Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əsir hərbi qulluqçuların qarşılıqlı mübadiləsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər - Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.
Maraqlıdır, əsirlikdən azad olunan hərbçilərimiz və ya ümumiyyətlə, əsirlikdən geri qayıdan şəxslərin hərbi xidmətləri ilə bağlı məsələ necə nizamlanır?
Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ermənistan hərbçilərin qarşılıqlı azad edilməsi barədə razılıq əldə edib
O bildirib ki, Aqşin Bəbirov və Hüseyn Axundovun hərbi xidmətləri başa çatdırıldığı üçün xidmətlərini davam etdirməyəcəklər:
Onlar Azərbaycana qaytarıldıqdan sonra müəyyən standart prosedurlardan keçəcəklər. Həmin prosedurlardan sonra evlərinə buraxılacaqlar.
Bu əsgərlər bilərək əsir düşməyiblər və ya xidmətdən yayınmayıblar. Mövcud hava şəraiti ilə bağlı azdıqları üçün əsir düşüblər. Buna görə də xidmət müddətləri başa çatmış hesab olunacaq və hərbi vəsiqələrini alacaqlar”.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Daha sonra Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılmışdı.
Məhərrəm Əliyev, Bizim.Media