Polşalı turistlə ingiliscə danışaraq məşhurlaşan Xınalıq məktəblisi indi HARADADIR? – FOTO/VİDEO

Polşalı turistlə ingiliscə danışaraq məşhurlaşan Xınalıq məktəblisi indi HARADADIR? – FOTO/VİDEO

Hazırda oxunan: Polşalı turistlə ingiliscə danışaraq məşhurlaşan Xınalıq məktəblisi indi HARADADIR? – FOTO/VİDEO

167887

Ötən il Rüfət Kəlbiyev adına Xınalıq internat tipli tam orta məktəbinin 6-cı sinif şagirdi İbrahim Zeynalov kəndlərinə gələn polşalı turist Kamil Cichocki ilə ingilis dilində sərbəst və səlis danışığı ilə gündəmə gəlmişdi.

Əcnəbi turist Polşaya qayıdandan sonra İbrahimlə videosunu sosial şəbəkələrdə paylaşaraq ictimailəşdirib. İbrahim Zeynalovu bu paylaşımdan sonra bir çox insanlar tanımağa başlayıb.

O günədək heç vaxt Qubanın rayon mərkəzinə gəlməyən xınalıqlı şagird, həmin videodan sonra Bakıda bir çox görüş və tədbirlərə dəvət alıb. İbrahim 2023-cü ilin iyul ayında Böyük Britaniyada yay düşərgəsində iştirak edib, ingilis dilində daha sərbəst və savadlı danışmağın incəliklərini öyrənib.


İbrahim Zeynalov eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyində də qonaq olub. Türkiyə səfiri Cahit Bağçı ilə səmimi söhbət edən məktəbli ona gələcək arzularından da danışıb və nüfuzlu təhsil ocaqlarının birində təhsil almaq istəyini dilə gətirib. Bundan sonra o, Türkiyə məktəbinə qəbul olunub.

14 yaşlı İbrahim Zeynalov hazırda Bakıda Tükiyənin Azərbaycandakı Səfirliyinin Beynəlxalq Maarif Məktəbinin 7-ci sinifində oxuyur.


Bütün bunlar barədə Bizim.Media-ya İbrahimin atası, Xınalıq sakini Bəhmən Zeynalov danışıb.

Onun sözlərinə görə, övladı burada Azərbaycan dili ilə yanaşı 4 əcnəbi dildə-türk, ispan, rus, ingilis dillərində təhsil alır. Ailənin maddi vəziyyəti nəzərə alınaraq İbrahim ödənişsiz oxuması təmin edilib. İbrahim Zeynalov Bakıda nənə və babası ilə kirayədə yaşayır, öz üzərində daim çalışır.Onun təhsil alması üçün dağlıq Xınalıq kəndindən mərkəz Bakıya köçüb gələn babası Zal və nənəsi Mələknisə nəvəsinin qulluğunda dayanır.


Dövlət Turizm Agentliyinin Xınalıq Dövlət Mədəniyyət və Etnoqrafiya Qoruğunun əməkdaşı Bəhmən Zeynalov Türkiyə Beynəlxalq Maarif Məktəbinin 9 illik təhsil bazasında fəaliyyət göstərdiyini deyib.

Bildirib ki, İbrahimin 9-cu sinifdən sonra orta təhsilini harada başa vuracağı onun qazanacağı təhsil uğurlarından asılı olacaq.


Xınalıq məktəblisi ciddi cəhdlə ona yaradılan şəraitdən yararlanaraq öz üzərində durmadan çalışır. Vaxt tapanda onu şöhrət zirvəsinə çatdıran Polşadan olan dostu Kamil Cichocki ilə telefonla danışır. Onunla gələcək planlarını bölüşür. İbrahimin ən böyük arzusu isə gələcəkdə dünyanın nüfuzlu ali məktəblərinin birində təhsil almaqdır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO