Xırdalanda özünü binadan atan yeniyetmənin müəllimi DANIŞDI – ÖZƏL  

Xırdalanda özünü binadan atan yeniyetmənin müəllimi DANIŞDI – ÖZƏL  

Hazırda oxunan: Xırdalanda özünü binadan atan yeniyetmənin müəllimi DANIŞDI – ÖZƏL  

153208

Xəbər verildiyi kimi dünən Xırdalan şəhərində daha bir yeniyetmə qız intihar edib. Özünü binadan ataraq intihar edən yeniyetmənin Xırdalan şəhər sakini, 13 yaşlı Aydan Natiq qızı Hacıağazadə olması müəyyən edilib. O, 13-cü mərtəbədən özünü ataraq intihar edib. İntiharın baş verdiyi bina yeniyetmənin yaşadığı bina olmayıb. Aydan Hacıağazadənin atası da 2 il öncə intihar edib. 

Hadisənin hansı səbəbdən baş verməsi hələki müəmma olaraq qalır. Bundan əvvəl daha iki intihar hadisəsinin məhz həmin ünvanda baş verməsi, üstəlik canına qıyanların yaşayış yerinin ora olmaması şübhələri daha da artırır.  

Bizim.Media-nın araşdırmasına görə ötən gün intihar edən Aydan Hacıağazadə Ənvər İbrahimov adına Qobu qəsəbə 2 nömrəli məktəbin şagirdi idi. Bu il 8-ci sinifdə oxumalı idi. Aydanın özündən başqa bir qardaşı da var.  

Məsələ ilə bağlı Aydanın sinif rəhbəri və tarix fənnini tədris edən Şövkət İbrahimova Bizim.Media-ya danışıb.

O, məktəb kollektivinin də bu hadisədən şok keçirdiyini deyib: 

“Nənəsi məlumat verib ki, Aydan saat 4-də evdən çıxıb və hazırlığa gedib. Hadisə isə 5-ə qalmış baş verib. Yəni, gedib ora çatıb və olay yaşanıb. Heç kimin ağlına gəlməzdi ki, belə bir addım atar. Heç cür ehtimal verə bilmirik ki, görən nə ola bilər? Aydan çox sakit təbiətli, münaqişəsiz və sinif yoldaşları ilə də mehriban biri idi. Oxumağı çox zəif olsa da, yaddaşı, götürümü pis deyildi. Sadəcə dərsə marağı yaranmırdı. Amma oxusaydı və üzərində işləsəydi, yaxşı ola bilərdi.  

Dərsin gedişatına mane olmazdı. İntriqasız və qalmaqalsız biri idi. Heç bir müəllimin onun davranışı və tərbiyəsi ilə bağlı narazılığı yox idi. Biz də eşidəndə şok keçirdik. Bəlkə də başqa uşaqlardan bu addımı gözləmək olardı. Amma ondan yox... Məktəbin psixoloqları müntəzəm olaraq uşaqlarla işləyir. Aydanın psixoloji problemi olsaydı, psixoloqlarımız bunu bilərdi”.   

Şövkət İbrahimovanın sözlərinə görə Aydan 9-cu sinifdən çıxıb kollecə qəbul olmaq istəyirdi. Ona görə də hazırlıq kursuna yazılmışdı: 

“Yay tətilində hazırlığa gedirdi ki, buraxılış fənnlərindən nəticə əldə edə bilsin. Ailədaxili məsələsindən xəbərim yoxdur. Bildiyim qədər atası dünyasını dəyişib. Ana var və çox da yaxşı qadındır. Övladlarının nədənsə korluq çəkməməsi üçün əziyyət çəkirdi. Aydandan başqa qardaşı var və ana onlara yaxşı baxırdı”. 

Onu da bildirək ki, Aydan Hacıağazadə intihar etməzdən əvvəl məktub yazıbmış. Hadisə yerinə gələn istintaq qrupu qızın yazdığı məktubu götürsələr də mətni açıqlanmayıb.  

Faktla bağlı araşdırmalar davam etdirilir.  

Onu da əlavə edək ki, bu, son bir həftədə Xırdalanda baş verən 3-cü intihar hadisəsidir. İntihar edənlərin hamısı yeniyetmə qızlar olub. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO