Şahdağ Milli Parkı ölkəmizin Şimalı ilə Şimal-Qərbini birləşdirməklə yanaşı, həm də Böyük Qafqaz dağlarının əksər hissəsini əhatə edir. 130 min 500 hektar ərazini əhatə edən bu möhtəşəm, əsrarəngiz gözəlliyin son nöqtəsi Oğuz rayonunda Baş Daşağıl kəndində tamamlanır.
Bizim.Media-nın yerli bürosunun əməkdaşı tutizm potensialı böyük olan Milli Parkın son nöqtəsində olub. Milli Parkın işçiləri ilə görüşərək ərazinin relyefi, bitki və heyvanat aləmi, şəlalələri haqda məlumat öyrənib.
Məlumat üçün bildirək ki, Şahdağ Milli Parkı 2006-cı ildən fəaliyyət göstərir. Ərazisinə Quba, Qusar, Şamaxı, İsmayıllı və Oğuz rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları həmçinin həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar daxildir. Milli Parkın Böyük Qafqazın cənub yamaclarında son nöqtəsi Oğuzun Baş Daşağıl kəndinin ərazisi hesab olunur.
Qeyd edək ki, Şahdağ Milli parkının Oğuz bölməsi ümumilikdə 15 min hektar ərazini əhatə edir. Burada turizm marşrutu fəaliyyət göstəri ki, hər bir vətəndaş 2 manat ödəməklə bu gözəlliklərin canlı şahidi ola bilər. Yerli və xarici turistlər həmçinin marşrut üzərində yerləşən Uğan mağarası, Muxas qülləsini, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən şəlaləni seyr etmək imkanı yaradılır.
Baş Daşağıl körpüsündən açılan mənzərə...
Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər, eləcə də transsərhəd köçəri heyvanlar da daxil olmaqla dağ meşələri, yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsidir. Həmçinin ərazidə fauna və flora növlərinin qorunması, artırılması qarşıya qoyulan əsas hədəflərdən biridir.
Şahdağ Milli Parkının mühafizəçisi Eldəniz Həvullayev bildirir ki, Milli Parkın ərazisi bitki və heyvanat aləmi ilə zəngindir. Burada olan bitkilərdən, ağaclardan Şəqr fısdığı, palıd, vələs, qarışıq meşələrdə ağcaqayın, lapan, qaracöhrə və sair var. Heyvanat aləminə gəldikdə Şəqri Qafqaz turu, qarapaça-ona köfkər də deyilir, başqa cüyür, qonur ayı, çöl donuzu, çaqqal, tülkü , canavar və başqa heyvanlarla zəngindir.
Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərir. Yol boyu getdikcə. hər döngə və hər tində qarşına yeni mənzərə, başqa bir seyrəngah açılır.
İlin bütün fəsillərində göz oxşayan məkan...
Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olub. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən ibarətdir. Milli Parkın ərazisində həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir.
Şahdağ Milli Parkının sahə müfəttişi Niyazi Kərimovu dinləyirik. O, məlumat verir ki, Daşağaıl şəlaləsi dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir. Şəlalənin suyun qaynama nöqsəindən şəlaləyə qədər olan məsafəsi 2.2 km. dir. Marşrutun kateqoriyası yüngüldür. Ona görə də ilin dörd fəslində bəzi sitisnalar olmaqla istənilən yaş həddində turistlərin gəlməsi mümkündür.
Baş Daşağıl kəndindən şəlaləyə piyada ya da istənilən minik vasitəsi ilə gəlmək olar. Bura gələn turistlərin kamp qurması, piknik etməsi üçün hər cür şərait mövcuddur
Göz bəbəyi kimi qorunan dağlar...
Qeyd edək ki, Şahdağ Milli Parkının ərazisində adları "Qırmızı Kitab"a daxil edilən məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur. 2020-ci ildə Şahdağ Milli Parkında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və WWF Azərbaycanın birgə həyata keçirdiyi unikal layihə sayəsində Qafqazda zubrların populyasiyası yenidən bərpa olunmağa başlayıb.
Təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi əraziyə böyük sayda yerli və xarici turistlərin cəlb ediləcəyinə inam yaradır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:21 / 16.09.2023
Şahdağ Milli Parkının Oğuzda yekunlaşan cənnət məkanı – FOTO/REPORTAJ
Hazırda oxunan: Şahdağ Milli Parkının Oğuzda yekunlaşan cənnət məkanı – FOTO/REPORTAJ
Hazırda oxunan: Şahdağ Milli Parkının Oğuzda yekunlaşan cənnət məkanı – FOTO/REPORTAJ
155431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.