Tükənən HƏYAT MƏNBƏYİMİZ – Susuzluq problemi yaşamamaq üçün NƏ ETMƏLİYİK?

Tükənən HƏYAT MƏNBƏYİMİZ – Susuzluq problemi yaşamamaq üçün NƏ ETMƏLİYİK?

Hazırda oxunan: Tükənən HƏYAT MƏNBƏYİMİZ – Susuzluq problemi yaşamamaq üçün NƏ ETMƏLİYİK?

167324

Hansısa məhsulun və yaxud malın qiymətinin çox ucuz olmasını bildirmək üçün çox zaman belə bir ifadə işlədirik: “Su qiymətinədir”. Bu da onu göstərir ki, bizdə zaman-zaman suya ən ucuz məhsul kimi baxılıb. 

Bəlkə də elə buna görə sudan çox zaman israfçılıqla istifadə etmişik. Təsadüfi deyil ki, rəsmi statistikaya görə, ölkəmizdə su itkisi 40 faizin üzərindədir. 
 

MÖVZU İLƏ BAĞLI:

ÜST-dən qlobal istiləşmə ilə bağlı açıqlama: “3,3 milyard insan əziyyət çəkir”


Üstəlik, suyun təkrar emalı məsələsində də problemlər var.

Hazırda min bir çətinliklə və xərclə Abşeron yarımadasına gətirilən sudan həm qida sektorunda, həm sənayedə, həm də xidmət sahələrində istifadə edilir. Hətta əkinlər və yaşıllıqlar içdiyimiz su ilə suvarılır. Bu da təbii ki, israfçılığa yol açır. 

Halbuki, əvvəllər texniki su anlayışı vardı. İstehsal sahələrində istifadə edilən sular kimyəvi təmizləmə prosesindən keçəndən sonra xidmət sektoruna yönəldilirdi. Yaşıllıqların suvarılmasında və avtoyuma salonlarında həmin texniki sudan istifadə edilirdi. 

Lakin müstəqilliyimizin ilk illərində Abşeron yarımadasında yaradılmış texniki su sistemi dağıdılıb, məhv edildi. Ona görə də təkcə Abşeronda yox, bütün ölkədə su çatışmazlığı hiss olunur. 

Su çatışmazlığı xəbərdarlığı 

Bu günlərdə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı maraqlı məlumatı dərc olunub. Məlumatda deyilir ki, 2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında 18-ci yerdə qərarlaşacaq. 2025-ci ilədək isə Azərbaycanın adambaşına ən aşağı təminatlı su ehtiyatlarına malik 13 ölkə arasında qərarlaşacağı proqnoz edilir.

Hesabatda, Azərbaycanda su təminatı və kanalizasiya sisteminin köhnəlmiş, səmərəsiz vəziyyətdə olduğu qeyd olunub. Həmçinin, ölkədə su paylayıcı sistemlərin köhnə olması ilə əlaqədar, təxminən 50 faizədək su son təyinat nöqtəsində itir. Bundan başqa, çirkab suların təmizlənməsində dairəvi təsərrüfat fəaliyyəti üçün böyük potensialın olduğu vurğulanıb. Qeyd olunub ki, səmərəliliyi artırmaq üçün təmizlənmiş tullantı sularından kənd təsərrüfatı, enerji istehsalı, müxtəlif sənaye fəaliyyətlərində istifadə etmək olar.

Bəli söhbət “texniki su”dan gedir. Çox təəssüf ki, bir zamanlar mövcud olan “texniki su” sistemini bərpa etmək sadəcə mümkünsüzdür. Çünki infrastruktur tamamilə dəyişib. Bakı artıq “sənaye şəhəri” statusunu itirməkdədir. Sənaye parkları və Sənaye məhəllələri isə paytaxtdan xeyli kənarda yerləşir.

Bəs, onda nə etməli?

Problemlə bağlı fikirlərini Bizim.Media ilə bölüşən ekoloq Ənvər Əliyev bildirib ki, ilk növbədə özümüzdə su mədəniyyətini formalaşdırmalıyıq:

“İsveç dünyanın ən çox su ehtiyatı olan ölkələrdən biridir. Ona görə də bu ölkədə su pulsuzdur. Amma İsveçin ən ucqar qəsəbə və əyalətində belə su xəttinin partlamasını, küçəyə axmasını görmək mümkün deyil. "Moyka"lar belə sudan çox qənaətlə istifadə edir. 

Amma ölkəmizdəki mənzərəyə baxanda adamın ürəyi parçalanır. Mərkəzi küçələrdə belə suyun boş-boşuna axıb getdiyinə şahidlik edirik. Ona görə də su mədəniyyətimizi formalaşdırmalıyıq. Sözdə yox, əməldə sübut etməliyik ki, “su həyatdır”. Bunu edə bilməsək bizi çox çətin vəziyyət gözləyir”.

Ekoloq məsələnin texniki tərəfinə də toxunub:

“Ölkə üzrə su ötürücülərin çox böyük hissəsi açıqdır. Ən pisi də odur ki, su ötürücü kanalların çoxu torpaqdandır. Torpaq kanallarında da su itkisi çox olur. Ölkəmizdə 32-35 milyard kubmetr su cəmləşir ki, bunun da çox hissəsi suvarmaya və məişətə gedir. Abşeron yarımadasına gələn su xətlərinin çoxu da istismar müddətini başa vurub. Bu da su itkisinə əlavə şərait yaradır. Bütün hallarda vəziyyət ciddidir. Yaxın gələcəkdə su böhranı yaşamamaq üçün gecikmədən müvafiq tədbirlər görülməlidir. Əks təqdirdə faciə qaçılmaz olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO