“İnsanları ən çox düşündürən suallardan biri odur ki, Dağlıq Qarabağa status verilməyəcəyi təqdirdə niyə Xocalıda, Xankəndində deyilik? Görünməyən məsələlər var. Sadə vətəndaşlar qələbədən ruhlanaraq hər şeyin qısa vaxtda əldə olunmasını arzulayırlar.
Bu bizim haqqımızdır. Mən də onun tərəfdarıyam ki, Azərbaycan sərhədlərinin delimitasiyası yekunlaşsın və bu ərazilərdə qanunlarımız hökm sürsün.
Amma elə məsələlər var ki, bunu dərhal əldə etmək mümkün deyil. Dövlətlərarası qırmızı xəttin harada qurtarması ilə bağlı müəyyən razılaşmalar olur. Madrid və Helsinki prinsiplərini də unutmaq olmaz. Helsinkidə sərhədlərin toxunulmazlığı məqamı var, ancaq xalqların öz müqəddəratını təyin etmək məsələsi də mövcuddur.
MÖVZU İLƏ BAĞLI:
Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldıldı - Haaqa şəhərində - FOTOLAR
Ermənilər hər zaman bu kartdan istifadə etməyə çalışırlar. Xankəndinə niyə girmədik sualından əvvəl bir məsələni qeyd edim ki, Dağlıq Qarabağda yaşayan ermənilər nə erməni, nə də azərbaycanlılardan ayrı bir xalq deyil. Onlar üçüncü bir xalq deyillər. Belə olan halda onlar nədən xilas olmaq istəyirlər?”
Bizim.Media xəbər verir ki, bu sözləri sabiq deputat, YAP üzvü Çingiz Qənizadə “Müsavat tv”nin canlı yayımında səsləndirib. Çingiz Qənizadə çıxışının davamında beynəlxalq hüquqdakı terminlərdən birinə toxunaraq deyib ki,
“İslahedici ayrılmalar termini mövcuddur. İslahedici ayrılmalar o halda baş verir ki, bir xalqı digər bir xalq müstəmləkə vəziyyətinə salıb və bu xalqın öz müqəddəratını təyin etmək hüququ var. Fransa da Əlcəzairdə müstəmləkə dövlət yaratmışdı.
Lakin Azərbaycan vətəndaşı olan etnik ermənilər normal yaşayır. Helsinki prinsipində olan islahedici ayrılmalar hüquqi termini Dağlıq Qarabağda yaşayan ermənilərə aid edilə bilməz. Həmin sənədi tərtib edənlər də bilir ki, bu mümkün deyil.
O ki qaldı niyə Xankəndinə getmirik sualına... Yenilənmiş Madrid prinsiplərində Şuşa, Hadrut, Suqovuşan, sənədlərdə Xocavənd də yox idi. Amma biz 2010-cu ildə razılaşdığımız şərtlərdən daha çoxunu 44 gündə əldə etdik.
Yenilənmiş Madrid prinsiplərində 5 rayonun qaytarılması, Laçın və Kəlbəcərin 5 ildən sonra Azərbaycana geri verilməsi nəzərdə tutulurdu. II Qarabağ savaşında 7 rayonu azad etmişik, əlavə olaraq Azərbaycan ərazisi olan digər bölgələri də geri qaytardıq. Lakin Xankəndinə girsəydik nə baş verəcəkdi?
Erməni mülki əhalisinin Xankəndindən qaçmağının qarşısını almaq üçün erməni hərbçiləri postlar qurmuşdu. Əhalini məcburən Xankəndinə qaytarırdılar. Bu plan təkcə İrəvan yox, onları dəstəkləyən digər dövlətlərin məsləhəti idi.
Müəyyən qüvvələr istəyirdi ki, Dağlıq Qarabağda əsasən mülki əhali saxlanılsın və ölüb yaralananlar da erməni dinc sakinləri olsun ki, Azərbaycan ordusu Xankəndinə girəndə ermənilərə qarşı etnik təmizləmə mənzərəsi yaransın.
Azərbaycan Prezidenti isə beynəlxalq hüquqa söykənən addımlar atdı. Cenevrə konvensiyasında (savaş ərzində mülki əhaliyə qarşı silah çəkmək olmaz) yazılanları pozmadıq. Amma Ermənistan bütün beynəlxalq sənədləri pozdu. Gəncə, Bərdə, Tərtəri vurdular və hətta Mingəçevirə, Xızıya raket atdılar.
Xankəndində Ermənistanın əli ilə Azərbaycan dövlətinə qazılmış bir quyu vardı. Onlar istəyirdilər ki, biz Xocalı və Xankəndinə girək.
Bu baş versəydi, ölkə başçısının imici etnik təmizləyici bir lider olaraq müzakirə predmetinə çevrilərdi. Həmçinin də dövlətimiz nüfuzu tənqid dolu diskussiyalar mövzusu olacaqdı. Amma indi hər şey Azərbaycanın xeyirinə işləyir”, - deyə Çingiz Qənizadə cavabını yekunlaşdırıb.
Anar Rəhimov, Bizim.Media