Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı yeniyetmənin durumu stabil olaraq qalır. Ağır xəsarətlər alan 2010-cu il təvəllüdlü Aslan Zaur oğlu Əliyev bir həftədən çoxdur ki, “Baku Medical Plaza”nın reanimasiya şöbəsində müalicə alır.
Səhhəti ilə bağlı Bizim.Media-ya danışan bibisi Qərənfil Əliyevanın sözlərinə görə yeniyetmə bundan sonra iki dəfə də əməliyyat olunmalıdır.
MÖVZU İLƏ BAĞLI:
Elektrik cərəyanı vuran məktəblinin səhhəti ilə bağlı YENİ XƏBƏR – Atasından AÇIQLAMA
Amma bunun üçün əvvəlcə yaraları sağalmalı və bağlanmalıdır:
“Hələki həkim gözləməyimizi məsləhət bilir. Ağlı başındadır, danışır, amma arada yaddaşı pozulur. Bir bacısı var, onunla salamlaşanda deyir mənim bacım yoxdur, qardaşım var. Halbuki qardaşı yoxdur. Bəzən anasını tanımır. Ya “çölə çıxın, yorulmuşam, yatmaq istəyirəm” deyir. İcbari Tibbi Sığorta Agentliyi sağ olsun, bütün xərcləri boynuna götürüb.
Amma bir problem yaranıb.
Agentlik xərcləri boynuna götürdüyü və uşağa dəstək məqsədilə açdığımız bütün kart hesablarını yığışdırdığımız halda yenə onun adına saxtakarlıq edənlər var. İsmayıllıdan bir nəfər bizim uşağın fotosu ilə Kapital Bank kartını paylaşaraq pul yığır. Bununla bağlı artıq polisə müraciət etmişik. İctimaiyyətin də xəbəri olsun ki, dövlət bütün xərcləri qarşılayır və biz pul yığmırıq”.
Qərənfil Əliyeva qeyd edib ki, hazırda uşağın sidik kisəsi ilə bağlı problem yaranıb. Hansı ki, həkim səhlənkarlığı nəticəsində bu, baş verib:
“Uşağın sidik kisəsini 5 saylı şəhər xəstəxanasında zədələyiblər. Həmin həkimlə bağlı da şikayət etmişəm. Ümid edirəm, ciddi səhvlə bağlı ölçü götürülər. Bu azmış kimi hadisədə birbaşa təqsirkar olan “Azərişıq” da məsuliyyətdən boyun qaçırır. Hasar transformatordan ən azı 5-6 metr uzaq olmalı olduğu halda, bu hasar transformatorun dibindədir, heç yarım metr belə məsafə yoxdur. Uşaq o hasarın üzərində yeriyərkən onu “tok” vurub.
Bu da onların səhvidir.
Əsas gətirilər ki, yerli bələdiyyə o torpağı satıb deyə 6 metr boş yer saxlamayıb və transformatorun əhatəsi məhdudlaşıb. Yalandan açıqlama verirlər ki, guya uşağın əlində dəmir olub və hasarın hündürlüyü 6 metrdir. Əgər uşaq 6 metr hündürlüyündəki hasara çıxıbsa, deməli əlində də 7 metrlik dəmir olmalıdır ki, elektrik naqilinə dəysin.
O boyda dəmiri uşaq hardan aldı?
Birincisi, hasarın hündürlüyü heç metr yarım deyil. Çox olsa 2 metrdir. İkincisi isə transformatorla hasarın məsafəsi çox yaxındır. Bu məsələlərə açıqlama gətirmirlər, günahı uşağın boynuna atırlar”, - deyə bibi şikayətlənib.
Qeyd edək ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub.
Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media