Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Türkiyə Respublikasının Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Tikinti İşləri üzrə Baş İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, görüşdə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Tikinti işləri üzrə Baş İdarəsinin rəhbərinin müavini İsmayil Tuna Cebecioğlu və hər iki qurumun mütəxəssisləri iştirak edib.
Ötən il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol”un icrası planına uyğun olaraq həyata keçirilən görüş zamanı Türkiyənin tikintiyə nəzarət və sınaq-yoxlama işləri sahəsində uğurla tətbiq olunan Elektron Beton İzləmə Sistemi (EBİS), onun təyinatı, iş prinsipi, komponentləri ilə bağlı təqdimatlar edilib, sistemin özəllikləri və sınaq laboratoriyalarında tətbiq edilmə şərtləri barədə məlumat verilib.
Həmçinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun sınaq laboratoriyaları tərəfindən betonun müxtəlif xassələrinin təyin edilməsi istiqamətində həyata keçirilən işlər, EBİS sisteminin yerli şəraitlərə uyğunlaşdırılması imkanları, inşaat materiallarından nümunələrin götürülməsi və sınaq prosedurları barədə söz açılıb, sistemin yerli laboratoriyalarda təşkili ilə bağlı texniki məsələlərə toxunulub. Bununla əlaqədar praktiki çalışmaların aparılmasına dair razılıq əldə olunub.
Bundan başqa, iki gün davam edəcək səfər çərçivəsində Türkiyə və Azərbaycan mütəxəssislərinin iştirakı ilə təbii fəlakətlərin miqyası və nəticələrinin qiymətləndirilməsi, qiymətləndirmə və hesablama metodikasının hazırlanması, zərər dəymiş binaların gücləndirilməsi və bununla əlaqəli mövzular üzrə təqdimatlar ediləcək, fikir mübadiləsi aparılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:52 / 31.10.2023
Türkiyənin tikinti qurumunun əməkdaşları FHN-də olub
Hazırda oxunan: Türkiyənin tikinti qurumunun əməkdaşları FHN-də olub
Hazırda oxunan: Türkiyənin tikinti qurumunun əməkdaşları FHN-də olub
162216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.