Allahşükür Paşazadə Təzəpir məscidini inşa etdirmiş xeyriyyəçinin nəvəsi ilə görüşdü

Allahşükür Paşazadə Təzəpir məscidini inşa etdirmiş xeyriyyəçinin nəvəsi ilə görüşdü

Hazırda oxunan: Allahşükür Paşazadə Təzəpir məscidini inşa etdirmiş xeyriyyəçinin nəvəsi ilə görüşdü

157426

Sentyabrın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini inşa etdirmiş Nabatxanım Aşurbəylinin nəvəsi, Azərbaycanda səfərdə olan tanınmış soydaşımız - iş adamı, ictimai xadim, texnika elmləri doktoru İqor Rauf oğlu Aşurbəyli ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, görüşdə Nabatxanım Aşurbəylinin tikdirdiyi Təzəpir məscidinin tarixi əhəmiyyətindən, Azərbaycan, Qafqaz müsəlmanlarının həyatında böyük rolundan ətraflı danışılıb.

Öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş N. Aşurbəylinin xatirəsi ehtiramla anılıb, ruhu dualarla yad edilib.
Şeyxülislam A.Paşazadə Aşurbəylilər nəslinin tarixində böyük rolunu rəğbətlə vurğulayıb, bu nəslin tanınmış nümayəndələrinin dəyərli fəaliyyətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqı və dövləti bu məşhur nəslin nümayəndələri, onların milli-mənəvi dəyərlərə töhfələri ilə fəxr edir.

İ.Aşurbəyli, öz növbəsində, Şeyxülislam Allahşükür Paşazadəyə zaman ayırıb onunla görüşdüyünə görə təşəkkürlərini bildirib.

İ.Aşurbəyli Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən hər bir azərbaycanlı kimi fəxarət duyduğunu bildirib.

Daha sonra mənsub olduğu Aşurbəylilər nəslinin tarixçəsindən danışan İ.Aşurbəyli bildirib ki, nəsil şəcərəsinə aid şəxslərin Azərbaycan xalqına xidmət edən əməlləri ilə qürur duyur. Bu əsnada, İ. Aşurbəyli Şeyxülislam A.Paşazadəyə Aşurbəylilərin embleminin təsvir olunduğu xatirə medalını təqdim edib. O, QMİ sədrini yaxın günlərdə Aşurbəyli şəcərəsinin 280 illiyi münasibətilə keçirəcəkləri tədbirə dəvət edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO