Bir zaman bölgədə səhiyyə mərkəzi olan Şəkidə bu gün həkim çatışmır.
İki ay əvvəl Şəki Rayon Mərkəzi Xəstəxanasında həkim çatışmazlığından azyaşlının ölməsi müzakirə mövzusuna çevrilmişdi. Bu fakt sonradan səhiyyə ocağında digər problemlərin də mövcud olduğunu üzə çıxardı.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 200 min nəfərə yaxın sakini olan və yüzlərlə qonaq- qara qarşılayan Şəkidə 90-a yaxın ixtisaslı həkimə ehtiyac var. Həkim çatışmazlığı bu rayonda hər keçən gün daha çox hiss olunur.
MÖVZU İLƏ BAĞLI:
Cəbrayıl və Qubadlıda modul tipli xəstəxana QURAŞDIRILACAQ
Sakinlər nə düşünür?
Əvvəlcə sakinlər arasında problemlə bağlı sorğu apardıq. Bildirildi ki, son vaxtlar rayonda bir neçə özəl klinikaların fəaliyyətə başlaması, təcrübəli həkimlərin həmin tibb müəssisələrində fəaliyyət göstərməsi, bəzilərinin isə paytaxt Bakıya getməsi bu sahədəki boşluğu bir qədər də dərinləşdirib.
Mövcud vəziyyətlə yerində tanış olmaq məqsədi ilə Rayon Mərkəzi Xəstəxanasında olduq. Bu səhiyyə ocağında mütəxəssislərlə görüşərək problemləri onların dilindən dinlədik.
Şəki Perinatal Mərkəzinin 9 rayonu əhatə etdiyini deyən ansetezioloq -reanimatoloq Gülnarə Cabbarova bildirib ki, həkim çatışmazlığı şəraitində işləmək daha çox çətinlik yaradır.
Hazırda Perinatal Mərkəzdə işləyən həkim mama-ginekoloqların bir neçəsinin 65 yaşını tamamladığını deyən həkim onların müqavilə ilə fəaliyyət göstərdiyini, ümumilikdə isə 12 nəfər mama-ginekoloqa ehtiyac olduğunu qeyd edib.
Ansetezioloq-reanimatoloq Gülnarə Cabbarova bildirir ki, Perinatal Mərkəzdə həkimlərin əksəriyyəti müqavilə ilə işləyir. “Bir həkim illik məzuniyyət götürəndə biz bu boşluğu heç cürə doldura bilmirik və çatışmazlıqlar yaranır. Ona görə də gördüyümüz xidmətin həm səviyyəsi ağaşı düşür, həm də çox çətinlik çəkirik” deyən həkim məsələnin həlli üçün təcili tədbirlərin görülməsini zəruri hesab edir.
Xəstəxanada radiologiya şöbəsində də həkim çatışmazlığı var və bu, uzun növbələrə səbəb olur. Hazırda bu sahədə iki həkim fəaliyyət göstərir və onların hər ikisi yaş həddinə görə müqavilə ilə işləyir. Bu sahə üzrə isə 6 həkim radioloqa ehtiyac var.
Problem nə zaman həll oluncaq?
Xəstəxananın baş həkimi Arzu İlyaslı bildirir ki, Şəki Rayon Mərkəzi Xəstəxanası və tabeli tibb müəssisələrində ümumilikdə 90 vakant həkim ştatı var. Baş həkim Təcili Tibbi Yardım xidməti sahəsində də ciddi həkim çatışmazlığının yaşandığını qeyd edir.
Baş həkimin sözlərinə görə, ilk növbədə kardiologiya, reanimasiya və intensiz terapiya, eyni zamanda ginekologiya, radiologiya və digər sahələrdə ixtisaslı həkim kadrlara böyük ehtiyac var. Bu baxımdan bu sahələr üzrə müraciət edən vətəndaşların uzun növbələri yaranır. Bu isə nəticədə vətəndaş şikayətləri ilə nəticələnir.
Arzu İlyaslı son bir ildə xəstəxanada müxtəlif sahələri əhatə edən müasir tibbi avadanlıqların quraşdırıldığını da diqqətimizə çatdırır. Ən maraqlı və diqqəti cəlb edən xəbər isə bu oldu ki, növbəti ildən Şəki və ətraf rayonların sakinləri açıq ürək əməliyyatları üçün əlavə xərc çəkib daha Bakıya getməyəcəklər.
Gələn ildən etibarən regionlarda Gəncə şəhərindən sonra ilk dəfə Şəkidə kardioloji müayinələrin və ürək əməliyyatlarının aparılması mümkün olacaq. Hazırda bu istiqamətdə texniki hazırlıq işləri görülür. Bu sahədə çalışacaq həkimlər isə Bakıda təlim və kurslara cəlb edilib.
Mərkəzi Xəstəxanada həkim çatışmazlığını aradan qaldırmaq məqsədi ilə daha bir yenilik ondan ibarət olacaq ki, növbəti il paytaxtdakı xəstəxanalarından biri ilə əldə edilmiş razılığa əsasən ordan həkimlər Şəkiyə ezam olunacaq. Bu isə həkim çatışmazlığını qismən də olsa aradan qaldırmağa imkan verəcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu