“Xınalıq kəndi və Köç yolu” UNESCO-nun İrs Siyahısına SALINDI - FOTO 

“Xınalıq kəndi və Köç yolu” UNESCO-nun İrs Siyahısına SALINDI - FOTO 

Hazırda oxunan: “Xınalıq kəndi və Köç yolu” UNESCO-nun İrs Siyahısına SALINDI - FOTO 

155744

“Xınalıq kəndi və Köç yolu” UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb. 

Bu barədə UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar verilib. 

Dövlət Turizm Agentliyindən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, Agentlik tərəfindən hazırlanan nominasiyaya əsasən Ümumdünya İrs Ərazisi Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir. 

UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. Əks etdirdiyi ümumbəşəri dəyərlər nəzərə alınmaqla, unikallığı ilə seçilən bu zəngin irs “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya sənədi 2021-ci ildə Ümumdünya İrs Komitəsinə təqdim edilib. 
Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İrs Ərazisi 6 inzibati rayonun ərazisindən keçən ümumilikdə 44829,41 hektar (45 min hektara yaxın) İrs Ərazisindən və müvafiq olaraq 109392,78 hektar (109 min hektardan çox) Bufer Zonadan ibarət olan böyük bir mədəni landşaftı əhatə edir. 

Dünya İrs siyahısına salınmış ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, müqəddəs yerlər, pirlər, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri var. 

İlk dəfə olaraq tamamilə milli ekspertlər tərəfindən hazırlanan “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya Dünya İrsinin 3-cü (iii) və 5-ci (v) meyarları ilə qeydə alınıb. 3-cü meyar Xınalıq icmasının tarixən köçəri heyvandarlıqla məşğul olduğu vertikal köçəri mədəniyyətinin, 5-ci meyar isə insan-təbiət əlaqələrinin tarazlığı, çətin iqlim şəraitində eko-sosial münasibətlər sisteminin inkişafı və təbiət resurslarından dayanıqlı istifadənin müstəsna nümunəsi kimi təqdim olunub. 

Qeyd edək ki, Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada məsuliyyətli turizmin inkişaf etdirilməsi məqsədilə 4 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. 

Beləliklə, “Xınalıq və Köç yolu” Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən dördüncü mədəni irs ərazisi oldu.

Bundan əvvəl Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi də Ümumdünya İrs siyahısına daxil edilib. 

Qeyd edək ki, bir gün öncə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Hirkan meşələri Azərbaycanın ilk təbiət irsi ərazisi olaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 
Xatırladaq ki, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu ölkə prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə yaradılıb. Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqda mədəniyyət və turizm əhəmiyyətli tarixi, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir. 












Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO