Geridə qoyduğumuz yay aylarında Şimal-Qərb qapımız Balakəndə bir neçə dəfə təbii fəlakət yaşanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən həftə Şimal-Qərb bölgəsində xüsusən Balakən və Zaqatala rayonlarında tarixdə görünməyən təbii fəlakət yaşandı.
MÖVZU İLƏ BAĞLI:
Güclü yağış şimal-qərb bölgəsində fəsadlar TÖRƏTDİ
Dörd gün ərzində iki dəfə bu rayonların şəhər mərkəzi daxil əsasən dağətəyi kəndlərinə leysan yağışları, dolu yağıb, güclü külək şəxsi təsərrüfatlarla yanaşı infrasturuktura ciddi zərər vurub.
Qasırğa, güclük külək, leysan yağışları və dolu
Bunlar yay ayları boyunca Balakəndə insanların qarşılaşdığı təbiət hadisələri idi. Elə Kortala kənd tam orta məktəbi də belə qasırğanın nəticəsində yararsız vəziyyətə düşmüşdü. Ötən əsrin 80-ci illərində inşa edilən məktəbin dam örtüyündə işlər sürətlə davam etdirilir. Təbii fəlakətdən zərər görən Beçağar və Qazma kənd məktəblərində də təmir-bərpa işləri yekunlaşmaq üzrədir.
Kortala kənd tam orta məktəbinin direktoru Abdulməcid Məmmədov həyəcanlı və narahatdır.
Dərslərin başlanmasına günlər qalıb. Havalar da qeyri-sabit keçir, gah yağır gah da külək əsir. Lakin ustalar fədakar, zəhmətkeşdir. Onun qayğılarını başa düşürlər.
“Məlum təbii fəlakət nəticəsində məktəbə ciddi zərər dəymişdi. Hazırda təmir işləri gedir. Bir neçə günə məktəbin dam örtüyünün təmiri başa çatacaq. Bununla yanaşı məktəbin daxilinə də xeyli zərər dəyib. Və bu zərərin aradan qaldırılması üçün yəqin ki, təmir işləri aparılacaq” deyən direktor ümidvardır ki, dərs müddətində daxildə də hansısa işlər aparılacaq, binanın daxilindəki problemlər aradan qaldırılacaq.
“Qasırğa çoxmənzilli binanın damını bir anda göyə sovurdu”
Bu fikirlər isə Balakən şəhər sakini Fatma Şərifovaya məxsusdur. O, ailəsi ilə şəhərin mərkəzindəki beşmərtəbə deyilən binada yaşayır. Səhər-səhər qasırğa qarışıq leysanı müşahidə edirmiş. Bir göz qırpımında binanın damı göyə uçub və mərkəzi yola çırpılıb:
“Bizim rayonumuzda ayın 7-i bu hadisə baş verdi. Yağış yağdı, tufan qopdu. Rayonumuza çox ziyan oldu. Bizim binaya da ziyan dəydi, üstü uçdu, pis günlərə qaldıq. Yağışa baxmayaraq, iki gün ərzində üstünü təmir etdilər” -deyən yaşlı qadın zəhməti olan hər kəsə minnətdarlığını bildirir.
Fəsadlar neçə aradan qaldırılır?
Rayonun daxili imkanları hesabına şəhər ərazisində çoxmənzilli binanın damı qısa müddətdə bərpa edilib, kəndlərdə təbii fəlakətdən zərər görənlərə ilkin olaraq 1500 ədəd şifer paylanılıb.
Rayon FHK-nın üzvü Tahir Rəcəbovun sözlərinə görə, həmin gündən başlayaraq binanın dam hissəsinin tikinti-quraşdırma işlərinə start verilib:
“Qısa müddətdə yağışların istensiv yağmasına baxmayaraq rayonumuzun ustaları tərəfindən tikinti quraşdırma işləri yerinə yetirilib. Eyni zamanda Katex kəndi ərazisində 118-ə yaxın evin dam örtüyü yararsız vəziyyətə düşüb. Rayon icra hakimiyyəti və Katex bələdiyyəsi tərəfindən vətəndaşlara dam örtüyünün dəyişdirilməsi istiqamətində materiallarla maddi yardımlar göstərilib. Sel-sular yolları dağıdıb, çaylarda sel təhlükəsi artıb”.
Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından bildirildi ki, güclü leysan yağışları Yevlax-Zaqatala-Gürgüstan magistralının Mazımçay Gömrük postu ərazisində yolun 4 km-lik hissəsini, Gərəkli kəndində isə 5-km-lik hissəni zədələyib:
“Yol istismar idarəsinin əməkdaşları həmin hissələri bərpa edərək nəqliyyatın hərəkətini təmin edib. Bununla yanaşı leysan yağışları dağ çaylarında suyun səviyyəsini artırmaqla bəzi yaşayış məntəqələrində sel təhlükəsi yaradıb. Hazırda suvarma sistemləri idarəsinin maşın və texnikaları çayların məcralarında təmizləmə işləri aparır. Eyni zamanda növbəlilik əsasında çaylar nəzarətdə saxlanılır”.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu