Müğənni Nura Suri bu günlərdə qonaq olduğu “Qapqara” verilişində sensasion sayıla biləcək fikirlər səsləndirib:
“Elə insanlar var ki, eyni anda 2-3 nəfəri sevə bilirlər. Bu o demək deyil ki, o insan sənə xəyanət edir. Bu sadəcə həqiqətdir. İndi bu fikirlərimə görə məni söyəcəklər. Amma nə qədər istəyirsiniz söyün, heç vecimə də deyil”.
MÖVZU İLƏ BAĞLI:
“Kişi xanımına 3 minlik telefonu almırsa, qadın boşanmalıdır” deyən psixoloqdan daha bir QALMAQALLI AÇIQLAMA
İfaçının bu fikirləri birmənalı qarşılanmayıb. Bir çoxları Nura Surini yanlış fikirlərinə görə qınayıb.
Mövzu ilə bağlı tanınmış psixoloq Ülviyyə Murtuzovanın mövqeyini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, sevgiyə hər kəsin fərdi baxışı var:
“Bu daha çox fərdlərin şəxsi xüsusiyyətlərinə bağlıdır. Məsələn, mən sevgini bir cür anlayıram, qarşı tərəfdəki isə başqa cür onu təsəvvür edə bilər. Bəzi insanlar var ki, eyni anda 2-3 insanla sevgisini paylaşa bilirlər. Həmin fərdə “bu üçlükdən hansı birisini daha çox sevirsən?” sualını verəndə cavab tapmaqda çətinlik çəkir. Onlar arasında fərqi müəyyənləşdirə bilmir”.
Bəs, bu cür düşünmə sağlam yanaşmadırmı?
“Əsla! Həqiqi sevginin bir ünvanı olur. Sevgi birdən gəlir, amma tez keçib getmir. Bir sevginin ömrü bəzən bir insan ömründən uzun olur. Yəni insan ölüb gedir, lakin onun sevgi dastanı yaxınları, tanıdıqları tərəfindən uzun illər danışılır, xatırlanır. Sevginin ən qısa ömrü isə aylarla, illərlə ölçülür”.
Ülviyyə Murtuzova qeyd etdi ki, bəzi insanlar eşqlə sevgini qarışdırır: “Qadın əks cinsdən olan bir neçə kişinin hallarına, xüsusiyyətlərinə heyran qala, aşiq ola bilər. Bəzən belə bir ifadə eşidirik:
“Ölürəm sənin bu xasiyyətindən ötrü”
Bu sevgi deyil. Bu heyranlıqdır, aşiqlikdir. Ola bilsin ki, Nura xanım bu anlamda eyni vaxtda 3 adama aşiq ola biləcəyini söyləyib. Bir adamın danışığına və xarizmasına, başqa birinin davranışına, digər birininsə uğurlu karyerasına vurulmaq, aşiq olmaq olar.
Amma burda bağlılıq və simpatiya da var. Hətta ehtirasların oyanışı da ola bilər. Lakin sevgi ali və ülvi bir hisdir. Sevgi yuxarıda sadaladığımız bu toplumların zirvəsində dayanan bir hisdir. Nə xoş o adamın halına ki, sevir, sevdiyinə qovuşur və sevdiyi insanla birgə qocalır. Bu hər kəsə nəsib olmayan bir xoşbəxtlikdir. Ümumiyyətlə, insan sevgi fantaziyalarının ancaq bir adam üzərində tətbiq etməyə müəssər olur”.
Surxay Atakişiyev, Bizim.Media