Vitamin mənbəyi olan meyvə-tərəvəz bəzən də ziyanlı ola bilir. Bu da dərmanla yetişdirilmiş meyvə və tərəvəzin düzgün formada yumadan yeyilməsi zamanı baş verir.
Hazırda meyvə-tərəvəzin mövsümü olsa da əksəriyyət necə və harda yetişməsini bilmədən qəbul edir. Bunun nəticəsidir ki, zəhərlənmələr və fərqində olmadığımız xəstəliklər günü-gündən artır.
Mütəxəssislərin araşdırmalarına görə meyvə-tərəvəzin üzərində olan pestisid və digər zərərli amillər astma, sonsuzluq, saçın gec uzanması, sızanaq, şəkərli diabet, nevroloji xəstəliklər və xərçəng riskini artırdığı sübut olunub.
Qida üzrə ekspert Asim Vəli Bizim.Media-ya açıqlamasında meyvə və tərəvəzləri yemədən əvvəl ən az 4-5 dəqiqə axan suda gözlətməyin vacib olduğunu bildirdi:
MÖVZU İLƏ BAĞLI:
Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT
“Məlumdur ki, meyvə və tərəvəzlər yetişdirilərkən bakteriya, virus, həşərat və digər zərərvericilərdən qorumaq üçün müxtəlif kimyəvi əkinçilik dərmanlarından istifadə olunur.
Həmçinin meyvə və tərəvəz market səbətimizə gələnə qədər necə gəldiyi və kimlərin toxunduğunu bilmirik.
Torpaqdan, heyvanlardan, havadan, insanlardan və bilmədiyimiz bir çox səbəbdən qaynaqlanan çirklənməyə məruz qalır. Yaxşı yuyulmamış meyvə və tərəvəzi yemək qida qaynaqlı xəstəliklərə yoluxma riskini artırır.
İspanaq, kahı, kələm və başqa tərəvəzləri yuyarkən bir müddət su içində saxlayıb, sonra bir müddət axan suda yumalıyıq. Həmçinin çürük və zədəli hissələri seçib atmalıyıq. Təmiz kağız üzərinə qoyaraq və ya süzgəcdən keçirərək suyunun tam uzaqlaşdırmalıyıq.
Bakteriyalardan qaynaqlanan qida qaynaqlı xəstəliklərin qarşısını almaq üçün meyvə və tərəvəzi nəm saxlamamalıyıq. Çünki nəm mühitdə bakteriyalar sürətlə artmağa başlayır”.
Ekspert meyvə və tərəvəzləri yuyarkən sirkədən də istifadə etməli, yaxud limon suyu ilə yumağı faydalı hesab edir:
“Armud, üzüm, alma, pomidor kimi səthi hamar olan meyvələri sirkəli suda yuyub, sonra durulayaraq yemək olar. Ancaq brokoli, gül kələm, göyərtiləri təxminən 3-də 1 nisbətində su və sirkə qarışımı bir qabda saxlamalıyıq. Sirkə göyərtinin dadına təsir edə bilər. Sirkə əvəzinə limon suyu ilə tərəvəzləri yuya bilərik. İki stəkan suya yarım stəkan limon suyu əlavə edib qarışdıraraq yumaq və durulamaq olar. Sirkə meyvə və tərəvəzlərin səthində olan mikrobioloji mühiti zərərsizləşdirir və “E-koli” (bakteriya) daxil, bütün bakteriyaları məhv edir.
Röyanə Oğuz, Bizim.Media