“Quran oxumağa çəkinirəm. Özümü nəinki ona layiq bilmək, hətta əlimə alıb oxumaq üçün çirkli hesab edirəm. Mənim üçün Quran, din o qədər önəmlidir ki... Bəlkə yanlış düşüncədəyəm, amma bu, belədir”.
Aktrisa Pərvin Abıyevanın sosial şəbəkə hesabında açdığı son canlı yayımlardan birində dinlə bağlı dediyi bu fikirlər müzakirələrə səbəb oldu.
O Quran və dini qaydalar haqqında çox ehtiyatla danışıb:
“Bəzən içki içirəm, axmaq hərəkət edə bilərəm, əlim istər-istəməz kirlənir. Əgər Quran oxuyursansa, namaz da qılmalısan. İçki içməməlisən. Necə, Quranı oxuyum, sonra açıq geyinim, kluba gedim, çimərlik geyimi ilə dənizə yollanım. Düşünürəm ki, Quran oxuyanda başqa olmalısan.
Başımı bağlayım, Quran oxuyum, sonra gedib başqa şey edim... Adam tanıyıram ki, Quran oxuyur, gedib içki də içir, namaz da qılmır. Mən o vaxt oxuyacağam ki, bütün qaydalara əməl edə bilim. Dediklərim, bir az da indiki saxta hacılara aiddir. Həccə gedib, başqası ilə gəzir, arvadı evdə gözünün yaşını tökür. Özü isə restoranda qoluna taxıb müğənniləri... Elə olur ki, iki sevgilisini bir stolda əyləşdirir. Gözümlə şahidi olmuşam. Hacıdır, iki müğənni sevgilisidir”. Məsələyə ilahiyyatçı Turan İrfanın fikirlərini öyrəndik.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Pərvin Abıyeva əslində düz deyir:
“Görünür səmimi adamdır. Başqası olsaydı, yalandan deyəcəkdi “gecələr qalxıb namaz qılıram, Məşhədə 5 dəfə getmişəm, 18 adamı da Həccə göndərmişəm və s.”
Yəni, adamın bir mövqeyi var.
Haçansa özünü hazır hesab etsə, ola bilsin ibadət də etsin.Yəni dünya malı üçün, yaxud reklam üçün ibadət edib ziyarətə getməkdənsə elə Pərvin xanım kimi etmək yaxşıdır. Çünki din riyakarlığı, göstərişi sevmir. Göstəriş üçün edənlər bir vaxt ifşa olurlar. Peyğəmbər bir hədisində buyurur ki, "bir çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur."
Quran oxuyub ev yıxmaqdansa, oğurluq etməkdənsə, insanlara ziyan vurmaqdansa, oxumayıb düz olmaq, halal yaşamaq daha yaxşıdır. Çünki elə Quranın dediyi və tələb etdiyi də məhz düzlükdür”. İlahiyyatçı təəssüflə qeyd edib ki, bəziləri şan-şöhrət üçün, yaxud pulları çox olduğundan gəzmək üçün Həcc ziyarətinə gedib, özlərinə titul taxdılar və sonra da xoşagəlməz işlər görüb o adı ləkələdilər:
“Əvvələr "hacı" deyəndə rəhmətlik xeyriyyəçi Hacı Zeynəlabidin Tağıyev yada düşərdi, indi isə "hacı" deyəndə müğənni saxlayan oliqarxlar yada düşür. Onu da demək lazımdır ki, dində "hacı, kərbəlayi, məşədi..." kimi rütbə və ya titullar yoxdur. Bunu həmin ziyarət əsnasında insanlar adlarını bilmədikləri ziyarət yoldaşlarına xitab edəndə deyirlər.
Məsələn, "Hacı, zəhmət olmasa mənə yol verin", "Məşhədi, siz də Bakıdan gəlmisiniz?" Ancaq ziyarətdən döndükdən sonra bu kimi təbirlər dinimizdə yoxdur. Ona qalsa ilk "hacı" Həzrət Peyğəmbərimiz özü olub. Yaxud İmamlar olub. Hardasa eşitmisiniz ki, yazsınlar yaxud desinlər "Hacı Məhəmməd əleyhissəlam?" ya da "Hacı İmam Əli əleyhissəlam?" Bunu görə bilməzsiniz.
Deməli, belə nümunə tarixdə yoxdur.
Həccə gedib gələn adam gərək bütün davranışlarına diqqət etsin. Çünki Həcc kiçik Qiyamət hesab olunur. İnsanların yaradanı ilə sanki görüşməsi timsalındadır. Həccə gedib, hələ o adı da üzərinə götürüb aşkarda günah işləri reklam etmək yalnız dini hörmətdən salmaqdır. Din arvadbazlıq, eşqbazlıq vasitəsi deyil. Din əxlaqdır, mənəviyyatdır.
Adam həm namaz qılıb, Quran oxuyub, həm də pis işlərlə məşğul olursa, günahını reklam edirsə o mömin yox, münafiqdir. Yəni, ikiüzlüdür. Adamın yolu bir olar. Ya o tərəfə keç, ya bu tərəfə. Quranı oxumaqdan çox, əməl etmək lazımdır. Bəlkə adam elə bir xeyirxah iş görür ki, hər gün oturub Quran oxumaqdan daha çox savab qazanır. Yəni din təkcə namaz qılıb, Quran oxumaqdan ibarət deyil”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:00 / 12.11.2023
İlahiyyatçıdan Pərvin Abıyevaya DƏSTƏK – “Reklam üçün ibadət etməkdənsə...”
Hazırda oxunan: İlahiyyatçıdan Pərvin Abıyevaya DƏSTƏK – “Reklam üçün ibadət etməkdənsə...”
Hazırda oxunan: İlahiyyatçıdan Pərvin Abıyevaya DƏSTƏK – “Reklam üçün ibadət etməkdənsə...”
164046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.