Ali məktəblərin nəzdinə veriləndən sonra kolleclərin fəaliyyəti niyə GERİLƏYİB? – Deputatdan ETİRAZ

Ali məktəblərin nəzdinə veriləndən sonra kolleclərin fəaliyyəti niyə GERİLƏYİB? – Deputatdan ETİRAZ

Hazırda oxunan: Ali məktəblərin nəzdinə veriləndən sonra kolleclərin fəaliyyəti niyə GERİLƏYİB? – Deputatdan ETİRAZ

168685

“Xeyli vaxtdır ki, orta ixtisas təhsilli ibtidai sinif müəllimləri hazırlamırıq. Yəqin ki, eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq. Növbəti mərhələdə məktəbəqədər təhsil mütəxəssislərinin minimum bakalavr təhsili sahəsində hazırlanmasına nail olmalıyıq".

Bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsillə bağlı keçirilən konfransda deyib. 

Nazir müəllimlərin sertifikasiya imtahanı ilə bağlı nəticələri şərh edərkən dəfələrlə zəif nəticə göstərən müəllimlərin çoxunun orta ixtisas təhsilli olduqlarını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı İlahiyyat Kolleci yaradıldı – QƏRAR  


Kolleclərdə müəyyən ixtisaslar üzrə hazırlıqların məhdudlaşdırılacağını nəzərə alsaq, kolleclərin aqibəti necə olacaq? Bu, kollec təhsilinə inamsızlığa və onların bağlanmasına zəmin yarada bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Etibar Əliyev bu fikirlərin kollec təhsilini gözdən salacağını deyib:

“Kolleclə universitetin təhsilinin keyfiyyəti nə qədər fərqlənir ki? Guya Pedaqoji Universitetin məzunları yaxşı nəticə göstərmişdilər?! Əgər kolleclər universitetlərin nəzdinə verilibsə, universitet zəhmət çəkib kollecdəki təhsilin keyfiyyəti ilə də maraqlanmalıdır. 

Digər tərəfdən axı Pedaqoji Universitetin özündə təhsilin keyfiyyəti elə də yüksək deyil. Biz professor, müəllim heyəti ilə yaxından tanışıq, orada əsas fənnlərin; fəlsəfə, pedaqogika, psixologiya, təbiət elmlərinin tədrisi ilə yaxından tanışıq.
Ona görə də mən kollec təhsilinin get-gedə yoxa çıxmasının tərəfdarı deyiləm. Dünyada, ölkələrin təhsil sistemində kollec təhsili çox önəmli rol oynayır.

Təhsil haqqında qanunda subbakalavr pilləsini bitirənlərə ali təhsilə keçid üçün şərait yaradılıb. Bir tərəfdən istəyirik ki, kollec təhsilini inkişaf etdirək, digər tərəfdən, nazir səviyyəsində belə bir fikirlər səslənirsə, əlbəttə, gələcəkdə bunun özü kollec təhsilinin gözdən salınmasına gətirib çıxarır”.

Milli Məclisin üzvü hesab edir ki, kolleclər ali məktəblərin nəzdinə verildikdən sonra onların fəaliyyətində ciddi geriləmə baş verib:

“Ali məktəb rəhbərinə tabeçilikdən sonra avtoritar idarəetmə, idarəetmədə, təhsilin məzmunununda qüsurlar yarandı. Biz bu təcrübəni yoxladıq, bu təcrübə pozitiv nəticə vermədi. İndi kolleclərin müstəqil fəaliyyət göstərməsinin tərəfdarıyam. Kollec proqramları, kollecdə tədris olunan fənnlərin məzmunu yenilənsin. Kollec müəllimləri kimlərdir? Kollec müəllimlərinin tərkibini görsəniz, kollec təhsilinin keyfiyyətini də dərhal hiss edə bilərsiniz. Kolleclərə müstəqillik verilməlidir. Asılılıq keyfiyyətdə elə bir dəyişiklik yaratmadı”.

Deputat kolleclərdə pedaqoji ixtisaslara qızların daha çox meyl etdikləri vurğulayıb:

“Təhsilin bu pilləsində kvalifikasiyaları genişləndirməliyik, ali məktəblər arasında rəqabət yoxdursa, görək, kollec və ali məktəb arasında elementar rəqabət mühiti yaranırmı? Kollecin adını oxuyub qurtarmaq da olmur: Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci… Bu irilikdə ad olar?! Pedaqoji kollec, vəssalam. 

Bunlar elə bilir ki, o adı ora yazmasalar, ali məktəb rəhbərliyinin tabeliyindən çıxacaqlar. Kolleclər gündəmə gəlməlidir. Dünyanın hər yerində kollec təhsili təhsil sisteminin böyük bir həlqəsidir və bunu sıradan çıxarmaq heç də ixtisaslı kadrların hazırlanmasında  müsbət effekt verə bilməz”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO