Mingəçevirdəki yeni elektrik stansiyasının istifadəyə veriləcəyi tarix AÇIQLANDI 

Mingəçevirdəki yeni elektrik stansiyasının istifadəyə veriləcəyi tarix AÇIQLANDI 

Hazırda oxunan: Mingəçevirdəki yeni elektrik stansiyasının istifadəyə veriləcəyi tarix AÇIQLANDI 

160583

Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1 280 meqavatlıq yeni elektrik stansiyasının tikintisi sürətlə davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəhbəri Teymur Abdullayev jurnalistlərə açıqlamasında deyib. 

"Bu ilin fevral ayında təməli qoyulan elektrik stansiyasında tikinti işlərini Azərbaycanın ixtisaslaşmış yerli şirkətləri həyata keçirir. Stansiyanın tikintisinə isə İtalyanın və İspaniyanın layihələndirmə şirkətləri nəzarət edir. 
Artıq İtaliyanın "Ansaldo Energia" şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndərilib və sabah Bakı limana çatacaq. Bu günə kimi 4 ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri görülərək yekunlaşdırılıb, qaz kompressor binası, Rəqəmsal İdarəetmə Mərkəzinin binası, Nəqliyyat Sahəsi və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal konstruksiya işlərinin böyük hissəsi görülüb", - T. Abdullayev qeyd edib. 

Onun sözlərinə görə, soyutma su sistemlərinin dövran nasoslarının, o cümlədən soyutma borularının yenilənməsi, 500 və 330 kilovoltluq yarımstansiyaların genişləndirilməsi işləri sürətlə aparılır:

"Əraziyə gələn körpü genişləndirilərək yenidən qurulur. Paralel olaraq ümumi effektivliyi artırmaq üçün Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci enerji bloklarının buxar turbinlərinin zəmanətli əsaslarla modernləşdirilməsi işləri həyata keçirilir. Yüz tondan artıq çəkisi olan turbin, generator və başqa avadanlıqların çıxardılaraq əsaslı təmir olunması və yeni tikilən elektrik stansiyasına inteqrasiya edilməsi üçün işlər yekunlaşıb və hazırda köməkçi avadanlıqların yenisi ilə əvəz edilməsi işləri aparılır". 

Teymur Abdullayev vurğulayıb ki, stansiya 2024-cü ilin sonunda istifadəyə veriləcək. 
 
Qeyd edək ki, 1280 meqavatlıq yeni elektrik stansiyası və “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci bloklarının əlaqələndirməsi nəticəsində ümumi güc 1 880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18 % artırılaraq 56 %-ə çatdırılacaq.

Daha dəqiqi 1 280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyion kubmetr qaza qənaət olunacaq 

T. Abdullayev əlavə edib ki, yeni stansiyanın tikilməsi, əlavə generasiya güclərinin yaradılması, enerjiyə artan tələbatın qarşılanması, ixrac imkanlarının artırılması, bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO