Gəmiqayada iz salmaqdan, Mömünə-Xatında naxışlanmaqdan, Əlincədə qılınc çalmaqdan, Əshabi-Kəhfdə müqəddəsləşməkdən, “Qars”da tarixləşməkdən, Sədərəkdə döyüşməkdən, Şuşada zirvələşməkdən söz açılır. Əcəminin əsəri, Nəiminin sorağı, Cavidin, Cəlilin bəşəriliyi, Yusifin elmiliyi, Odubadinin nəsri, Məmməd Arazın mamırlı qayası, Heydər Əliyevin ucalığı, İlham Əliyevin komandanlığıdır Naxçıvan:

“Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.
90-cı illərdə donurdu, əzilirdi, ac-susuz qalırdı, amma Azərbaycandan qopmurdu, Arazın kənarında “Hər bir dərddən olur yaman ayrılıq” deyə-deyə bütün dünya azərbaycanlılarını birləşdirirdi. İperalist və şovinist Soveti rədd edirdi, 20 yanvara hüquqi-siyasi qiymət verirdi, üçrəngli bayrağı qaldırırdı: “Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır”.

Bu gün inkişaf edən, dəyişib yenilənən Naxçıvan Ulu öndər Heydər Əliyevin əsəri, Prezident İlham Əliyevin bu torpağa böyük sevgi və qayğısının təntənəsidir. Az qalıb, birazdan Naxçıvan dünyaya açılacaq, blokadanı darmadağın edəcək, qatarla, şüşə kimi asvalt yollarla Londona, Pekinə qədər yol alacaq. Çünki o, dünyanın mərkəzi, nəqliyyat və kommunikasiyaların coğrafi baxımdan kəsişdiyi nöqtədir: “Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.

Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika yaşıl enerji zonası elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir”.

Bəli, bizi yubiley ilindən cəmi 1 gün ayırır. Çox möhtəşəm və təntənəli tədbirlərlə qeyd olunacağı indidən bəllidir. Xüsusi tədbirlər planı, xarici ölkələrdə sərgi, mədəni proqram və təqdimatlar, mədəni-kütləvi tədbirlər, təltiflər, müasir infrastruktur quruculuğu və sair və ilaxır. Əsas odur ki, Naxçıvan, onun zəhmətkeş, iradəli, savadlı insanları buna layiqdir, bizim müstəqil, suveren və güclü dövlətimiz buna layiqdir! Var ol, qədim diyar, daim ucal, yaşa! Beş min illik tarixinin 100 illik muxtariyyəti qutlu olsun!

P.S. Qazanmaq çox çətindir, itirməyə nə var ki?! Bu sərəncam həm də, Naxçıvanın muxtariyyətinə ağız büzən, onun ləğvi ilə bağlı cəfəng iddialar ortaya atanlara da ən yaxşı cavab oldu. Onları da “təbrik edirəm”!

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO