Sayı artan MƏİŞƏT ZORAKILIQLARI – “Mədəni səviyyəmiz yüksək olsa, cinayətkarlıq aşağı düşəcək”

Sayı artan MƏİŞƏT ZORAKILIQLARI – “Mədəni səviyyəmiz yüksək olsa, cinayətkarlıq aşağı düşəcək”

Hazırda oxunan: Sayı artan MƏİŞƏT ZORAKILIQLARI – “Mədəni səviyyəmiz yüksək olsa, cinayətkarlıq aşağı düşəcək”

168972

Azərbaycanda son ildə məişət zorakılığının sayı üç dəfə artıb. Zorakılığı törədənlərin daha çox işsizlər olduğu statistikadan məlumdur. Bu günlərdə məişət zorakılığı ilə mübarizə mövzusunda keçirilən konfransda Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov cinayət törədilməsində təqsirləndirilənlərin yaşı, təhsili, məşğuliyyəti ilə bağlı məlumat verib.

Onun sözlərinə görə, məișət zorakılığı ilə bağlı olan cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin 27 nəfəri (4,3 faizi) ali təhsilli, 94,5 faizi orta təhsilli, iki nəfəri (0,32 faizi) natamam orta təhsillidir.

Statistik rəqəmlərdən bəlli olur ki, 622 nəfərin təqribən 593 nəfəri orta təhsilli şəxslərdir. Zorakılıq törədənlərin cəmi ikisi natamam və az hissəsi ali təhsil almışlardır. Göstərilən rəqəmlərdən belə bir nəticə çıxır ki, universitet və orta məktəb təhsili arasında xeyli fərq var. Orta məktəbin işinin yalnız ali məktəbə tələbə hazırlamaq olmadığı hamıya məlumdur. Məktəbin vəzifəsi şagirdlərin təlim-tərbiyəsini həyata keçirməkdir.

Belə olduqda yaranan bu fərqin səbəbi nələrdir?

Milli Məclisin deputatı Musa Quliyev Bizim.Media-ya mövzu barədə fikirlərini bölüşüb. O, gələcəkdə də məişət zorakılığı hallarının qaçılmaz olduğunu deyib:

“Məişət zəminində zorakılıq, cinayət halları həmişə olub, bu gün də var, təəssüf ki, sabah da olacaq. Məişət zorakılığı ilə bağlı məhkəməyə müraciətlər olub və ondan sonra bu rəqəmlər ortaya çıxıb. Mən sizi inandırıram ki, əgər ciddi araşdırma aparılsa, sorğu keçirilsə, məişətdə psixoloji, iqtisadi səbəbdən zorakılıq fiziki zorakılıqlardan qat-qat çox olduğu məlum olar və onlarla da demək olar ki, heç bir mübarizə aparılmır. Məişət zorakılığının səbəbləri çoxdur, buna müxtəlif; iqtisadi, sosial, psixoloji uyğunsuzluq, ailə daxilində münaqişələrin olması və s. faktorlar təsir edir”.

Deputat hesab edir ki, cəmiyyətin mədəni səviyyəsi yüksəldikcə, məişətdə baş verən neqativ hallar azalacaq:

“Ən əsas səbəb statistikadan da göründüyü kimi, ailə üzvlərinin mədəni, təhsil səviyyəsilə bağlıdır. Nə qədər mədəniyyət yüksək olacaqsa, nə qədər çox savadlı insanlarımız olacaqsa, qanun və cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən insanlarımız olacaqsa, o qədər də o zəmində cinayətkarlıq aşağı düşəcək. Cəmiyyətin nə qədər təhsil səviyyəsi, mədəniyyət səiyyəsi, sosial-iqtisadi imkanları yüksək olarsa, cinayətkarlıq da, məişət zorakılığı da az olar”.

Deputatın fikrincə məişət zorakılığı ilə bağlı kompleks mübarizə aparılmalıdır:

“İkinci istiqamət profilaktik istiqamət olmalıdır. Burada əsas ailədə uşaqlar və onların hüquqları, təhlükəsizliyi qorunmalıdır. Bundan ötrü hər bir yaşayış məntəqəsinin sahə polis məmuru var, hər bir rayon polis idarəsində yeniyetmələrin işləri ilə bağlı xüsusi inspeksiya var. Eyni zamanda, sahə terapevti, uşaq həkimi, orta məktəb və məktəbin müəllimləri var ki, bunlar hər bir ailənin evinə getmək, ən azı onlarla daim kontaktda olmaq imkanlarına sahibdirlər. Qanun da, onların tutduğu vəzifə də buna imkan verir.

Ona görə də bu insanların da üzərinə müəyyən məsuliyyət düşür ki, ailə daxilində hiss etdikləri, gördükləri gərginliklər, uyuşmazlıqlar cinayət halına, zorakılığa gəlib çatmamış müvafiq profilaktik tədbirlər görülsün. Bundan başqa, hər bir rayon icra hakimiyyyətinin strukturunda ailə, qadın, uşaq problemləri ilə məşğul olan şöbə var ki, bunlar da müyyən profilaktik işlər, maarifləndirmə işlərini aparmalıdırlar.
Eyni zamanda, hər kənddə, qəsəbədə bələdiyyələr və rayon icra başçısının nümayəndələri var. Onların da vəzifəsi birbaşa ailədaxili münasibətlərin tənzimlənməsində rol oynamaqdan ibarətdir. Bütövlükdə götürəndə cəmiyyət də, dövlət də qarşılıqlı şəkildə bu məsələlərdə həssas olmalıdır. Ailənin yaxın üzvləri var ki, bu ailə ilə bir yerdə yaşamır, amma ailədəki proseslərdən xəbərləri var. Onlar və qonşular da humanizm göstərərək öz təsirlərini göstərməlidirlər.

Əlbəttə, kompleks şəkildə davamlı istiqamətdə bu tədbirlər görülərsə, məişət zəminində zorakılıq sayını aşağı salmaq mümkündür. Amma tamamilə bunları aradan qaldırmaq bir az problemli məsələdir və dünyanın heç bir dövləti buna nail olmayıb”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO