Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə son çıxışında, işğaldan azad edilmiş kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının veriləcəyi ilə bağlı məlumat verib.
Pay torpaqlarının verilməsi hansı əhəmiyyətə malikdir?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, hər bir vətəndaşın yaşadığı ərazidə torpaq sahəsi və mülkiyyətlə təmin olunması, onun konstitusion hüququdur:
“Təbii ki, azad olunmuş bölgələrdə yerləşən əhaliyə həm həyətyanı sahələr, həm də pay torpaqları veriləcək. Eyni zamanda, dövlət və bələdiyyə torpaqları müəyyən olunacaq”.
Bu məsələnin digər qanunvericilik aktlarında da açıq şəkildə əks olunduğunu söyləyən komitə sədri, hazırda ölkədə torpaq islahatlarının davam etdiyini vurğulayıb:
“İşğaldan azad edilmiş ərazilərdə yerləşdirilən əhalinin də pay torpaq və həyatyanı sahə almaq imkanları təmin olunacaq. Hazırda insanlar öz doğma yurdlarına qayıdır və dövlət başçısının qayğısı nəticəsində onlara yeni evlər verilir və onların da həyətyanı torpaq sahəsi var.
Köçən əhalinin çoxu artıq öz həyətlərində bəzi məhsulları yetişdirməyə başlayıblar. Tam məskunlaşmadan sonra isə bütün məsələlər qanunvericiliyə uyğun şəkildə tənzimlənəcək. Belə ki, ərazilərin kadastrı çıxarılacaq, planları hazırlanacaq, insanlara hardan pay verilməlidir, hamısı qanunla həll olunacaq”.
Pay torpaqlarının verilməsi hansı qaydalarla həyata keçiriləcək?
Sualımızı cavablandıran deputat bildirib ki, ölkəmizdə keçmiş sovetlər dövründə məskunlaşma, yerləşmə və kəndlərin salınması qaydalara uyğun olmayıb:
“Bu da indi müəyyən problemlər yaradır. Elə kəndlər olub ki, 20 ailə yaşayıb. Yaxud da 5-6 ailə birlikdə dağətəyi yerlərin birində yerləşib, kiçik oba yaradıb və öz mal-qaralarını saxlayıb. Bir müddət sonra isə daha 10-15 ailə orda yerləşib və birlikdə bir kənd yaradıblar. Onlar da rayon mərkəzindən 30-40 km aralı olub. Kəlbəcərdə 130-dan çox kənd var. Bunların hamısını yenidən qurmaq, yol, işıq və qaz çəkmək lazımdır.
Üstəlik, hamısında da məktəb, xəstəxana və digər sosial infrastrukturlar qurulmalıdır ki, bu da çox çətin məsələdir. Artıq bu ərazilər üçün yeni şəhərsalma planları tətbiq olunur.
Buna əsasən də kiçik kəndlər birləşdirilməlidir ki, bütün infrastrukturların quraşdırılması və sosial xidmətlərin göstərilməsi rahat olsun. Plan uyğun olaraq, bütün sahələr ölçülüb-biçiləcək, sonra isə məskunlaşan əhalinin sayına uyğun olaraq, pay torpaqları veriləcək”.
Bölgədə əvvəllər yaşamış insanların hamısının siyahısının olduğunu deyən deputat, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında torpaq islahatlarının aparıldığını xatırladıb:
“Uğur nəticələr də əldə edildi və bunun sayəsində sahibkarlar uğurlu fəaliyyət göstərirlər. Həmin ərazilərdə də aqrar sektorun inkişafı üçün həmin islahatın davamı olmalı və yeni standartlar tətbiq edilməlidir.
Bu gün xırda təsərrüfatlar özünü doğrultmur və su, texnika kimi xeyli problemlər yaşayırlar. Bu baxımdan da əhaliyə pay torpaqları verilərkən belə problemlər də nəzərə alınmalıdır. Yəni, kəndlərdə ailə birlikləri və təsərrüfatları yaradılmalıdır”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 28.11.2023
Qarabağa qayıdan əhaliyə pay torpaqları NECƏ VERİLƏCƏK? – Komitə sədrindən AÇIQLAMA
Hazırda oxunan: Qarabağa qayıdan əhaliyə pay torpaqları NECƏ VERİLƏCƏK? – Komitə sədrindən AÇIQLAMA
Hazırda oxunan: Qarabağa qayıdan əhaliyə pay torpaqları NECƏ VERİLƏCƏK? – Komitə sədrindən AÇIQLAMA
166531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.