Millət vəkili Qənirə Paşayeva artıq üçüncü gündür ki, süni nəfəs aparatına qoşulub. Həkimlərsə ümidsiz danışır. Qənirə xanımın durumunun ağırlaşmasının əsas səbəbi isə keçirdiyi mədəkiçiltmə əməliyyatı ilə bağlıdır.
Deputatın səhhətindəki problem isə mədəkiçiltmə əməliyyatlarının yaratdığı riskləri yenidən gündəmə gətirib.
Qeyd edək ki, son illər ölkəmizdə mədəkiçiltmə əməliyyatı dəb halını alıb. Xüsusən, qadınlar kökəlməkdən və artıq çəkidən qurtulmaq üçün tərəddüd etmədən cərrah bıçağı altına girir. Halbuki, istənilən əməliyyatı insan orqanizmində müəyyən təlatümlər yaradır. Bəzi insanların orqanları çox həssas olduğu üçün bədənə yeridilən yad cismləri qəbul etmir. Bu zamansa çox ciddi fəsadlar ortaya çıxır.
Mütəxəssislər hesab edir ki, mədəkiçiltmə əməliyyatı qadınlarda hamiləlik dövründə risklər yaradır, öd daşının əmələ gəlməsinə və bağırsaqların obstruksiyasına səbəb olur. Nəzərə alınmalıdır ki, arıqlama əməliyyatı o qədər də asan prosedur deyil.
Bariatrik cərrahiyyədə çox nadir olsa da, ciddi fəsadlardan sonra ölüm riski də qaçılmazdır. Belə ki, hamiləlikdə şəkərli diabeti yoxlamaq üçün istifadə edilən qlükoza tolerantlıq testi mədəkiçiltmə əməliyyatından sonra yaxşı tolere edilmir, çünki dempinq sindromu yaradır.
Belə halların qarşısını almaq üçün test zamanı çox istifadə edilən qlükoza siropunu içmək məsləhət görülmür.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bildirib ki, təkcə mədəkiçiltmə ilə bağlı yox, digər bu kimi əməliyyatlarla bağlı statistika açıqlanmadığı üçün bunun birmənalı şəkildə ziyanlı olması bardə fikir bildirmək çətindir:
MÖVZU İLƏ BAĞLI:
Mədəkiçiltmə əməliyyatından sonra ortaya çıxan QORXUNC FƏSADLAR
“Ümumiyyətlə, mədəkiçiltmə əməliyyatının ziyanları barədə rəsmi mövqe yoxdur. Ona görə də bu əməliyyatın ziyanı barədə qəti fikir demək çətindir. Amma müəyyən fikir söyləmək olar. Mədəkiçiltmə əməliyyatında mürəkkəb bir proses yoxdur. Mədəkiçiltmə əməliyyatı odur ki, mədəyə dairəvi bir yumşaq maddə qoyurlar. Bu da insan çox qida qəbul etməyə imkan vermir, insan tez doyduğunu düşünür.
Əslində mədənin divarında olan reseptorlar yemək yox, hava ilə dolanda da beyinə siqnalı ötürür. Yəni doyma hissi yaradır. Xəstə də elə bilirki doyub. Həmin şar deyilən cihazı mədəyə yerləşdirəndə görünür ki, qidanı yeyən zaman mədənin digər hissəsində də doyma effekti yaradır.
Beləcə, insanda tez zamanda doyma hissi yaranır və qidanı qəbul etmək istəmir. Nəticədə gün ərzində qəbul etdiyi qidanın miqdarı azalır. Azaldığına görə də xəstələrdə arıqlama prosesi gedir. İnsan özünün dieta saxlaması bu boyda prosesə getməsindən daha təhlükəsizdir”.
Surxay Atakişiyev, Bizim.Media