Göyçayda 2-ci Qarabağ müharibəsində Zəfər günü şəhid olan Aslan Əliyevin anım günü keçirilib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Hacalıkənd kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əliyev Aslan Elman oğlunun anım mərasimi təşkil olunub.
Mərasimdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Aslan Əliyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Əliyev Aslan Elman oğlu 2001-ci ildə Göyçay rayonunun Hacalıkənd kəndində anadan olub. O, 2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılıb. 08 noyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bizim.Media, Aran bürosu